ONN İnformasiya Agentliyi

Bu məhsulların qiyməti 4-5 dəfə ucuzlaşdı

Bu məhsulların qiyməti 4-5 dəfə ucuzlaşdı
17 Aprel 2020 - 15:54

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun müsahibəsi:

– Vüqar müəllim, ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejimi kənd təsərrüfatı mallarına nə dərəcədə təsir edib?

– Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən tədbirlərin ərzaq məhsullarına və xüsusilə də kənd təsərrüfatı məhsullarına təsiri ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə görə, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkədə kənd təsərrüfatı məhsullarına daxili tələbat 5.1 faiz azalıb. Azalmanın səbəbi mövcud vəziyyətlə əlaqədar toy və yas mərasimlərinə qarağa qoyulması, mərasim evləri, şadlıq sarayları, kafe, restoran, ictimai iaşə obyektləri, otel, mehmanxana və digər turizm obyektlərinin, əyləncə mərkəzlərinin fəaliyyətlərini dayandırmasıdır. Bu obyektlər kənd təsərrüfatı məhsullarının əsas və daimi topdansatış alıcıları sayılır. İndi bu obyektlər fəaliyyətini dayandırdıqları üçün məhsul almırlar. Daxili istehlakın 5,1 faiz azalması bazarda təklif olunan məhsulun eyni həcmdə – 5.1 faiz artması deməkdir.

– Bəs tələbatın azalması məhsulların qiymətinin ucuzlaşmasına səbəb olacaqmı?

– Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Liberal iqtisadiyyatlarda qiymətləri tələb-təklif münasibətləri müəyyən edir. Məhsul təklifi çox, tələb az olduqca qiymətlər düşür, təklif az, tələb çox olduqda isə qiymət artır. Bazarda qiymət bu mexanizm əsasında tənzimlənir. Bu baxımdan həm qeyd etdiyimiz obyektlərin fəaliyyətini dayandırması, həm də aqrar məhsullarımızın əsas ixrac bazarlarında pandemiya ilə əlaqədar tələbatın azalması qiymətlərə təsir edir. Biz hazırda bu tendensiyanı müşahidə edirik. Bu gün bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində ciddi dəyişikliklər var.

– Kənd təsərrüfatı məhsulları arasında ən çox hansı məhsul ucuzlaşıb?

– Aqrar Tədqiqatlar Mərkəzinin əsas funksiyalarından biri bazar araşdırmaları aparmaq, qiymətlərlə əlaqədar aqrodatalar toplamaqdır. Bu məqsədlə hər gün bazarlarda pərakəndə satış qiymətləri öyrənilir. Müşahidələrimiz göstərir ki, hazırda istixanalarda yerləşdirilən pomidor və xiyarın qiymətində kəskin ucuzlaşma var. Yəni təxminən 10 gün əvvəl pomidorun pərakəndə satış qiyməti 4.5-5.5 manat idisə, artıq bu gün həmin məhsul 1 manat və 1.2 manata satılır. Bu o deməkdir ki, artıq istixana məhsullarının qiymətində 4 dəfəyə yaxın ucuzlaşma var. Bilirsiniz ki, istixanada yetişdirilən tərəvəz məhsulları əsasən xarici bazarlarda realizə olunur. İndiki halda qonşu ölkələrdə karantin rejiminin tətbiqi məhsul ixracını müəyyən qədər səmərəsiz edir. Bu problem nə nəqliyyat, nə də daşınma problemi ilə bağlıdır. Sahibkar xüsusi karantin rejimində belə istənilən məhsulu xarici bazarlara ixrac etməkdə sərbəstdir, bu fəaliyyətə heç bir məhdudiyyət qoyulmayıb. Sadəcə xarici ölkələrdə, xüsusilə də pomidor-xiyarın ixrac edildiyi Rusiyada, Ukraynada bizdə olduğu kimi, ciddi karantin rejimi tətbiq edilir. Bu amil həmin ölkələrdə də bizdə olduğu kimi aqrar məhsulların istehlak həcmini azaldıb. Bu səbəbdən həmin ölkələrdə qiymətlər ucuzlaşdığı üçün o bazarlar bizim fermer-sahibkarlar üçün cəlbediciliyini itirib. Onlar indiki vəziyyətdə xaricə məhsul göndərməyin sərf etmədiyini bildirirlər. İxracla məşğul olan bəzi sahibkarlar deyir ki, xaricdəki şəriklərimiz satış həcmi azaldığı üçün məhsulu göndərməməyi məsləhət görür. Sahibkarlar da bu keçid dövründə məcburdur ki, istehsal etdikləri məhsulu daxili bazara çıxarsınlar. Bu isə Azərbaycan bazarlarında məhsulun artmasına səbəb olur. Tələb təklif tənzimlənməsinə görə də, istər-istəməz pomidorun və xiyarın qiymətində ciddi ucuzlaşma var. Lakin son günlər Rusiya bazarlarında müəyyən hərəkətlənmə müşahidə olunur və bu amil yenidən kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdırmağa başlayıb.

– Əhalinin ən çox istehlak etdiyi kartof-soğanın qiymətləri necədir? Bu məhsullarda da ucuzlaşma müşahidə ediləcəkmi?

– Hazırda kartof və soğanın da qiymətində xeyli ucuzlaşma var. Hər il aprel ayında konkret bir dövr olur ki, təxminən 1 həftə, maksimum 10 gün ərzində bu məhsulların qiyməti artır. Bu dövr köhnə kartof-soğanın tükəndiyi və təzə məhsulun yığılmağa başladığı aralıq dövrdür. Bu proses arasında 10 gün fasilə olduğuna görə, həmin müddətdə qiymətlər müvəqqəti olaraq artır. Təzə məhsul çıxdıqdan sonra isə qiymətlər ucuzlaşmağa başlayır. Ötən gün Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəlilabadda kartof və çiyələk sahələrində yığım prosesi ilə tanış olub. Biz məhsulun ötən illə müqayisədə həddən artıq bol olduğunu müşahidə etdik. Rusiya bazarlarında müəyyən hərəkətlənmə hiss olunduğuna görə, fermerlər bu bazarlara faraş tərəvəz ixrac etməyə başlayıblar. Fermerlərlə apardığımız söhbətlərdə məlum oldu ki, təkcə ötən gün Cəlilabaddan 17 böyük yük maşını ilə Rusiyaya təzə kartof göndərilib. Həmçinin yerli bazarlara və supermarketlərə də fasiləsiz şəkildə məhsul göndərilir. Bazarlarda kartof və soğanın həcmi artır, bu da qiymətlərə təsir göstərir. İndiki mərhələdə apardığımız müşahidələr göstərir ki, kartof və soğanın pərakəndə satış qiymətində artıq 20-30 qəpik ucuzlaşma var. Bundan başqa nəzərə almaq lazımdır ki, Cəlilabaddan sonra artıq Şəmkirdə də kartof yığımına başlanılıb. Həmçinin Bərdə və Beyləqanda da faraş soğan yığımı gedir. Bazarda məhsulun bollaşması müşahidə olunur, bazara daha çox məhsul daxil olduqca qiymətlər ucuzlaşacaq. Hətta Bərdədə fermerlər bildirirlər ki, hazırda Polşa, Türkiyə, Rusiya və Ukraynadan Azərbaycandan yüksək qiymətə soğan ixracı ilə bağlı çoxlu sifarişlər var. Bu il ötən illə müqayisədə soğan məhsulu da boldur. Bunun səbəbi ötən il soğanın Türkiyə bazarlarında yüksək qiymətə satılması və fermerlərin əvvəlki illərlə müqayisədə çox gəlir əldə etməsidir. Bu amil Bərdə, Beyləqan və Ağdam rayonlarında soğan əkilməsinə marağı xeyli artırıb. Sahələrdə məhsul həm daxili bazarı təmin edəcək, həm də xarici bazarlara ixrac olunacaq qədər çoxdur. Bu amil daxili bazarlarda qiymətləri ucuzlaşdıracaq, eyni zamanda xaricə soğan satan fermerlər əvvəlki illərdən də çox gəlir əldə edəcəklər.axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png