ONN İnformasiya Agentliyi

“AĞLI BAŞINDA, İXTİYARI ÖZÜNDƏ OLAN SİYASƏTÇİ BELƏ EDƏRDİMİ?…” – “Məgər xaricdə bizi bizdən çox istəyirlər?”

“AĞLI BAŞINDA, İXTİYARI ÖZÜNDƏ OLAN SİYASƏTÇİ BELƏ EDƏRDİMİ?…” – “Məgər xaricdə bizi bizdən çox istəyirlər?”
17 Aprel 2020 - 14:40

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “AzPolitika.info”-ya müsahibəsi

– Sadiq müəllim, bir sıra müxalif dairələr Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə bağlı tədbirlərini, xüsusən dəstək proqramlarını yetərli hesab etmir, tənqid edirlər. Sizcə bu tənqidlər nə dərəcədə əsaslıdır?

-Fikrimcə, bu tənqidlərin tam əsassız olduğunu xüsusi olaraq sübut etməyə ehtiyac yoxdur. Koronavirus böyük bəlaya çevrilərək 100 mindən çox insanın həyatına son qoyub. Bütün ölkələrdə koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçası olaraq bu problemlə üz-üzə dayanıb. Ancaq sevindirici haldır ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində, hökumətin qabaqlayıcı tədbirləri ilə ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Məhz Azərbaycan hökumətinin çevik reaksiyası sayəsində koronavirus pandemiyası bir çox ölkələrdən fərqli olaraq, ölkəmizdə katastrofik həddə çatmayıb, mən inanıram ki, bundan sonra da çatmayacaq və Azərbaycan bu pandemiyadan ən az itkilərlə çıxmış dövlətlərdən biri olacaq. Baxmayaraq ki, Azərbaycan koronavirusun ilk yayıldığı ölkə olan Çinlə geniş iqtisadi əlaqələrə malik olub, virusun ən çox yayıldığı İranla isə həmsərhəd, qonşudur, bu günə olan rəqəmlər ondan xəbər verir ki, hökumətimiz qarşıya qoyulan məqsədin öhdəsindən uğurla gəlir, yoluxma və ölüm sayına görə ən yaxşı mövqelərdən birində durmuşuq. Aprelin 16-nə olan məlumata görə, ölkəmizdə 1268 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 640 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib. Yəni letal sonluq 1 faiz ətrafındadır. Bir çox inkişaf etmiş ölkələrdə isə bu göstərici 6-7 faizdən yuxarıdır.

Son günlərin statistikası da görülən tədbirlərin effekt verdiyini və müsbətə doğru meyillənmə olduğunu göstərir.

Məsələnin iqtisadi tərəfinə gəlincə, bu istiqamətdə də tənqid üçün heç bir boşluq buraxılmayıb. Prezident İlham Əliyev pandemiyanın sosial-iqtisadi təsirlərinin aradan qaldırılması üçün 2.5 milyard manat ayırıb, müəyyən əhali qruplarına, sahibkarlara maddi yardımların edilməsinə artıq başlanılıb. Bu işlər başlanğıcdır, düşünürəm ki, dövlətin iqtisadiyyata, sahibkarlara və aztəminatlı əhali qruplarına dəstək proqramları qarşıda da davam etdiriləcək. Nəzərə almaq lazımdır ki, bütün dünyada pandemiya hələ davam edir, nə qədər davam edəcəyini də heç kim proqnozlaşdıra bilmir. Bu bəla tam aradan qalxmadan onun vurduğu zərbələrin miqyasını müəyyənləşdirmək mümkün deyil.

Azərbaycan dövləti, iqtidarı hər zaman olduğu kimi öz vətəndaşının yanındadır. Fürsətdən istifadə edib qərəzli şəkildə Azərbaycan iqtidarına hücum edənlər bu dəfə də sonda məyus olacaqlar. Xalqımız Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın bu pandemiya günlərindəki gərgin fəaliyyətini, atılan addımları, həyata keçirilən dəstək proqramlarını yüksək qiymətləndirir. Bunu görməmək mümkün deyil. Əsas odur ki, bütün dünya iqtisadiyyatına ölümcül zərbə vuran koronavirus pandemiyasına, eyni zamanda neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycan hökuməti heç bir sosial layihəni təxirə salmayacaq. Prezident İlham Əliyev 14 aprel müşavirəsində bunu açıq şəkildə bəyan etdi. Bu, Azərbaycan iqtidarının xalqa münasibətinin növbəti əyani göstəricisidir.

– Sadiq müəllim, müxalifətin işi tənqid etmək olmamalıdırmı? Həqiqətənmi hər şey ideal vəziyyətdədir və tənqid üçün heç bir əsas yoxdur?

– Burda iki məsələni bir-birindən ayırmaq lazımdır. Əlbəttə, tənqid olmalıdır və Azərbaycanda bu işlə məşğul olan kifayət qədər siyasətçilər, jurnalistlər, müstəqil mütəxəssislər var. Bu şəraiti Azərbaycan iqtidarı yaradıb və sağlam tənqidə nəinki dözümlü yanaşılır, hətta onlar bir çox hallarda nəzərə alınır.

Amma bir qrup var ki, cənab Prezidentin də dediyi kimi, onların işi tənqid etmək deyil, düşmənçilikdir. Özü də təkcə iqtidara yox, xalqa, cəmiyyətə düşmənçilikdir. Əlbəttə, mən anti-milli viruslarımız olan Milli Şura adlanan qaragüruh dəstəni nəzərdə tuturam.

Elementar siyasi etika, insanlıq tələb edirdi ki, onlar belə çətin, Azərbaycan xalqının sağlamlığına, təhlükəsiz yaşayışına güclü təhdid yarandığı bir dövrdə sosial şəbəkələrdəki pozucu, cəmiyyətdə radikallığı, barışmazlığı artırmağa xidmət edən fəaliyyətlərinə heç olmasa bir müddət fasilə versinlər. Məgər indi hakimiyyət uğrunda mübarizə vaxtıdır? Dünya İkinci Dünya Müharibəsindən sonra ən böyük böhranla üzləşib, milyardlarla insan evə qapanıb, yüzminlərlə həyatını itirən var, dünya iqtisadiyyatına trilyonlarla dollarlıq zərbə dəyir, Azərbaycan xalqının sağlamlığı təhlükə altındadır, bu nadürüstlər öz bildiklərini çalmaqdadırlar. Hesab edirlər ki, fəlakət dəllallığı ilə guya nəyəsə nail ola bilərlər. Söhbət bundan gedir. Yoxsa tənqid edənlərə kim nə deyir ki?

Baxın, Azərbaycan siyasətində yeni bir mərhələ başlayıb. İqtidar komandasında çox ciddi kadr dəyişiklikləri aparılıb, parlament yenilənib, Milli Məclisin rəhbərliyi tam tərkibdə dəyişib, sədarət və komitələrdə müxalifətə yer verilib, ən əsası, güclü tərəf olan iqtidar öz rəqiblərinə əl uzadıb, dialoq təklif edib. Bir sıra partiya rəhbərlərilə iqtidar təmsilçisinin görüşləri olub. Prezident Administrasiyasının şöbə müdiri bunlara da görüş təklif edib. Sizcə, müstəqil qərar vermək ixtiyarı olan, Azərbaycanda siyasi mədəniyyətin yüksəlməsini istəyən, dialoq, sivil mübarizə tərəfdarı olan bir siyasi qüvvə, keçmişdə olub-keçənlərə baxmayaraq, yaranmış bu fürsətdən imtina edərdimi? Əsla yox!

30 ildir uğursuzluq zolağından çıxa bilməyən, böyük bir təşkilatı məhvə məhkum edən, intellektualların üz döndərdiyi və bir dəstə qaragürühün ümidinə qalan bir siyasətçi, ağlı başında və ixtiyarı özündədirsə, bu fürsətdən istifadə edər, həm özünü və partiyasını tam məhvolmadan xilas edər, həm də Azərbaycan siyasətinə az-çox öz töhfəsini verərdi. Amma Əli Kərimli bunu etmədi. Niyə, çünki ixtiyarı özündə deyil! Çünki nə qədər pafosla, özü də ikrah doğuran pafosla danışsa da, Azərbaycan xalqına sevgisi saxtadır! Çünki siyasətçi kimi tamamilə tükənib və həmişə olduğu kimi, yenə də burnunun ucundan uzağı görə bilmir. Çünki uzun illərdir Azərbaycanın əleyhinə olan xarici dairələrin əlində maşaya çevrilib və istəsə də, bu oyundan çıxa bilməz.

– Elə isə Azərbaycan iqtidarı niyə ona dialoq təklif edirdi?…

– Azərbaycan iqtidarı, şəxsən dövlət başçımız növbəti dəfə müdriklik göstərir, böyüklük nümayiş etdirirdi. Ona görə! Yolunu azmış bu insanlara daha bir şans verilirdi ki, səhv yoldan geri dönsünlər. Siyasəti, siyasi mübarizəni düşmənçilik kimi qavramaqdan imtina etsinlər. Başa düşsünlər ki, bu siyasət nə onların özlərinə, nə də Azərbaycan dövlətinə heç nə qazandırmayacaq. Nəhayət, anlasınlar ki, xaricdən Azərbaycan iqtidarına təzyiq cəhdlərinin heç bir mənası yoxdur, indiyədək olmayıb və bundan sonra da olmayacaq. Dərk etsinlər ki, öz dövlətinə qarşı xarici dairələrlə işbirliyi, mahiyyətcə, dövlətə, xalqa xəyanətə bərabərdir. Məgər xaricdə kimsə bizi bizdən çox istəyir? Xeyr! Bunu dərk etmək o qədər də çətin olmamalıdır. Ən bariz nümunə Qarabağ münaqişəsi, Azərbaycanın 20 faiz torpağının işğalı faktına həmin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin münasibətidir. Necə olur ki, bir ölkənin BMT tərəfindən tanınmış sərhədlərinin pozulması faktını görməzdən gələnlər həmin dövlətdə demokratiyanın, insan hüquqlarının pozulmasından qayğılanırlar? Bu ki absurddur!

Ona görə də, hamı dərk etməlidir ki, Azərbaycanın problemləri yalnız ölkənin daxilində danışılmalı və həll edilməlidir. İqtidar bunun üçün əlindən gələni edir və etməkdə də davam edəcək. Bu işə öz töhfəsini vermək istəyən siyasi qüvvələr isə, sivil mübarizə yolu seçməli, konstruktiv siyasət aparmalı və dialoqa üstünlük verməlidirlər. Əks yol xalqa, dövlətə xəyanət, düşmənçilik yoludur və bunun da ağır cəzası olmalıdır.

– Sadiq müəllim, növbədənkənar seçkilər nəticəsində formalaşmış parlament fəaliyyətə başlayıb, yeni rəhbərlik seçilib. Sizcə, bu parlament Azərbaycan xalqının və iqtidarın gözləntilərini doğrultmaq iqtidarındadırmı və ümumiyyətlə, Prezidentin yeni tərkibdən gözləntiləri nədən ibarətdir?

– Dövlət başçımız Milli Məclisin ilk iclasındakı çıxışı zamanı parlamentdən gözləntilərini detallı şəkildə açıqladı. Cənab Prezident hər şeydən əvvəl parlamentin ölkə həyatındakı rolunun daha da artmasını istəyir. Dövlət başçısı qeyd etdi ki, 2018-ci ildən etibarən Azərbaycanda yeni dövrün tələblərinə uyğun formada genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Bu islahatlar demək olar ki, bütün istiqamətləri, o cümlədən siyasi müstəvini də əhatə edir. Hökumətdə ciddi kadr və struktur islahatları həyata keçirilir. Bu islahatlar, yenilənmələr növbədənkənar parlament seçkilərinə gedilməklə, qanunverici orqan olan Milli Məclisi də əhatə etdi. Milli Məclisin tərkibi əhəmiyyətli şəkildə dəyişdi, rəhbərliyi tamamilə yeni prinsiplər əsasında formalaşdı. İlk dəfə olaraq parlament rəhbərliyində müxalifət və digər siyasi qüvvələrin nümayəndələri təmsil olundular. Milli Məclisin sədr müavini, komitə sədrlərinin müavinləri müxalifət təmsilçiləri oldu.

Yəni Prezident yeni mərhələnin başlandığını vurğuladı. Bu mərhələdə millət vəkillərinin, ümumilikdə parlamentin üzərinə böyük məsuliyyət düşür. İslahatların dəstəklənməsi, ölkədə siyasi mədəniyyətin yüksəlməsinə töhfə verilməsi, iqtisadi inkişafa, dövlətçiliyin möhkəmləndirilməsinə təkan verən qanunvericilik bazasının yaradılması və ya təkmilləşdirilməsi, əhalinin sosial rifahına xidmət, insanların qayğıları ilə yaşamaq – bütün bunlar yeni parlamentdən gözləntilərdir.

Parlamentə intellektual və milli gəncliyin timsalında yeni nəfəs gəlib. Bu barədə danışmaq hələ tez olsa da, mən əminəm ki, yeni parlament bu gözləntiləri doğrultmaq iqtidarındadır.

– Gəncliyin irəli çəkilməsindən söz düşmüşkən, istər parlamentin yeni tərkibi, istərsə də ümumilikdə hökumətdəki son kadr dəyişikliklərinə də birmənalı münasibət yoxdur. Yeni kadrlara tənqidi münasibət bəsləyənlər də çoxdur…

– Ümummili liderimiz Heydər Əliyev hələ imperiyanın qılıncının dalı da, qabağı da kəsən vaxtlarda Azərbaycanda milli kadrların yetişdirilməsi və irəli çəkilməsi siyasətini aparırdı. Onun yetirməsi olan bu kadrlar onillərlə Azərbaycan xalqına xidmət etdilər. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Milli təfəkkürü, dövlətçiliyə, milli məfkurəyə bağlılığı olan, eyni zamanda yüksək təhsil görmüş, intellektual kadrlar, gənclər irəli çəkilir. Paralel olaraq təcrübəli kadrlara da etimad davam edir. Bir növ intellektual gəncliklə təcrübənin vəhdəti yaradılır.

Fikrimcə, bu kadr siyasəti artıq müsbət nəticələrini göstərir. Koronavirus pandemiyası yenilənmiş Azərbaycan hökuməti üçün də bir sınaqdır. Hökumətimiz Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın rəhbərliyi altında böhran vəziyyətini çox ağılla idarə edərək, bu sınaqdan üzüağ çıxır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png