“Çörəyin qiyməti təkcə Azərbaycanda qalxmayıb, az yesinlər”- Bayramovdan MARAQLI MÜSAHİBƏ

Azərbaycan turizm sektorunu inkişaf etdirmək istəsə də, regionlardakı qiymətlər bir çox hallarda ölkə vətəndaşlarını özünə cəlb etmir. 

Onlar bölgələrdə qiymətlərin dodaquçuqladan olduğunu iddia edirlər.

Bəs görəsən, məşhurlar yay aylarında necə istirahət edirlər?

Mövzu ilə bağlı danışan müğənni Əlikram Bayramov yay aylarını elə ölkə daxilində keçirdiyini deyib:

“Mən yay ayını Azərbaycanda dincəldim, başqalarını bilmirəm, mən öz bölgələrimizə getdim. İsmayıllıya, Nabrana, Yardımlıya getdim, istirahət mərkəzlərində oldum. Bəzən də Neftçalaya yollanırdım. Yay sonuna qədər bir dəfə də Zaqatalaya gedəcəyəm. Azərbaycan hamısından yaxşıdır. Xaricdə guya nə var?”

İfaçı qiymətlərin elə də əlyandıran olmadığını bildirib:

“Qiymətlər bir az qalxıb, düzdür. Amma bütün dünyada qıtlıqdır. Qiymət artımı tək Azərbaycana aid deyil, bütün dünyada belədir. Hər yerdə qiymət qalxıb. Məhərrəmlikdən əvvəl Rusiyaya getmişdim, orada da vəziyyət belədir, Türkiyədəki dostlarım deyir burda da belədir. Yenə bizdə o qədər də pis deyil. Bir az çörəyin qiyməti qalxdı, onu da başa düşmək olar, çünki buğdanı Ukraynadan alırdıq. Çörəyi az yesinlər, onsuz da adamı kökəldir. Qiymətlərin dəhşətli artdığını iddia edənlərlə razı deyiləm. Məsələn, mən istirahət mərkəzində bir gecəsi 60 manata qaldım, 3 dəfə yemək də bura daxil idi”.

Ə.Bayramov istirahət üçün yalnız xaricə getdiyini deyən həmkarlarını qınayıb:

“Bəzi müğənnilər ancaq xaricə gedirəm deyirlər, inanın, hamısı yalandan deyir. Onlar ancaq şelfi çəkmək üçün gedirlər. Belə şeylər nəyə lazımdır? Mən də Bodruma getmişəm, nə olsun? Dənizə qalsa, elə Xəzər dənizi hamısından yaxşıdır. Xalqın arasında olmaq da xoşdur. Biz özümüzün qədrini bilmirik, yalandan qiymətlərdən gileylənirlər. Gedib qalsan bilərsən, sən müğənni xalqın içində olmaq istəmirsən axı, sənə lazımdır ki, sakit yer olsun, heç kəs yaxınlaşıb salam verməsin, şəkil çəkdirmək istəməsin”.// Yenisabah.az