ONN İnformasiya Agentliyi

Habil Qurbanov: “Azərbaycanın “Dəmir Yumruğ”u erməni faşizminin belini qırdı”

Habil Qurbanov: “Azərbaycanın “Dəmir Yumruğ”u erməni faşizminin belini qırdı”
06 Noyabr 2021 - 21:47

“Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, “Dağlıq Qarabağ” münaqişəsinin hərbi həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Bu gün artıq qalib Azərbaycan var, işğaldan azad edilmiş torpaqlarımız var, yox olan isə “Dağlıq Qarabağ” adında ərazi vahidi və onun ətrafında süni şəkildə yaradılmış münaqişədir.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov deyib.

Müsahibimiz bildirib ki, Azərbaycan Ordusunun Vətən müharibəsinin ilk günündən ardıcıl qələbələr qazanması danılmaz faktdır. Bununla belə məhz Şuşanın azad olunması müharibənin başa çatmasını şərtləndirən əsas zərbə oldu: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Əlbəttə ki, dövlət başçımızın bu əminliyi son 17 ildə həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticələrinə əsaslanırdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Bütün bu tədbirlər öz nəticəsini verdi. Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya sahib olan dövlətə çevrildi. Əlbəttə ki, Ermənistanın bizim qarçımızda heç bir şansı yox idi. Bu ölkə üçün ən əlverişli variant Azərbaycan Prezidentinin tövsiyyələrini eşidib öz işğalçı qüvvələrini ərazilərimizdən çıxarmaq idi. Lakin xarici havadarlarına güvənən Ermənistan bunu etmədi və sonda rüsvayçı məğlubiyyətin acısını çəkməli oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində ordumuz bir çox əhəmiyyətli qələbələr qazansa da məhz Şuşanın işğaldan azad olunması hərbi əməliyyatların başa çatmasını şərtləndirən əsas zərbə rolunu oynadı. Bu zərbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Bu sənədin imzalandığı an hələ də işğal altında olan digər rayonlarımız – Ağdam, Laçın, Kəlbəcər rayonları artıq Üçtərəfli Bəyannamənin şərtlərinə görə qan tökülmədən özümüzə qaytarıldı.”

Daha sonra Habil Qurbanov Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışaraq bunları deyib: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə beynəlxalq müstəvidə hüquqi məsuliyyət daşımalıdır.”

Sonda Habil Qurbanov belə bir məqamı da qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyidir: “Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Əlbəttə ki, 50 siyasi partiyanın Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşib, birgə dəstək bəyanatı imzalamaları möhtəşəm siyasi həmrəylik nümayişi idi. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümü idi. Müharibədən əvvəlki dövrə təsadüf edən son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunması, etibarlı münasibətlərin formalaşması və siyasi partiyaların fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstək məhz bu şəkildə öz nəticələrini göstərdi. Azərbaycanın “Dəmir Yumruğ”u erməni faşizminin belini qırdı. Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsilə başa çatdı.” /aia.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png