ONN İnformasiya Agentliyi

“50 milyondan artıq azərbaycanlının dil qibləgahına laqeyd yanaşmaq yolverilməzdir”

“50 milyondan artıq azərbaycanlının dil qibləgahına laqeyd yanaşmaq yolverilməzdir”
01 Dekabr 2017 - 9:02

Məlum olduğu kimi, bu yaxınlarda Nəsimi adına Dilçilik İnstitutunda 2018-ci ildə çap olunacaq "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə bəzi sözlərin yazılışında ediləcək dəyişikliklər haqqında  təkliflər irəli sürülüb və ictimai müzakirəyə çıxarılıb.

Moderator.az-ın müsahibi  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovdur. Onunla söhbətimiz orfoqrafiyanın mahiyyəti, ədəbi dil normalarının təkmilləşdirilməsində düzgün yazı qaydalarının rolu, mövcud sözlərin yazılışında edilən dəyişikliklər, orfoqrafiya lüğətinin tərtibinə dair prinsiplər və s. məsələlər haqqındadır. 

ONN media bu müsahibənin dilimizin bəzi yamaqlardan təmizlənilməsinə xidmət etdiyini  nəzərə alıb sizlərə təqdim edir. 

– İdris müəllim, heç şübhə yoxdur ki, ədəbi dilin inkişafında dəqiq müəyyənləşdirilmiş orfoqrafiya qaydalarının xüsusi əhəmiyyəti vardır. Orfoqrafiya haqqında qısa məlumat verməyinizi istərdim.

– Müasir Azərbaycan ədəbi dilinin əsas şöbələrindən olan orfoqrafiya düzgün yazı qaydalarından bəhs edir. Yazı dil ilə ifadə olunan fikirləri, duyğuları başqalarına çatdırmaq üçün insanlar arasında vacib sosial vasitədir. O, bəşəriyyətin tərəqqisi üçün yeni-yeni perspektivlər açır. Mədəniyyətlərin sürətli inkişafı da məhz yazı vasitəsilə gerçəkləşir. Orfoqrafiyaya aid nəzəri əsərlərin  meydana gəlməsinin tarixi, əsasən, son dövrlərlə bağlıdır. Yəni,  ofoqrafiya nisbətən gənc anlayışdır. Bu anlayış yunan dilində iki sözün birləşməsindən əmələ gəlib (orthos “düzgün”, qrapho“yazıram”), “düzgün yazıram” deməkdir. Qərbdə ciddi orfoqrafiya çalışmalarına erkən yeni dövrlərdən başlanılıb. Hələ ingilis qrammatiki Ceyms Qrinvud 1753-cü ildə orfoqrafiyanı düzgün yazmaq sənəti kimi xarakterizə edirdi. Amerikalı yazıçı və bukinist Yakob Kaminqz (1823) orfoqrafiyanı, yaxud imlanı heca və sözləri öz spesifik hərfləri vasitəsilə ifadə etmək sənəti adlandırırdı. İngilis alimi Albert Rayta (1870) görə, orfoqrafiya hərflərin təbiətini və gücünü, eyni zamanda imla (yazı) qaydalarını öyrədir. Ümumiyyətlə, orfoqrafiya söz və morfemlərin normativ yazılışını tənzimləyən ümumi qəbul olunmuş qaydalar sistemidir. O, ümumxalq dilinin, vahid dilin, xüsusən, mədəniyyətimizin ən vacib vasitələrindən biri sayılan yazılı nitqin qanuniləşmiş normasıdır. Orfoqrafiya lüğəti vaxtaşırı təkmilləşir və nəşr olunur.

– Ümumiyyətlə, bütün lüğətlərdə olduğu kimi orfoqrafiya lüğətinin də tərtibində müəyyən qayda və prinsiplər olmalıdır. Bir dilçi kimi sizcə hansı qayda və prinsiplərə əsaslanıb daha mükəmməl orfoqrafiya lüğəti tərtib etmək olar? 

– Sualın cavabına keçməzdən əvvəl qeyd edim ki, dilçilikdə mühüm məsələlərdəndir biri odur ki, fonetika, morfologiya, sintaksis, hətta dilçilik elminin ən yeni nailiyyətlərinin mənimsənilməsi ilə yanaşı,  dilin fonetikası, səs quruluşu, eyni zamanda alliterasiya, ritm, qafiyə, epifora, dissonans, anafora, müxtəlif növ səs təkrarları, assonans, proteza, epenteza, paraqoqa və s. kimi stilistik üsullar və fonoloji deviasiya fiqurlarının, seqmental işarələrə daxil olan sait və samitlərin, supraseqmental işarələrə aid vurğu, pauza, qovuşma, morfem, səs yüksəkliyi və s.-nin öyrənilməsi dilin orfoqrafik özülünə elmi nüfuz etməyin labüd üsullarındandır. Bilməliyik ki, dilin akustik strukturu üçün vacib olan bütün bu elementlər mətnin fonoestetikasının əsasını formalaşdırır. Qaydalara riayət edilməsi mətndə söz ehtiyatının strukturlaşmış xarakteri ilə nəticələnir. Bu zaman orfoqrafiya ilə orfoepiya, deviasiya arasındakı fərqləri nəzərə almaq zərurəti ortaya çıxır. Mədəni irsin qorunub-saxlanılmasında yazının müstəsna əhəmiyyəti vardır. Dil kimi, yazı da xətti-obrazlı tipdən hərfi-fonetik tipə doğru inkişaf edib. Orfoqrafiya qaydalarının müəyyən edilməsində fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici, etimoloji və digər prinsiplərdən istifadə olunur. 

– 2018-ci ildə “Azərbaycan dilinin Orfoqrafiya lüğəti” nin növbəti 7-ci nəşri planlaşdırılır. 6-cı nəşrdəki ciddi qüsurlar haqqında mətbuatda geniş yazılıb, diskussiyalar açılıb. Sizcə, növbəti nəşrdə həmin iradlar nəzərə alınacaqmı? Bir də orfoqrafiya lüğətinin vaxtaşırı təkmilləşməsi dedikdə nəyi nəzərdə tuturdunuz? 

– Əvvəla, deyim ki, düzgün yazı qaydalarının son istinadgahı “Orfoqrafiya lüğəti”dir. Mənim üçün “Azərbaycan dilinin Orfoqrafiya lüğəti” yazı qaydalarımızın Kitabi-Müqəddəsidir. Orfoqrafiyanın müqəddəsliyi müstəqil dövlət atributu olan ana dilimizin müqəddəsliyidir. Dövlət müstəqilliyimizdən 25 ildən artıq bir zaman keçir. Belə bir vaxtda 50 milyondan artıq  azərbaycanlının dil qibləgahı və yeganə düzgün mötəbər mənbə saya biləcəkləri “Orfoqrafiya lüğəti”nin tərtibinə laqeyd yanaşılması yolverilməzdir və bu, bir sıra fəsadlara yol aça bilər, ədəbi dili zədələyər. Qanuniləşmiş normanı pozaraq dilimizdə uzun onilliklər, hətta yüzilliklər boyu vətəndaşlıq hüququ qazanmış, dilimizin qayda-qanunlarına uyğunlaşaraq qəlibləşmiş, dilə fəsahət gətirən, ifadə qüdrətini artıran sözlərin hər dəfə bir-ikisinin yazılış qaydasını dəyişdirməyə təşəbbüs edilməsini dilçiliyimizin inkişafı üçün xidmət saymıram. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Bəli, bu qanuna əsasən, dilimizin yazı qaydaları vaxtaşırı təkmilləşdirilməlidir. Qloballaşma şəraitində elmin, texnikanın, İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək templi inkişaf perspektivləri, sivilizasiyalararası yaxınlaşmalar, ictimai-siyasi və mədəni əlaqələrin getdikcə dərinləşməsi dilimizə yeni-yeni sözlərin, terminlərin daxil olmasını labüd edir. Məsələn, pin-kod (yaxud pinkod), on-layn (yaxud onlayn) və s. Artıq bu qəbildən olan sözlərin sayı get-gedə artmaqdadır. Təkmilləşdirmə, əsasən, bu istiqamətdə aparılmalı, yeni daxil olan sözlərin, terminlərin dilimizin qayda-qanunlarına uyğunlaşdırılmasına diqqət yetirilməlidir. Lakin təkmilləşdirmənin ana dilinin lüğət tərkibində möhkəmlənmiş, xalqın kimlik şüurunda kök salmış sözlərin yazılışını vaxtaşırı dəyişdirmək kimi başa düşülməsi böyük fəsadlara, hətta milli identifikasiyanın zədələnməsinə gətirib çıxara bilər. Nəzərə alsaq ki, orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır, onda  bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz, məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar. İrəli sürülən təkliflər, ümid edirəm ki, analoji ənənəni təkrarlamayacaq.

– Yəni, nə mənada?

– Məsələn, dilimizdə pasportlaşmış, qəlibləşmiş, hətta danışanın məqsədindən asılı olaraq nitqə təntənə, əzəmət, qalibiyyət ruhu verən bir sıra sözlər mövcuddur. Uzun əsrlər zehnimizdə oturuşmuş, diləyatımlı, milliləşmiş həmin sözlərin yazılışının dəyişdirilməsi Orfoqrafiya lüğəti üçün  qəbul edilmiş vahid prinsipi zədələyə bilər.

– Bildiyimiz qədər, “Orfoqrafiya lüğəti”ndə yazı qaydasının dəyişdirilməsi təklif olunan sözlər başqa dillərdən, ələlxüsus, ərəb dilindən alınmalarla bağlıdır. Sizcə, bu, dilimizi yad təsirlərdən mühafizə etmək niyyətini güdmürmü?

– Bəri başdan deyim ki, bütün dillərdə alınmalar mövcuddur və bu amil yalnız dillərin qarşılıqlı əlaqəsi, zənginliyi və inkişafına xidmət edir. Məsələn, ingilis dili sözlərinin 65 faizi alınmalardan ibarətdir, rus dilində “A” və “F” hərfi ilə başlayan əsl rus sözü, demək olar ki, yox dərəcəsindədir. Deməli, dilin strukturuna təsir etmədikcə alınmalar normaldır. Azərbaycan dili də öz tarixi inkişaf prosesində bir sıra xarici dillərdən, xüsusən, ərəb, fars, o cümlədən rus, yunan, latın, italyan və digər şərq və qərb dillərindən sözlər əxz edib. Həmin sözlər dilimizdə artıq çoxdan milli pasport qazanıb, düşüncə və təfəkkürümüzün zəruri ifadə vasitəsinə çevrilib, şairlərin, yazıçıların, filosofların və ədiblərin əsərlərində dərin fikirlərin ifadəsinə xidmət edib, natiqlərin, dövlət və incəsənət xadimlərinin nitqlərində, çıxışlarında doğmalaşıb.

– Alınma sözlərin düzgün yazılışında, ümumən, orfoqrafiya lüğətinin tərtibində vahid prinsipə riayət edilməsinə necə əməl olunur?  

– Çox ciddi bir məsələyə toxundunuz. Orfoqrafiya lüğətinin tərtibində vahid prinsipə riayət olunmazsa, fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici və etimoloji prinsipləri pozular. Onun tərtibinə elmi-sistematik yanaşılmalıdır. Xatırlayırsınızsa, apostrofun dəyişdirilməsi ilə dilimizin orfoqrafiya lüğətinə edilən yanlış müdaxilələrə, bir növ, start verildi. Sonra şer sözünün şeir və bir müddət sonra isə fel sözünün  feil kimi yazılması qərara alındı. Sən demə, siyahı hələ bitməyibmiş. Növbədə səbr–səbir korrektəsi də var imiş.

– Yəqin, yazını tələffüzə uyğunlaşdırmaq məqsədilə…

– Tələffüzü orfoepiya öyrənir. Biz düzgün yazı qaydalarından danışırıqsa, orfoqrafiyanı əsas götürməliyik. Məgər Azərbaycan dilində söz necə yazılırsa, elə də tələffüz edilməlidir? Elə isə, orfoepiya lüğəti ilə orfoqrafiyanın nə fərqi olar? Digər ciddi bir məsələyə diqqət edək: şeir, feil, eyib, nəsil, meyil, səbir sözləri də ərəb di¬lindən alınmadır, “fiilun” və “fəəlun” modelləri üzrə düzəlib. Eyni modeldən olan və dilimizdə işləklik hüququ qazanmış sözlərin siyahısını uzatmaq olar. Peşəkar yanaşma prinsipi olmadığından üç-beş ildən bir eyni qəlibdən olan sözlərin yalnız bir-ikisinin yazılışında dəyişiklik edilməsi orfoqrafiyanı təkmilləşdirmək sayıla bilməz, əksinə, bu, növbəti çaşqınlıqlara, yazı etibarsızlığına, nəticə etibarilə, “necə gəldi, elə də yaz” kimi zərərli meyllərə gətirib çıxara bilər ki, bu da dilin bütövlüyünü zədələmiş olar. Sual olunur, mənbə dildən eyni model üzrə dilimizə gəlmiş, indiyədək yazıçıların, şairlərin, ədiblərin, ictimai-siyasi xadimlərin, xülasə, bütün ziyalı təbəqənin eyni cür yazdıqları sözlərin bəzilərinin  yazılış qaydasını hansı əsasa görə dəyişmək lazımdır? Axı eyni qəlibdən olan və indiyədək eyni cür yazı qaydasına malik həmin sözlərin beş-altısının yazısı dəyişdirilirsə, onda dil qanunauyğunluğuna görə bu yazı qaydası həmin sözlərin hamısına şamil edilməli deyilmi? Əgər ərəb dilindən əxz etdiyimiz “eyb” sözü “eyib”, yaxud “səbr” sözü “səbir” şəklində yazılmalıdırsa, bəs onda nə üçün eyni mənbədən alınan, eyni qəlibdən olub eyni qanunauyğunluğu paylaşan “qeyb”, “seyr”, “qeyz”, “qeyd”, -“əsr”, “qəsr”, “nəşr”, “nəzm”, “rəmz”, “hərf”, “hicr”, “əhl”, “səhv” və s. sözləri müvafiq olaraq “qeyib”, “seyir”,“qeyiz”, “qeyid”, “əsir”, “qəsir”, “nəzim”, “nəşir” şəklində yazılmamalıdır? Bunları deməkdə məqsədim heç də həmin sözlərin yazılışının dəyişdirilməsinə təşviq etmək deyil, əksinə, orfoqrafiya lüğətinin tərtibində yol verilmiş ciddi uyğunsuzluqları göstərməkdir. Atalar demişkən, “Zərərin yarısından qayıtmaq da xeyirdir”. Uzun illər boyu dilimizin yazı qaydalarında özünə yer etmiş sözlərə hərf artırılması, yaxud hərfin ixtisarı, fikrimcə, dilçiliyimizə, o cümlədən orfoqrafiyamıza xidmət sayıla bilməz. Bu, orfoqrafiyanın təkmilləşdirilməsi yox, çətinləşdirilməsi, qarışdırılması və əlavə süni problemlərin yaradılmasına gətirib çıxara bilər. Bayaq dediyiniz kimi, bəziləri belə əsaslandırmağa çalışırlar ki, alınma sözlərdə yazı qaydası tələffüz qaydası ilə eyni olmalıdır. Bu iddia ilə razılaşsaq, onda ərəb dilindən alınmış “kitab”, “münasib”, “mürəkkəb”, “ailə”, “məişət”, “aid”, “növbə” və s. sözləri müvafiq olaraq “kitap”, “münasip”, “mürəkgəp”, “ayilə”, “məyişət”, “ayid”, “nöbə”  kimi; yaxud italyan dilindən alınmış “abreviatura” sözü “abreviyatura” şəklində, və ya “aeroport” (yun. “aero” və lat. “port” sözlərinin birləşməsi) sözü “ayraport” kimi yazılmalıdır və s. Bu isə ədəbi dil normalarımıza ziddir. Göstərilən faktlar “Alınma sözlərdə yazı qaydası son dildə  deyilişinə görə  yazılıb oxunmalıdır, tələffüz qaydası ilə eyni olmalıdır” müddəasını təkzib edir, yəni müasir Azərbaycan dilinin orfoqrafiyası üçün bu, məqbul sayıla bilməz.

(ardı var)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png