ONN İnformasiya Agentliyi

Ölkədə Milli musiqi günü qeyd olunur

Ölkədə Milli musiqi günü qeyd olunur
18 Sentyabr 2018 - 15:56

Azərbaycan professional musiqi sənətinin banisi dahi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü (Üzeyir musiqi günü) kimi təntənə ilə qeyd edilir.
 

Nazirlikdən ONN media -ya veilən məlumata görə, Mədəniyyət tariximizin bu əlamətdar günündə mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər.
Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq, məzarları üzərinə tər çiçək dəstələri düzdülər.
Milli musiqi günündə həmçinin Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül və Tofiq Quliyev kimi görkəmli sənətkarların məzarları ziyarət olundu.

Dahi bəstəkarın məzarı önündə

Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını Milli musiqi günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Qeyd etdi ki, bu gün Azərbaycanın Dövlət himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, Şərqdə ilk operanı yaradan dahi Üzeyir Hacıbəylinin doğum günüdür: “Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq yazıb. O, Azərbaycan mətbuatının inkişafından tutmuş, pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə böyük işlər görüb. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdən biridir. Buna görə də xalqımız dahi bəstəkar minnətdarlıqla yad edir”.

Nazir vurğuladı ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur.

Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ötən müddətdə böyük əks-səda doğuran festival bu il 10-cu dəfə keçirilir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki festivalı sentyabrın 18-dən sentyabrın 26-dək davam edəcək.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə musiqi festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışdı. Xalq artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr edilən mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.

Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir bəyin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirildi.

Milli Konservatoriyada konsert proqramı 

Tədbir daha sonra Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə davam etdi.
Konsertdən öncə çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli musiqi gününün əhəmiyyətindən, Üzeyir bəyin həyat və yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışdı.

Musiqi bayramı münasibətilə hər kəsi təbrik edən mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini, bu tədbirin ölkəmizin dünyada tanınmasında rolunu diqqətə çatdırdı. Bildirdi ki, Üzeyir Hacıbəyli musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə də xüsusi önəm verib. Onun milli musiqimizin inkişafında xidmətləri əvəzsizdir. 
Sonra tədris ocağının Xalq çalğı alətləri orkestrinin ifasında “Qarabağ şikəstəsi” zərbi muğamı ifa olundu.

“Güllələnmiş heykəllər”i ziyarət 

Sonra mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələrin önünə tər güllər düzüldü, sənətkarların xatirəsi hörmətlə anıldı.

Mədəniyyət naziri Əbülfəs Qarayev vurğuladı ki, bir gün gələcək “Güllələnmiş heykəllər” öz doğma məkanlarında, yenidən Şuşada ucaldılacaq və o gün uzaqda deyil.

Tədbir Bakı Musiqi Akademiyasının qarşısında davam etdi

Mərasim daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi. 
Nazir Əbülfəs Qarayev əlamətdar gün barədə danışaraq bildirdi ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd olunur. Vurğulandı ki, bu gün Azərbaycan musiqiçiləri dünyanın bir sıra məşhur salonlarında çıxış edir, festivallarda və müsabiqələrdə uğur qazanırlar: “Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və o, heç zaman unudulmayacaq. Həmçinin bu gün Azərbaycan musiqisinin digər nümayəndəsi Müslüm Maqomayevin də doğum günü qeyd olunur. Misiqi mədəniyyətimizin inkişafında Müslüm Maqomayevin xidmətləri danılmazdır”.

Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə göstərilən dövlət qayğısından danışan nazir bildirdi ki, bu gün ölkəmizdə böyük şəxsiyyətlərin xatirəsi əziz tutulur, onların adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə də Üzeyir bəy böyük ehtiramla yad edilir, ölkəmizə və dünya musiqisinə bəxş etdiyi unudulmaz əsərləri səsləndirilir. Üzeyir bəyin yadigar qoyduğu irs Azərbaycan mədəniyyətinin zəngin xəzinəsidir”.

Nazir Üzeyir Hacıbəylinin adı ilə bağlı olan ənənəvi musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını diqqətə çatdırdı: “Bu gün başlayan Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.

Əbülfəs Qarayev sonda bir daha Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik etdi, onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələrdən danışdılar. Qeyd olundu ki, dahi bəstəkar Azərbaycanda yeni bəstəkarlar nəslinin yetişməsində böyük xidmətlər göstərib.

Tədbirdə çıxış edən məşhur rusiyalı bəstəkar, dirijor, pedaqoq Murad Kajlayev Üzeyir Hacıbəylinin zəngin musiqi irsindən danışdı. Bildirdi ki, o, təkcə Azərbaycanının deyil, dünya səviyyəsində iz qoymuş dahi bəstəkarlardan biridir. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) ali təhsil aldığını qeyd edən M.Kajlayev dahi Üzeyir bəyin əsərlərinin bu gün də dünyanın möhtəşəm konsert salonlarında ifa olunduğunu vurğuladı.
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.

Eyni zamanda tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev), Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri (bədii rəhbər və baş dirijor Yusif Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), solistlər – Taleh Yahyayev, Aynur İsgəndərli, Kənan Qədimov və başqaları konsert proqramı ilə çıxış etmişlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png