ONN İnformasiya Agentliyi

“Futbolçularımız təkcə oynamalı deyil, həm də böyüməlidirlər” – Qurban Qurbanov

“Futbolçularımız təkcə oynamalı deyil, həm də böyüməlidirlər” – Qurban Qurbanov
22 Mart 2018 - 19:21

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Belarusla keçiriləcək yoldaşlıq oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. 

Qol.az-ın məlumatına görə, o, əvvəlcə sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

– Hər birinizi salamlayıram. Bakıda ilk oyunumuz olacaq.  Hər bir futbolçu ciddi hazırlaşıb, istəklidirlər. Başa düşürlər ki, bizi hansı oyunlar gözləyir. Vaxtımız var. Düşünürəm ki, hər bir futbolçuya öz fikrimizi çatdıracağıq. Sabahkı oyunda ən doğrusunu etməyə çalışacağıq.

– Legionerlərinizin durumu necədir? Xüsusilə Arazı sabah start heyətdə görə bilərikmi?

– Hər bir futbolçunun durumu yaxşıdır. Arazın start heyətdə oynamaq ehtimalı çoxdur.

– VAR sistemi (videotəkrar) ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Mən bu sistemin tərəfdarı olmuşam. Çünki hamımız ədaləti xoşlayırıq. Bəzən epizodlarda çox müzakirələr olur. Komandaların haqqı bilməyərək əlindən alınır. Böyük məmnuniyyətlə bu sistemdə iştirak etmək istəyərəm.

– Heyətə baxanda görürük ki, əsas hücumçulardan 2-sini U-21-ə göndərmisiniz. Bunu Rəşad sizdən xahiş etdi, yoxsa öz qərarınızdır?

– Onların potensiallarını yaxşı bilirik. U-21-in oyunları da vacibdir. Onların sabahkı görüşdə oynamaq ehtimalı az idi. Sabah həmin mövqedə başqa futbolçuları yoxlamaq istəyirik. Buna görə narahat deyiləm. Qarşıdakı iki oyunda futbolçuları daha yaxından tanıyıb, şans verməyə çalışacağıq.

– Bu ildən etibarən millimiz hər iki cəbhədə – həm Millətlər Liqası, həm də seçmə mərhələdə mübarizə aparacaq. Hansına üstünlük verəcəksiniz?

– Bunlar tam fərqli turnirlərdir. Hər məşqçi istər ki, komandanı öz istədiyi kimi formalaşdırsın. Zəif komanda tanımıram. Bütün komandalar hər il daha da irəli gedirlər. Bizim zəif hesab etdiyimiz komandalar daha istəklidirlər. Millətlər Liqasında hər bir yığmanın şansı var. Komandamızı daha yaxşı hazırlaşdırmağa çalışmalıyıq. Futbolçular nəticəyə maksimum köklənməlidirlər. Belə olmasa, hansı turnirdə oynamağın heç bir fərqi olmayacaq. Təkcə Millətlər Liqası yox, digər turnirdə də şansımız var. Futbolçular bunu dərk etməlidirlər. Onlar təkcə oynamalı deyil, həm də böyüməlidirlər.

– Olmaz ki, beynəlxalq oyunları ya "Tofiq Bəhramov"da, ya da "Bakcell Arena”da keçirək?

– Bəli, azarkeş amili çox böyükdür. Mən də ÇL-in qrup oyunlarının BOS-da keçirilməsinin tərfədarı deyildim. Mərkəzi arenada olmasını istəyirdim. Ən azından say baxımından yerlərimiz oldu. Oradakı oyunlardan heç də narazı qalmadım. Tofiq Bəhramov adına Respublika stadionu da ideal vəziyyətdədir. Mən bunda bir problem görmürəm. Qarşıda vaxtımız var. Ola bilər ki, hər iki stadionda oyunlarımız olsun. Mən hiss edirəm ki, futbolçularımız özlərini Bakı Olimpiya Stadionunda rahat hiss edirlər. Sizin üçün də hər şey ideal vəziyyətdə olmalıdır. Bunları da nəzərə alarıq.

– Ayaz Quliyev Rusiyanın U-21 yığmasına çağırıldı. Onunla bağlı fikriniz necədir? Onu da Ramil Şeydayev kimi ruslardan “oğurlamaq” olarmı?

– Bütün futbolçular nəzərimizdədir. Bu gün hansısa bir futbolçunun millimiz üçün faydası olacağını bilsək, onu bura gətirməkdən çəkinmərik. Hamısı ilə danışacağıq. Hər birini izləyirik.

– Bu gün aşağı yaş qruplarında xeyli milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki siz yığmaya yeni gələndə, bu cür futbolçuların sayının azalacağı güman olunurdu…

– Hansı məşqçini dindirsən, deyəcək ki, istedadlı futbolçulara ehtiyacımız var. Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Əlbəttə, biz ilk növbədə azərbaycanlı futbolçuların xidmətindən yararlanmalı, yerli futbolçuların yetişdirilməsinə diqqət ayırmalıyıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq. Milliləşdirilmiş futbolçuların sayı bizdə də get-gedə azalır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png