Sehirli barmaqların izi ilə

Bu yaxınlarda sosial şəbəkələrin birində istedadlı tar ifaçısını royal ifaçısının müşayəti ilə təsadüfən dinlədim. Doğrusu məni bu ifa çox cəlb elədi və bir neçə dəfə bu ifaya qulaq asdım. Tarın ifaçısı o qədər məharətlə tarı ifa edirdi ki, bir anlıq özümü bam başqa bir dünyada his etdim. Düşündüm o barmaqlarda bir sehr var və ani olaraq dahi şairimiz Nizami Gəncəvinin “isgəndərnamə” əsərində təsvir etdiyi misralar  yadıma düşdü.

Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum…

Bu minvalla başladım maraqlanmağa, kimdir bu xəyallarımda yaşayan dərdsiz – sərsiz dünyaya məni aparan mahir ifaçı?!

Dəyərli oxucular. Nəhayət soraqlaşıb tapdım.  Bu sehirli barmaqların sahibi, mahir ifaçı 1968-ci ildə Quba şəhərində ziyalı ailəsində anadan olmuş, hələ uşaq yaşlarından musiqiyə olan  marağını görən atası onu Quba şəhər 7-illik musiqi məktəbinin tar sinfinə qoymuş və 1981-ci ildə Respublika üzrə “Bahar 81” musabiqəsində laureat adını qazanan Səbuhi Aslan oğlu Cəfərovdur.

Hələ gənc illərindən əldə etdiyi nailiyyətlər artıq onun gələcəyindən xəbər verirdi.

1992-ci   ildə  keçirilən  “Tələbə və  İfaçıların  Ə.Bakıxanov  adına  Respublika müsabiqəsi”nin  laureatı olan Səbuhi, bununla özünün ilk ən böyük uğuruna imza atır.

1993-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin S.Rüstəmov adına xalq çalğı alətləri orkestrində tarzən, 1994-cü ildən isə konsertmeyster – solist olaraq fəaliyyət göstərir.

1995-ci ildə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirərək bu təhsil ocağında  müəllimlik fəaliyyətinə başlayır və 2002-ci ildə baş müəllim, 2011-ci ildən isə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi dərəcəsi alır. Səbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışmaqla yanaşı  “İfaçılıq fakultə”si elmi şurasının üzvüdür.

Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə “Fəxri fərman”la təltif edilib. İfaçılıq fəaliyyətilə yanaşı elm sahəsində də çalışan dosent Səbuhi Cəfərovun çoxlu sayda elmi işləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi tövsiyyə edilərək çap olunmuşdur.

Eyni zamanda dəfələrlə yüksək səviyyəli tədbirlərdə Respublikamızı  layiqincə  təmsil  etmişdir.

Mən əminəm ki, bu sehirli barmaqların sahibi Səbuhi müəllimin hələ çox naliyyətlərinin şahidi olacayıq.

Uğurlar Sizə Səbuhi müəlim!