“Azərbaycan qadınları çox şanslıdır…”

Zəfər günü ərəfəsində “Medical Media” şirkətinin direktoru, AQSİA-nın üzvü, fəal ictimaiyyətçi Günay Kazımova ilə həmsöhbət olduq. Müsahibimizin qadın inkişafı, Zəfər tariximiz, sahibkar qadınlara dövlətin dəstəyi və bir sıra digər suallarımızla bağlı cavablarını oxucularımızın diqqətinə təqdim edirik.

8 Noyabr – Zəfər Günü ərəfəsindəyik. Azərbaycanın Zəfərdən öncəki və bugünki tarixindən danışmamaq mümkün deyil

İkinci Qarabağ Müharibəsi bizi bir daha dünyaya qalib xalq kimi tanıtdı. Bu gün doğrudan da, hər bir Azərbaycan vətəndaşı ölkə xaricində özünü daha qürurlu, daha məğrur, qalib bir xalqın nümayəndəsi kimi hiss edir. Öncəki illərlə müqayisəyə gəldikdə, mənə elə gəlir ki, bu gün müşahidə edilən “insanlarımızın birliyi, bütövlüyü” qürurvericidir. Ən böyük fərq isə Azərbaycanın ərazisinin bütövlüyünün təmin olunması, həsrətlə işğaldan azad olunmasını gözlədiyimiz müqəddəs torpaqlarımıza ayaq basa bilməyimizdir. Şuşa bizim üçün müqəddəs bir məkandır. Bu gün Şuşa ili çərçivəsində Şuşada, Azərbaycanın bütün bölgələrində, dünyanın müxtəlif ölkələrində o qədər tədbirlər keçirilir ki,.. Bu gün xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər edirlər. Azərbaycanın dilbər guşəsinin gözəlliyini və bu torpaqların Azərbaycana məxsus olduğunun şahidi olurlar. Qarabağın, Şuşanın bizim əzəli torpaqlarımız olduğunu dünüyaya sübut və təsdiq etməkdən daha böyük nə ola bilər ki?

Bu fərqlər hamımızı sevindirir, bugünkü və gələcək nəsillər üçünsə bir xoşbəxtlikdir. Əlbəttə, Ali Baş Komandanın yürütdüyü siyasət nəticəsində xalqımızın, dövlətimizin birliyi, qələbəsi təmin olundu. Bu uğurları, fərqləri görməmək, danışmamaq mümkün deyil. Ulu öndər Heydər Əliyevin sözləri ilə ifadə etsək, bu gün biz gerçəkdən fəxr edirik ki, azərbaycanlıyıq.

Siz işgüzar xanımların nümayəndəsi, fəal ictimaiyyətçisiniz. Vətən müharibəsi zamanı işgüzar xanımların, onların fəaliyyəti, cəbhəyə qatqısı… Bu barədə fikirləriniz maraqlıdır.

Etiraf edək ki, böyük Qələbəyə qədər içimizdə bir kövrəklik hissi vardı, torpaqlarımız işğaldan olduğu, rayonlarımız talan olunduğu, məcburi köçkünləri iz öz doğma yurd-yuvalarından didərgin düşdüyü, minlərlə şəhidlər verdiyimiz üçün içimizdə bir məğlubiyyət hissi vardı.
Amma bu gün əksinədir. Hətta Qarabağı görməyən, orda doğulmadan gənclərimizin müharibə zamanı yüksək əhval-ruhiyyəsini gördük. Gənclərin könüllü müharibəyə yazılmaqlarının şahidi olduq. Bu göstərici o deməkdir ki, vətənpərvərlik ruhunda bir gənclik yetişib. Bu gənclər Zəfəri əldə etməyimiz üçün əsas qüvvə oldu. Vətən anlayışı, vətənpərvərlik ideologiyası nəinki gənclərimizi, bütün vətəndaşlarımızı öz ətrafında birləşdirib. Eynilə də analar, qadınlar və işgüzar xanımlar müharibədə öz missiyasını, məncə layiqincə yerinə yetirdi. Həmin ağır günlərdə müxtəlif strukturların idarəedici funksiyasında fəaliyyət göstərən xanımlarln, sahibkar qadınların hər birinin Vətən, Torpaq naminə bacardığı töhfəni verdiyinin şahidi olduq.
Hətta, bir çox qadınların kiçik biznesindən gələn gəlirləri 44 günlük Vətən müharibəsi zamanı əsgərlərimizə göndərdiklərini də müşahidə etdik. Əlbəttə, dövlətimizin Ordu, müharibə üçün bütün təminatı vardı. Amma bu bir könüllülük prinsipi, bir olmaq istəyi, əsgərlərimizin yanında olmaq arzusu idi. Üzvü olduğum Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın həmin dönəmdəki fəaliyyəti bütün cəmiyyətə bəllidir. Sahibkar xanım olaraq biz hamımız AQSİA çətiri altında toplandıq. Həmin dönəmdə pandemiya şəraitində yaşayırdıq. Təbii, heç də asan deyildi. Müharibədən gələn şəhid xəbərləri, sağlamlığını itirən qazilərimiz, pandemiyadan əziyyət çəkən insanlarımız… Bu həssas dönəmdə ehtiyac hiss edən vətəndaşlarımızın yanında olmağa çalışdıq. Bu bizim həm insanlıq borcumuz , həm də vətəndaşlıq məsuliyyətimiz idi. Zənnimcə, bu kimi aksiyaların mənəvi çəkisi daha ağır, motivasiya mənbəyi idi. Təbii ki, direktoru olduğum Medical Media və Saffarma əczaçılıq şirkəti olaraq bu könüllülük aksiyalarından kənarda qalmadıq. Həm əczaçı, həm media qurumu olaraq 44 günlük müharibədə daim dövlətimizin, Ordumuzun yanında, ön cəbhədə olduq, bacardığımız dəstəyi göstərdik: dərman pereparatları, qida məhsulları, üst geyimləri və s. Ğ Media Medical və Saffarma Əczaçılıq şirkətinin təsisçisi başda olmaqla, biz komanda olaraq həmin günlərdə vətəndaşlıq borcumuzu yerinə yetirməyə var gücümüzlə çalışdıq.

Qarabağda imkan yaransa, hansı işləri görmək istəyərsiniz?

Qarabağda imkan yaranarsa, ilk tibbi məntəqələrin yaranmasında, səhiyyə ocaqlarının qurulmasında yer almaq istərdim. Media agentliyi olaraq Qarabağda media agentliyi qurmağı və Qarabağa media dəstəyi ilə xidmət göstərməyə də hazırıq.

Bildiyimiz qədər, siz ixtisasca həkimsiniz. Amma fərqli sahədə çalışırsınız…

Doğru, mən Azərbaycan Tibb Universitetinin məzunuyam. Amma həkim kimi heç çalışmadım. Tibb Universitetini bitirdiyim gündən əczaçılıq sahəsində işləməyə başladım. Əslində arzum həkim olmaq idi. Amma həyat mənə seçimimi dəyişdirəcək istiqamətə apardı. Beləcə, öncə əczaçılıq sahəsinə gəldim, sonra isə pandemiya dönəmi bizi media sahəsinə gətirib çıxartdı. Covid 19 pandemiyası zamanı düşündük ki, insanların mövcud durumda maarifləndirilməsinə, sağlam informasiya ilə təmin olunmasına ehtiyac var. Bu düşüncə ilə yeni yola çıxıdq. “Medical Media”nə yaratdıq və biz YouTube üzərindən onlayn şəkildə fəaliyyətə başladıq. Fəaliyyətimiz bizi Səhiyyə televiziyasının yaradılmasına qədər gətirdi.

Niyə məhz Səhiyyə televiziyası?

Bilirsiniz, hər bir televiziyada fərqli-fərqli tibbi proqramlar yayımlanır. Bilirsiniz ki, bu proqramların əksəriyyəti reklam xarakterlidir. Amma biz düşündük ki, insanlarımızı, xalqımızı tibbi istiqamətdə, əczaçılıqla bağlı, dərmanlarla bağlı planlı, ardıcıl, kompleks şəkildə maarifləndirməyə ehtiyac var. Niyyətimiz insanların sağlamlığına, səhiyyənin inkişafına dəstək olmaqdır. Onu da qeyd etmək istərdim ki, Səhiyyə TV-nin kifayət qədər tibbi proqramları var. Hətta layihələrimizdən birində dünyada olan azərbaycanlı həkimləri bir araya toplamışıq və onlarla davamlı canlı proqramlarımız olur. Həmin proqramlarda soydaşlarımızı həm xalqımıza təqdim edirik, həm də onların vasitəsilə dünya səhiyyəsində baş verən yenilikləri insanlarımıza çatdırırıq. Eyni zamanda insanlarımızın sağlamlıqla bağlı sualları müxtəlif ölkələrdə yaşayan azərbaycanlı həkimlərimiz tərəfindən cavablandırıllr. Məqsədimiz
ixtisaslaşmış tibbi jurnalistikanın əsasını qoymaqdır. Bu yolda inamla irəliləyirik. Hədəflərimiz böyükdür, Hələ ki, Azərbaycanda, gələcəkdə isə beynəlxalq aləmdə tanınmaq istəyirik. Onu da deyim ki, bu gün dünyada olan azərbaycanlı həkimləri Səhiyyə TV-yə cəlb ediriksə, (onların arasında məşhur həkimlər, ən müasir yeniliklərə imza atan institut rəhbərləri də var) bu həm də bu vasitə ilə Azərbaycan səhiyyəsini, öz tibbimizi tanıdırıq.

Sizcə, qadınlarımız indi sosial həyatda necə rol oynayır?

Baxır kim onu necə istifadə edir, bu çox önəmlidir. Elə insanlar var ki, sadəcə şou xatirinə gündəmdə qalmaq istəyir. Amma mən Azərbaycan qadınını sosial cəmiyyətdə olmağını dəstəkləyirəm. Bu gün sosial şəbəkələrdə nə qədər maarifləndirici tədbirlər keçirilir, nə qədər onlayn, offlayn konfranslar olur. Əksər hallarda sosial şəbəkələrdən məlumatlar əldə edirik. Bu çox ciddi maarifləndirmə vasitəsidir. Bu gün imkanı olan da, olmayan da, evdar qadınlar belə sosial şəbəkə vasitəsilə nəsə öyrənə bilər. Amma önəmli olan odur ki, nə öyrənmək istəyirik, seçimimiz nədir? Bu baxımdan doğru istiqamətdə sosiallaşmaq bütün cəmiyyət üçün , eləcə də xanımlar üçün faydalı olar. Sosial mediada nə qədər müsbət nümunələr görəriksə, bir o qədər müsbət nəticələr olar, deyə düşünürəm.

Sizcə sahibkar xanımlar göstərilən dövlət dəstəyindən yetərli faydalana bilirmi?

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dövlət qurumları tərəfindən dəstəklənməsi, bu istiqamətdə həya keçirilən müxtəlif layihələr sahibkar qadınlara böyük dəstəkdir. Dövlət qurumları ilə əlaqələrin yaradılması, qarşıya çıxan çətinliklərin, qayğıların aradan qaldırılması sahibkarlara diqqətin göstəricisidir. Həmçinin Assosiasiya tərəfindən gerçəkləşdirilən çoxsaylı maarifləndirmə proqramları gənc və iş qurmaq istəyən xanımlar üçün mayakdır. Açığını deyim ki, bu gün iş qurmaq istəyən bir xanım üçün heç bir problem yoxdur. Sadəcə zəhmət çəkmək və məqsədə doğru addımlamaq lazımdır. Yeri gəlmişkən, gələcəkdə tibblə bağlı özəl bir təhsil mərkəzi yaratmağı düşünürəm. Həmin məktəbdə tibbin satış və marketinqi təlimlərini keçmək, tibb sahəsində satış və marketinq mütəxəssisləri yetişdirmək istərdim. Məncə, bu sahədə mütəxəssislərə böyük ehtiyac var.
Bizim özümüzü inkişaf etdirmək, fəaliyyətimizi genişləndirmək, qurmaq-yaratmaq üçün Birinci vitse-prezident Mehriban Əliyeva kimi nümunəmiz, örnəyimiz, İlham mənbəyimiz var. Bu gün Azərbaycan qadını dünyaya Mehriban Əliyeva kimi mütərəqqi bir xanımın simasında təqdim olunur. Bu baxımdan Azərbaycan qadınları çox şanslıdır. Qarşımızda bu qədər güclü bir xanımın nümunəsi varkən, biz qadınların inkişaf etməməyə haqqı varmı?

İndi cəmiyyətdə qayğılar sanki daha çox qadınların üzərinə yüklənib…

Tam da deməzdim… 20 ildir iş xanımıyam. Amma hərdən hamı mənə sual verir ki, siz bu qədər işi necə çatdırırsız? İnsan işini, zamanını, planını doğru şəkildə etdikdə, məncə ailəyə də, övlada da vaxt ayıra bilir və hər bir qadın qayğını üzərinə çəkməyi bacarır. Bu fədakarlıq bütün Azərbaycan qadınlarında var. Həmişə qadın və kişi hüquqlarının bərabərliyi müzakirə mövzusu olurdu, tez-tez qadın azadlığı ilə bağlı fikirlərə rast gəlirdik. Məncə bu gün artıq o dövrdür. Bu gün qadın azaddır, işləyir, inkişaf edir, ailəsinə dəstək olur, bacarıqlarını üzə çıxarır. Bu çox gözəl tendensiyadır.// Olaylar.az