ONN İnformasiya Agentliyi

Çingiz Əhmədov: “Artıq “Xalq artisti” məsələsi yetişib…” -TƏBRİK

Çingiz Əhmədov: “Artıq “Xalq artisti” məsələsi yetişib…” -TƏBRİK
24 Dekabr 2017 - 21:00

Tanınmış aktyor, əməkdar artist Çingiz Əhmədovun dekabrın 27-də 55 yaşı tamam olur. Biz də yubiley ərəfəsində sevimli aktyorumuzla görüşüb ömür səhifəsini birlikdə vərəqlədik.
 
– Çingiz müəllim, teatra gəlməyiniz necə oldu?

– On yaşından televiziyada uşaq verilişlərində böyümüşəm. Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Əliağa Ağayev kimi peşəkar sənətkarlarla bir yerdə işləmişəm. Ofelya Məmmədzadə məni o vaxt musiqili teatra apardı. Dedi ki, bu cür populyarlığın var, niyə teatrdan qaçırsan? Halbuki Nəsibə xanın evin içiydi, qohumdu, onlardan o vaxt təklif gəlmədi mənə. Eldəniz Zeynalov da qohumdu. Onlar mənə heç nə demirdi. Amma Ofelya xanım birdən qolumdan tutub məni Bala Qasımovun yanına apardı. Bala müəllim məni görən kimi dedi ki, indi aktyor ştatında yerimiz yoxdu, amma səni hələlik xora götürürəm. Dedim, problem yoxdur, ərizə yazıb verdim. Sonra getdim Vaqif İbrahimoğlunun yanına. O, onda teatrda baş rejissor idi. Məni görən kimi telefonu götürüb Bala müəllimə dedi ki, “Çingiz artıq tanınmış adamdı, istəyirəm, onu truppaya götürək. Hər şey də mənim öhdəmdə olacaq…”. Amma dedilər ki, yer yoxdu, xorda qal, truppada da işləyəcəksən. Yaxşı tamaşalarda mənə rollar verdilər: “Qaçırılmış qız”, “Qızıl toy”, “Boşanaq, evlənərik”, “Nəğməli Könül”, “Bildirçinin bəyliyi”. Beləcə, 4 il xorda qaldım. 1989-cu ildə Cahangir Novruzov teatra baş rejissor gələndə məni truppaya keçirdi və başladı mənə baş rolları verməyə. Xuqayevin “Sevgilimin anası” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada, Rauf Hacıyevin “Bəbirlinin kələkləri” əsəri əsasında hazıralnmış eyniadlı tamaşada oynadım. İri rolların öhdəsindən yavaş-yavaş gəlməyə başladım…

– Sonra da teatrdan uzaqlaşdınız… Qayıtmağınız necə oldu?

– 1990-cı illərdə bədbinlik oldu. O illərdə hamımız teatrdan getmək istəyirdik. 1991-ci ildə bizə Qəzənfər Topçiyev adlı bir müdir qoydular. Onun teatra gəlməsi ilə Ofelya Aslan, Ofelya Məmmədzadə, Nəsibə Zeynalova, Məsumə Rzayeva, mən və bir neçə aktyor teatrdan uzaqlaşdıq. Elə bil ki, aktyorları yola verməməyə gəlmişdi. Mən Dövlət Gənclər Teatrına Hüseynağa Atakişiyevin yanına üz tutdum. Onunla uzun müddət işlədim. 2001-ci ildə ANS telekanalına “Yeriniz məlum”u aparmağa dəvət etdilər. Ora böyük korifeyləri çağırdım. Maraqlı əhvalatlar, söhbətlər edirdik. Bir gün mənə dedilər ki, Hacıbaba müəllim gəlmir verilişə. Dedim ki, bu saat zəng edərəm, gələr. Onu yığdım, dedim ki, “Hacıbaba müəllim, necəsiniz, nə var-nə yox? Verilişə baxırsan?”. Dedi ki, 5-dən 6-ya kimi oturub verilişə baxır. Dedim, səni verilişə çağırıram, dedi, bir şərtlə sənin verilişinə gəlirəm ki, sən teatra qayıdasan. Dedim, mənim vaxtım yoxdu, çəkilişdəyəm. Dedi, aktyora teatr lazımdı. Dedim ki, o teatrda işləyirəm də. Dedi, “səni o teatrda görmürəm. Sən burda uzun müddət işləmisən, sonra buranı tərk eləmisən”. Dedim ki, “sizə qədər Səyavuş Aslan deyirdi ki, qayıt ata ocağına, mən də ona dedim ki, gəlmirəm”. Amma komandanın yanında biabr olmamaq üçün Hacıbaba müəllimə “yaxşı” dedim. Çağırdı ki, gəl, əri                                                                                      
Getdim, qapıdan içəri girəndə bıçaq atdı ayağımın altına. Dedi ki, sən də bura gələrsənmiş… Girdim, gördüm, ərizəm artıq hazırdı. Dedi ki, bir dənə bura qol çək. Qaytdı ki, sevinirəm, sən ata ocağına qayıtdın, sən teatra lazımsan. Özünün oynadığı iki rolu verdi mənə. Yusif Əkbərovun rejissoru olduğu “Bir günlük siğə”, bir də Anarın  “Aldın payını, çağır dayını” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa. Öz lojasından, müdirin yerindən mənə baxmırdı. Gedib üçüncü mərtəbədə gizlənib mənə baxırdı. Səhəri gün zəng elədi ki, gələrsən yanıma. Dedi ki, “sən əclafsan, tamaşada mən eləmədiyim ştrixləri elədin. Mən daha bunu oynamayacağam. Özün oynayacaqsan bunları…”.

Gəlib baxırdı, ləzzət alırdı ki, mən teatra qayıtdım. İki il onunla işlədim. 2006-cı ildə rəhmətə getdi. Şükürlər Allaha, teatrımıza əməkdar incəsənət xadimi, sənətin, sənətkarın qədrini bilən insan Əliqismət Lalayev gəlib. Özü bu sənətdə böyüyüb, bu sənətin içində uzun müddət olub. Artıq bilir ki, kimin yükü haracandı, kim nəyə qadirdi, kimi haracan istəyirlər. Şükür, işləyirik. İndi Tamara Vəliyevanın “Bankir adaxlı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Afaq xanımla oynayırıq. Ədalət Vəliyev də gəlib tamaşaya baxdı. Çox razı qaldılar. O tamaşa ayda iki dəfə oynanılır. Yüksək səviyyədə anşlaqla qarşlanır. Üçüncü mərtəbəyə qədər tamaşaçı axını olur. Həqiqətən də tamaşanın öhdəsindən gəlirəm.

Tamaşaçı bizim çox maraqlı improvizələrimizi gözləyir. Afaq xanım bir atmaca atır, mən onu oynadıram. Camaat özündən gedir. Bir dənə də mən deyirəm. Zalda gülüşmə düşür. Bu, aktyorun ustalığından irəli gəlir. Mən improvizəni sevən aktyoram. Təbii ki, əndazədən çıxmamaq şərti ilə. Vaxtı-vaxtında edirəm. Şükürlər olsun ki, tamaşaçı da razı qalır. Bu gün özümü xoşbəxt sayıram ki, teatrımıza axın var. İnsanlar sevir, tamaşaya gəlirlər. “Space” kanalında “Yerindəyəm” layihəsindəyəm. “Xəzər” TV-də “Xalxın evi” serialına baş rola çəkilirəm. Ramin Hacıyevin rəhbərlik etdiyi komandadan çox razıyam. İki illik böyük bir serialdı bu serial. Bu serailın reytinqi yüksək səviyyədədir.

 Belə çıxır ki, arzularınızın hamısına çatmısınız…

– Hər bir əsgərin arzusu çavuş olmaq olur. Sonra zabit olur, sonra general alır. 2012-ci ildə cənab Prezidentin sərəncamı ilə “Əməkdar artis” fəxri adını aldım. Artıq üçüncü ildir ki, Prezident mükafatçısıyam. Mənə elə gəlir ki, artıq “Xalq artisti” məsələsi də yetişib. Xalqın sevimlisi, istəklisi olmaq başqadı. Pərdənin arxasından səsim eşidiləndə artıq tamaşaçı alqışı gedir. Dekabrın 27-də 55 yaşım tamam olacaq. “Xalq artisti” də nəsib olsun mənə bəzi aktyorlar kimi. Çünki əməyim olub. On yaşından sənətdəyəm. Mən gedib fəhlə, bərbər, ticarətçi işləməmişəm. Sırf səhnənin tozunu udmuşam, səhnədə tərləmişəm…

Cənab Prezidentimizin imzası ilə fəxri ad almışam. Cənab Prezidentimizdən çox razıyam. Teatrımızı çox yüksək səviyyədə təmir elədi, verdi biz aktyorlara. Prezidentimizi dəstəkləyirəm. Onun bütün fikirləri ilə razıyam. Ona can sağlığı arzulayıram. Dövlətin, ailəsinin, gül balalarının, nəvələrinin üstündən əskik olmasın. Hər zaman sənət adamlarına qiymət verib. İndi də ulu öndərin işini davam etdirir, sənət adamlarına təqaüdlər, mükafatlar, fəxri adlar verir. Aktyorlarımız üçün bundan böyük əmək ola bilməz. Sağ olsun, var olsun! Tezliklə torpaqlarımızı mənfur düşmənlərdən öz siyasəti ilə alsın! Mən o illərdə Əliağa Ağayevlə, Ofelya Aslanla, Ofelya Məmmədzadə ilə, Aqşin Səfərovla, Mobil Əhmədovla o torpaqlarda qastrollarda olmuşam. Allah nəsib eləsin, öz komandamı yığım, o torpaqlarda yenə qastrollarda olaq, Qarabağ camaatı üçün konsertlər verək.

– Yeri gəlmişkən, Əliağa Ağayevi necə xatırlayırsınız?

– Allah ona rəhmət eləsin. Böyük sənətkar olub. Əliağa əmi mənim sənətdə kumirim olub. Ona həmişə ustad demişəm. Əmi məni çox istəyirdi. Onda 16-17 yaşım olardı. Haçan ona rol verdilər, deyirdi ki, arıq var, onu verin mənə. Adım yadından çıxırdı. Evə zəng edirdilər, deyirdilər ki, Əliağa əmi deyir ki, Çingiz gəlməsə, çəkilməyəcəyəm. Üç vərəq rol olurdu. Bir verilişi 8-9 saata çəkirdilər. Mən də gəlirdim Əliağa əmi ilə oynayırdım. Əliağa əmi bilirdi ki, mənim “Zaporojets”im var. Mənimlə dostluq edirdi, onu evinə aparıb-gətirirdim. Deyirdi ki, “ay cingöz, sənin böyük gələcəyin var, özünü qoru”.

– Amma eşitmişəm, aktyor olduğunuza görə sizə qız vermək istəmirmişlər…

– Biz görüşən məqamlarda yoldaşım məni tanıyırdı. Sən demə ailələrinin sevimlisi olmuşam. Amma elçi gedən məqamda atası narazı idi. Demişdi ki, “aktyorlar arvadsaxlayan deyil, görmüşəm, çətin vaxtdı. Bir fikirləş hara, kimə gedirsən, özünü bədbəxt eləyərsən…”.

Mən onlara sübut elədim ki, ailəcanlıyam. Məni evin böyük oğlu kimi qəbul elədilər. İndi qız övladımdan nəvəm var. Vaxtım olanda qaçıb onunla oynayıram, təsəlli alıram. Darıxdığımız üçün çox vaxt gətirib yanımızda saxlayırıq. Yoldaşım ən çox bir ana kimi İbrahimin filmlərinə baxır, gözünü qırpmır. Məndən soruşur necədir? Deyirəm ki, 15 il sənətdəyəm, onda bir deffekt tapmıram ki, deyəm, gərək belə oynayardın. Görürəm ki, işinin öhdəsindən gəlir. Tamaşalarına baxıram, məsləhət verirəm. Gedib oynayır, sonra mənə deyir ki, “ay papa, oynadım o cür, alındı, camaat alqışladı”.

  Şükürlər olsun ki, İbrahim bir filmlə böyük reytinq qazanıb. O vaxt biz çox əziyyət çəkirdik. Ayda bir neçə veriliş – “Səhər görüşləri”, “Yumoristik novellalar”, “Hekayə axşamı”, “Komediyalar aləminə səyahət” olurdu. Onlara çıxırdım. Hamı “Çina, Çina” deyirdi. Mən örköyün uşaqları oynayırdım. Amma bu gün elə bir məqamdır, zəmanədir ki, əgər istedadın varsa, elə bir verilişlə, bir filmlə də səni qəbul eləyirlər və bu, xoşbəxtçilikdir. İbrahim artıq üçüncü ildir ki, Səməd Vurğun adına Rus Dram Teatrında çalışır. Orda rolları var. Rövşən İsak sağ olsun ki, onu “Vicdan haqqı”na dəvət elədi. Hərdənbir dükana, bazara, konsert salonuna girəndə məndən birinci İbrahimi soruşurlar. Böyük sənətkarlardan tutmuş, küçədəki adi adama qədər məni saxlayır. Deyirlər ki, “Çingiz müəllim, Allah saxlasın oğlunuzu, bizi o kino ilə gic eləyib” (gülür). İnsanlar baxır, sevir. İctimai kanalda canlı yayımda qeyd elədim ki, Azərbaycanda iki serial tanıyıram. Biri yeni başlayan serialımız -”Xalxın evi”, “Xəzər” TV-də 15-16 reytinq vurub.  ATV-də də “Vicdan haqqı”. Mən peşəkərlarla işləmişəm. Onlardan nəsə oğramışamsa, indi də oğradıqlarımı xərcləyirəm. Mənim başqa heç kəsə ehtiyacım yoxdur.
                            
– Vaxtilə hind mahnıları da oxuyurdunuz…

– İndi də hind mahnıları oxuyuram. Mən hind filmiləri olmadan qala bilmirəm. Mənim kumirim Mitxun Çakrobortidi. Mən ona sonuncu mogikan deyərdim. Ondan sonra gələnləri qəbul edə bilmirəm. Mitxunla bizi bir-birimizə bənzədirdilər. ATV-də bir şey çəkdilər. Orda bizim bənzərliyimizi verdilər. Dedilər ki, Çingiz müəllim çox oxşayır Mitxun Çakrobortiyə. Həqiqətən də oxşarlıq var. Mənə onda sual da verdilər. Dedim ki, hər şey ola bilər. Atam o vaxt gedib Hindistanda şuluqluq edib… (Gülür)
O illərdə məni Hindistana aparmaq istəyirdilər, alınmadı. 1979-1980-ci illərdə -Sovet dönəmində Hindistandan, Pakistandan, Moskvadan Azərbaycana qastrollara, işbirliyinə gəlirdilər. Məni görmüşdülər şərf boynumda, buruqsaç. Soruşmuşdular ki, bu, hindistanlıdı. Demişdilər ki, bizim aktyorumuzdu. O illərdə məni də istəmişdilər aparsınlar. Anam rəhmətlik qoymadı. Zəng elədim evə, dedim ki, məni aparmaq istəyirlər, hiss etdim ki, anamın gözləri doldu. Dedim narahat olma, gedəsi olmadım… Artıq yaş gedir. Hərdən deyirəm: “Hindistanın Cimisi, Azərbaycanın Çinası var”.

– Oynamağı arzuladığınız hansısa rol varmı?

– Beynimə düşüb ki, “Kral Lir” tamaşasında oynayım. Təbii ki, maddi cəhətlə bağlı problemlər var. Ömür vəfa etsə, mən o obrazı oynayacağam.

– Toylara gedirsiniz?

– Toylar çox azdır. Eyni zamanda da toya getməyə vaxtım yoxdur. Həftənin beş günü “Space”də verilişim gedir. “Xalxın evi” serialı Xızıda çəkilir. Ayın altı günü Xızıda oluruq. Elə bir vəziyyətdə gəlirəm ki, toy sahibi ilə danışa bilmirəm. Ancaq vaxtım olanda elə bir müştəri olur ki, deyir, anam əhd eləyib ki, toyu siz aparasınız, sizi məclisimizdə görək, onda ora gedirəm. İndi maşallah, daş atırsan, gedir dəyir şadlıq evinə, “zapravka”ya, oxuyana, aparıcıya. Toya bilən də gedir, bilməyən də. Ona görə hardasa bir az bu sənət cılızlaşıb…

Çox insanları özümə yaxın buraxmışam, çörək vermişəm və axırda da deyiblər ki, biz sənətkar olmuşuq… Yeganə aktyoram ki, heç kəsin kölgəsində bu sənətə gəlməmişəm. Hacıbaba Bağırovun kölgəsinin altında çox aktyorlar olub. Nəsibə Zeynalovanın, Afaq Bəşirqızının kölgəsində gəzən aktyorlar olub. Səyavuş Aslanın yanında gəzənlər olub. Yanımda elə sənət adamları olub ki, mənə ata, qardaş deyiblər. Artıq görürəm ki, o insanlardan uzağam.
Deyirlər ki, cibində pul varsa, dost sənin cibindir. Doğrudan elədir. İndi deyirəm ki, sənətdə də, ailədə də bir dostum var: İbrahim Çingiz. Ona həm dost, həm də oğul demək olar.

Bir az titulla bağlı fikirləşirəm ki, hər şeyi gec almışam.

Vaxtilə mənim özümə çox badalaq gəliblər. Xalq artistləri olub ki, çəkiliş meydanına gəliblər, məni görüblər, deyiblər ki, o çəkilən yerdə biz çəkilmirik. Qoyub gediblər. O vaxt artıq populyar idim, sevilirdim. Elə bilirdilər ki, mən səhnəyə çıxanda onlar qalacaqlar kölgədə…

– Ümumiyyətlə, qalmaqallar sizə necə təsir edir?

– Təbii ki, yaxşı baxmıram. Mənə elə gəlir ki, qalmaqal edən aktyor sənətdə yaddan çıxıb. Qalmaqal edir ki, gündəmə gəlsin. Elə bir aktyor var ki, səhnədə elə bir yersiz, mənasız hərəkət edir ki, rejissor bu replikanı, bu mizanı ona verməyib. Cılız bir obraz oynayır. Amma hegemonluq eləyir, özünü göstərmək istəyir. Mən çalışıram ki, mənimlə tərəf müqabili olan o adamı otuzdurum yerində. Ona o imkanı da verməmişəm. O aktyoru uzaqlaşdırmışam yanımdan. Belə aktyorlar var. Nəyə görəsə vuruşmaq, bunu camaatın arasında qeyd eləmək… Buna pis baxıram. İş birliyində gərək belə şeylər olmasın.

Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Səyavuş Aslan bir-biri ilə qanlı-bıçaq olublar. Onu nə siz bilmisiniz, nə də mən. Amma səhnədə çıxıb oynayıblar. Həkk olunub qalıb. Onlar onda orda bildirəydilər ki, bir-birilərindən xoşları gəlmir? Təbii ki, bir-biriləri ilə çəkiliş günündə də düşmən olublar. Amma görün, nə gözəl oynayıblar. Sadəcə, o mətbəxin içində olan adamlar biliblər ki, onlar danışmırlar. Elə oynayıblar ki, tamaşa indiyəcən baxılır, gələcək nəsil də baxacaq. Bu da peşəkarlıqdandır. İndi o qaymaqlar yoxdur…

 Hobbiniz nədir?

– Nərd oynamağı, balıq tutmağı sevirəm. Yaxşı nərd oynayan axtarıram. Çalışıram udum. Xalq artisti Sabir Əliyevlə, İncəsənət Universitetinin müəllimi Sahib Novruzovla tez-tez görüşüb oynayıram. Ağıllı insanlarla oynamağa çalışıram. Savadsız, səviyyəsiz insnlarla oynamıram…

Namiq MƏMMƏDLİ

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png