Azərbaycanın beynəlxalq imici artıq öz yerindədir

Yunus Oğuz: “Ölkəmiz artıq beynəlxalq oynun yox, beynəlxalq siyasətin bir parçasına çevrilib”

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderə çevrilib. Dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı suallarımızı Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz cavablandırıb.

Yunuz bəy, dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə həyata keçirdiyi siyasətin strateji hədəflərini necə dəyərləndirisiniz?

Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seşildiyi andan strateji hədəfləri müəyyən etmişdi. Həmin strateji hədəflər daha çox dörd istiqamətə yönəlmişdi. Onlardan birincisi güclü iqtisadiyyatın yaradılması idi. Çünki Qarabağ məsələsinin həlli üçün güclü iqtisadiyyatın yaradılması vacib şərt idi. Odur ki, güclü iqtisadiyyatın yaradılması fonunda güclü ordunun yaradılması qarşıya hədəf kimi qoyulmuşdu. Əgər güclü iqtisadiyyat yaradılmasydı təbii ki, Azərbaycana müasir hərbi silahların alınması çətin olardı. İkinci hədəf isə güclü ordunun yaradılması idi. Ücüncü strateji hədəf uğurlu xarici siyasətin aparılması idi. Dövlət başçısının prezidentliyi dövründə biz bunun şahidi olduq. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq imici yüksəldi və ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildi. NATO kimi beynəlxalq təşkilatın tədbirlərinin, bir çox beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi uğurlu xarici siyasətin təzahürü idi. Bakıda ən müxtəlif beynəlxalq tədbirlərin təşkili ölkəmiz haqqında fikirlərin dəyişməsi ilə nəticələnirdi. Dördüncü istiqamət daxili həmrəylik məsələsi idi ki, buna da ölkəmizdə nail olunmuşdu. 27 sentyabrda başlanan Vətən Müharibəsində biz bunun da şahidi olduq. Əslində 2018-ci il prezident seçkilərinə qədər bu proseslər açıq şəkildə nümayiş olunmurdu. Yalnız 2018-ci il prezident seçkilərindən sonra həyata keçirilən kadr islahatları və digər məsələlər, xüsusən siyasi partiyaların fəaliyyətinin daha da aktivləşməsi o yönə gətirib çıxarırdı ki, işğal altında olan torpaqların azad edilməsi ən əsas hədəflərdən birinə çevrildi. Təbii ki, digər hədəflər də var ki, heç şübhəsiz prezident gələcək fəaliyyətində onları da həyata keçirəcək. Aparılan siyasət bir daha sübut elədi ki, xüsusən 44 günlük müahirəbə bir daha sübut elədi ki, Prezident müharibədən qabaq və müharibədən sonrakı hadisələrlə bağlı tamamilə düzgün siyasət aparıb, tamamilə düzgün strateji və taktiki addımlar atıb. Məhz bunun nəticəsində Azərbaycanın işğal olunmuş böyük bir ərazisi düşmən tapdağından azad olundu.

– Əhalinin sosial rifahının təmin edilməsi dövlət başçısının prezident seçkilərində verdiyi vədlərdən biri idi. Sizcə, ölkədə bu hədəfə nail olunubmu?

Əslində son illərin büdcəsinə baxanda dövlət başçısının sosialyönümlü siyasəti daha çox qabarıq görsənir. Təkcə sadə vətəndaşların, eləcə də Qarabağ qazilərinin, şəhid ailələrinin deyil, bütövlükdə Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinin birbaşa şahidi oluruq. Artıq insanların rifahını yaxşılaşdıran kifayət qədər addımlar atılıb. Məlum olduğu kimi neft kapitalının insan kapitalına çevrilməsi prinsipi sosial siyasətin əsasını təşkil edir. Gələn ilin də dövlət büdcəsinə nəzər yetirdikdə görürük ki, sosial sahələrə daha çox vəsaitin ayrılması nəzərdə tutulub. Təbii ki, birinci növbədə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlər dayanır. Oradakı işlərə təkcə büdcədən ayrılan vəsaitlər deyil, eləcə də cəlb edilən investisiyalar, xarici və yerli iş adamların dəstəyi ilə geri qaytarılacaq məcburi köçkünlərin sosial problemləri həllini tapacaq, öz yurdlarında məskunlaşmaları başa çatacaq.

Ölkədə siyasi institutlara münasibəti necə dəyərləndirisiniz? Siyasi partiyalara yeni yanaşma milli həmrəyliyin yaranmasına səbə ola bilibmi?

Əvvəllər siyasi proseslərə münasibətdə bir qədər biganəlik var idi. Biganəlik ondan irəli gəlmirdi ki, siyasi partiyalara diqqət ayırmırlar. Ondan irəli gəlirdi ki, hədəfdə daha güclü məsələlər var idi. Bu hədəf təbii ki, Qarabağın işğaldan azad olunması idi. Məlum olduğu ki, bir il əvvəl yalnız siyasi partiyalarla məşğul olan bir şöbə açıldı və bu məsələ aktivləşdi. Məsələ ondadır ki, siyasi partiyalar, ictimai təşkilatlar müharibə başlanan kimi dərhal birlik məsələsini gündəmə gətirdilər. Bu təkcə siyasi partiyaların deyil, həm də Azərbaycan xalqının arzusu idi ki, torpaqlarlmız azad olunsun. Təbii ki, siyasi partiyaların da buna adekvat cavabları olacaqdı ki, siyasi partiyalar torpaqların işğaldan azad olunmasını hökmən istəyirlər. Çünki əksər siyasi partiyaların  məramlarında torpaqlarımızın işğaldan azad olunması məsələsi var idi. Yəqin bunu da görəcəyik ki, siyasi partiyalarla mütəmadi görüşlər keçiriləcək, qərargahı olmayan siyasi partiyalara ofislərin ayrılması mümkün olacaq. Güman ki, çox da uzaqda olmayacaq ki, siyasi partiyalar dövlət quruculuğunda, hətta işğaldan azad olunmuş Qarabağ torpaqlarındakı bərpa işində də yaxından kömək edə biləcəklər. Nəzərə almaq lazımdır ki, cəmiyyət  demokratiyasız yaşaya bilməz. Bizim dövlətimizin quruluşu odur ki, siyasi partiyalar hökmən öz fikirlərini bildirəcəklər. Ola bilər ki, haradasa razı, haradsa narazı qala bilərlər, ancaq bütövlükdə Azərbaycan dövlətinin milli birliyi məsələsi gələndə təbii ki, siyasi partiyalar yenə də dövlətin bütövlüyündə, strateji hədəflərin yönəltməsində bir yerdə olacaqlarına əminəm.

Ölkədə həyata keçirilən xarici siyasəti uğurlu hesab etmək olarmı?

-Bu məsələdə Azərbaycan daxilində oturuşmuş medianın da kifayət qədər xidmətləri oldu. Burada biz Türk mediasını da yaddan çıxarmayaq. Türk mediası da Azərbaycanın maraqlarına uyğun iş gördü. Ancaq mən deyərdim ki, xarici mətbuata lazımi məlumatın ötürülməsində ən böyük işi prezidentin özü gördü. Prezidentin özü dünyanın 30-dan çox ən məhşur mətbuat orqanlarına müsahibə verdi. Azərbaycanın mövqeyini ortaya qoydu, bəyan etdi ki, Paşinyan gəlsin desin ki, mərhələ cədvəlini qəbil edir. Sonda Paşinyan bunu qəbul etməyə məcbur oldu və bunun nəticəsində də 3 rayon müharibəsiz işğaldan azad olundu. Xarici siyasətimizdə bu gün təbiidir ki, bəzi maraqlı  ölkələr var. Fransanın yanında Belçika, Niderland var ki, onlar Azərbaycandan nə isə istəyirlər. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində adını çəkdiyim ölkələr iştirak etməyəcəklər. Amma Avropa Birliyi və Amerika elan edib ki, bizdə quruculuq işlərində iştirak etmək istərdik.  Bu bizim xarici siyasətimizin uğurudur ki, bizim qələbəmizi qəbul edirlər. Faktiki olaraq oradakı quruculuq və bərpa içlərində iştirak etmək, investisiya qoymaq və qazanc əldə etmək istəyirlər. Düşünürəm ki, bu da normal bir hadisədir. Bütövlükdə artıq dünya qəbul edib ki, 44 günlük müharibə Azərbaycanın haqq işidir. Fransa qəbul edə bilmir ki, ATƏT-in iki həmsədr ölkəsi bu prosesdən kənarda qaldı, kapituliyasiya bəyənatı 3 dövlət arasında imzalandı. Amma bu məsələlər də öz yerini tutacaq. Əsas odur ki, prezidentin də dediyi kimi hər yerdə Azərbaycanın dövlət qanunları işləsin. Əminəm ki, bu qanunlar işləyəcək, çünki prezident bu məsələdə israrlı və iddialıdır.

Ölkəmizin, dövlət başçısının gələcək strateji hədəflərini necə görürsünüz?

Məlum olduğu kimi hədəflər yaxın, orta və uzaq hədəflərə bölünür. Bu hədəflərin içərisində onlara çatmaq üçün daha çox hansı sahələrə fikir verilməsi məsələsi artıq müəyyənləşib. Bizim yaxın hədəfimiz bütövlükdə Azərbaycan torpağında Azərbaycan qanunlarının işləməsidir. Orta və uzaq hədəflərimizi isə cənab prezident özü müəyyənləşdirib. Bular sosial, iqtisadi, tibb, demoqrafik sahələrindəki hədəflərdir. Çox güman ki, bu hədəflər böyük bir komanda ilə müəyyən edilib. Şübhəsiz ki, biz də hədəflər dəqiqləşdikdən sonra o yolla gedəcəyik.

Yaxın gələcəkdə Azərbaycanın beynəlxalq imicini necə görürsünüz?

Azərbaycanın beynəlxalq imici artıq öz yerindədir. Azərbaycan artıq beynəlxalq oynun yox, beynəlxalq siyasətin bir parçasına çevrildi. Azərbaycanın fikirləri və təşəbbüsləri ilə Cənubi Qafqaz məsələsində razılaşmaq zorundadırlar. Müharibə göstərdi ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birbaşa liderlik roluna keçdi. Bu ona dəlalət edir ki, Azərbaycan orta hədəfdə Yaxın Şərqdə, dünyada iqtisadi liderliyini qorusun. Bunların hamısı normal proseslərdir. Çünki, dünyada düzən dəyişir, Sovetlərin vaxtında olan birqütblü yanaşma indi çoxqütblü olb. Azərbaycan və Türkiyə öz  yerni və nə etmək lazım olduğunu bilir.

Alim