ONN İnformasiya Agentliyi

Milli Kino Günü təntənəli mərasimlə qeyd edildi

Milli Kino Günü təntənəli mərasimlə qeyd edildi
02 Avqust 2019 - 21:00

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 121 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

ONN media -ya Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda gerçəkləşən film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələrini, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarxlar nümayiş olundu.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı. Diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin fərmanına əsasən, bu əlamətdar gün artıq 19 ildir müxtəlif tədbirlərlə qeyd olunur.

Nazirin birinci müavini qeyd etdi ki, bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların, fərdi təqaüdlərin, fəxri diplomun və medalın verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin imzaladığı müvafiq sərəncamları diqqətə çatdıran Vaqif Əliyev bu sahənin inkişafına göstərdiyi qayğıya görə kino xadimləri adından ölkə başçısına minnətdarlığını ifadə etdi.

Vurğulandı ki, dövlətimizin diqqət və qayğısının nəticəsidir ki, son illərdə filmlərimiz müxtəlif beynəlxalq festivallarda uğurla nümayiş olunaraq fərqli nominasiyalar üzrə mükafatlara layiq görülür.

Daha sonra əlamətdar gün münasibətilə bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olundu.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən bu il yubileyləri olunan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söylədi.

Son illər təmsil etdiyi qurumun kino sahəsində gördüyü işlərdən danışan Ş.Məmmədova Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə adına medal və təqaüdün, eyni zamanda görkəmli kinorejissor Rasim Ocaqov adına medalın təsis edildiyini bildirdi.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri qurumun “Milli Kino Mükafatı”nı kinematoqrafiyamızın inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə, həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına töhfələrinə görə Xalq artisti, kinodramaturq Əbdül Mahmudova təqdim etdi. Şəfiqə xanım bildirdi ki, ittifaqın 2019-cu ilin gənclər üçün təsis olunmuş “Yeni Nəfəs” mükafatına isə rejissor Fariz Əhmədov layiq görülüb.

Mükafatlandırma mərasimindən sonra dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, Orxan Ağazadənin “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olundu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png