Midhat Aydın: “Sabahını düşünən qəhraman olmaz” – MÜSAHİBƏ
Azərbaycanın dəyərli aktyorlarından, bir-birindən seçilən obrazlara həyat verərək insanların sevgisini qazanmaqla yanaşı Vətənə olan sevgisi ilə rəğbət qazanan Midhat Aydın son zamanlar Ermənistanın Tovuzda törətdiyi təxribatla bağlı fikirlərini bizimlə bölüşdü. ONN media oxuculara müsahibəni təqdim edir.
Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə nə deyə bilərsiniz?
-1987 –ci ildə mədəniyyət işçisi olaraq İrəvanda Respublikalar arası semenarda iştirak etməli oldum və yeganə Azərbaycan nümayəndələridik ki, münasibət bizə çox pis idi. O zaman hiss etməyə başladım ki, qarşıda bizi xoşagəlməz hadisələr gözləyir. O vaxt mənə “təxribat” sözü tanış deyildi, amma artıq düz 33 ildir bu “təxribat” sözü nəinki mənim, bütün Azərbaycanın dilinə və beyninə həkk olunan dəhşətli sözə çevrilib. Təxribata nəinki sərhədlərimizdə, hətda daxilimizdə də, hər zaman hazır olmalıyıq qarşıda düşmənimizin kölgəsi, arxada doğma ölkəmiz, düşmənlə döyüşmək üçün daima döyüş ruhunda olmalıyıq. Azərbaycanın iqtisadiyyatı çoxaldıqca, genişləndikcə dünya ölkələrinin ölkəmizə marağı daha çox artır, bizim iqtisadiyyatımız düşmənin gözünü çıxarır. Mən çox istərdim ki, çoxlarına tanış olmayan söhbətlər edim, lakin nə etmək olar söhbətlər yenə ümumiləşir, danışığımda eyniləşir. Bir onu söyləyə bilərəm ki, gücə qarşı güc, təxribata qarşı döyüş. Əgər rahat yaşamaq istəyirsənsə yatma, düşmənin bizim ölkəyə qarşı hansı təxribata əl atacağını onun üzündən oxu, gözünə bax gözündən oxu, vur, vur ki, gözü qorxsun sonrası nə olursa olsun. Sabahını düşünən qəhraman olmaz.
Yaxın günlərdə bəzi Avropa ölkələrində və bir sıra şəhərlərdə həmvətənlərimizin Ordumuza verdikləri dəstək aksiyalarında ermənilər tərəfindən zorakılıqla qarşılaşırlar. Buradan xaricdə ermənilərin qarşısında Ordumuza dəstək verən həmvətənlərimizə nə söyləmək istərdiniz?
–Ermənilərdə bir-birilərinin siyasəti ilə hərəkət edirlər. Buda bir cavabdır: Parçala, höküm sür. 1979 –cu ildə Latviyada hərbi xidmətdə olanda 120 nəfər bir rotadaydıq, 20 erməni, 24 azərbaycanlı digərləri müxtəlif millətlərdən idi. Bizim çoxluğumuz onları qorxu altında saxlayırdı, bizə qarşı mehirban münasibət bəsləyirdilər. O vaxta qədər ki, bizi dörd yerə bölüb müqavimət göstərdilər. Birinci altı nəfərimizi ermənilər döyəndə, qalanları elə-belə seyr edirdi, ikinci altıncı nəfərə keçəndə isə mən söylədim ki, ay uşaqlar, növbədə sizdə ola bilərsiniz və kütləvi davaya başladıq, hər kəs qoşulmasada onları əzdik. Döyüşdən sonra birləşdik onlara yerlərini göstərməli olduq. Mən, Qarabağ müharibəsi başlayandan tez-tez bölgələrdə əsgərlərin qarşısında iştirak etmişəm. Deyir, Koroğlunun bir əlində saz, bir əlində qılınc olub. Mənim bir devizim olub, bu yolların son ucunda şəhidlikdir qismətim. Xaricdə yaşayanlarda bunu çox gözəl bilməlidirlər hansı ölkədə yaşamaqlarından aslı olmayaraq sən Türksən, Türk müdafiə olunmalı, müqavimət göstərməli, nəhayətində döyüşməlidir, heç nədən qorxmamalıdır.“Qorxan gözə çöp düşər” – deyirlər, qorxmasınlar, məndə izləyirəm və orada olsaydım şühpəsiz başda onlarla bərabər gedərdim.
Metro stansiyalarından birinə şəhid general-mayor Polad Həşimovun adının verilməsi təklifi vətandaşlarımız tərəfindən irəli sürülüb. Midhat müəllim, bu təklifi necə dəyərləndirirsiz və başqa hansı bir yerə bu adın verilməsini istərdiniz?
-Mənim fikirim budur ki, general-mayor Polad Həşimovun adının metro stansiyasına verilməsinə heç etirazım yoxdur. Çox yaxşı, niyə? Buna görə ki, xalqımız hər gün bu adı eşitmək istəyir: “Növbəti stansiya general-mayor Polad Həşimov”. Mən əsgəri xidmətdə olarkən, hərbi hissələrin adları rus qəhramanlarının adını daşıyırdı. Bizim hərbi hissələrin birinə general-mayor Polad Həşimovun adının verilməsini çox istərdim. Mənim ən böyük istəyim, ölkəmizi hər daim müstəqil görməkdir. Çox şükür bizim Ali Baş Komandanımız İlham Əliyev nəinki döyüş komandanı, ölkədə baş verən bütün hadisələrə biganə qalmayan bir şəxsiyyətdir. Mədəniyyətimizə Prezidentimizlə yanaşı, Vitse-prezident Mehirban Əliyeva yaxından iştirak edir, qayğı-sayğı ilə yanaşırlar, doğma münasibət göstərirlər.
Qarabağla bağlı ermənilərin ekranlaşdırdığı bir film Kann Film Festivalına qədər getdi, bəs biz niyə belə bir film çəkmirik?
-Sovet müharibəsində bir söz vardı, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün”. İndi mənə elə gəlir ki, bu sözü biraz özəlləşdiriblər, “Hər şey mənim üçün, mənim üçün…”, çoxu demək istəməzdim, lakin bəziləri. “Sonsuzluğa uzanmış gecə” adlı Xocalı soyqrımı haqqında filmə biraz münasibət göstərilsə bütün dünyanı gəzib erməninin iç üzünü açar. Vətənini sevən, vətənpərvər rejissor Nadir Maçanov bu filmin çəklişini hər tərəfli boynuna götürüb, çətin və şərəfli işi, çox əziyyət çəkib. Mənə elə gəlir, yalnız Nadir müəllimi alqışlamaq lazımdır. Film çəklişi zamanı bizə artıq taxta lazım idi və əlbəttə ki, çoxluğundan taxtanın qiymətində endirim etmək istədik lakin taxta sexinin rəhbəri bizə dedi ki, nə edirsiz bu qədər taxtaları, biz bildirdik ki, Xocalı haqqında film çəkirik və qarşısıda mənə nə dəxli cavabını aldıq. Bəli, bizim biganəliyimiz olmasa daha yaxşı olar. Qəhramanlar heç zaman ölməz, onlar əbədi yaşayırlar sən demə dirilik suyu şəhid olmaq, qəhraman olmaqdır.
Midhat müəllim, bir çoxlarımıza örnək olan fikirlərinizə və səmimi açıqlamalrınıza görə, Sizə təşəkkür edirəm.
-Səidə xanım, suallar möhtəşəm idi. Sizə və ONN İnformasiya Agentliyinə öz minnətdarlığımı bildirirəm bu zamanda bizim fikirlərimizə önəm verib, diqqət göstərdiyiniz üçün. Sevgi ilə qalın.
Səidə Seyidova