ONN İnformasiya Agentliyi

Muğam aləminə böyük arzularla qədəm qoyan gənc filoloq, xanəndə- VİDEO

Muğam aləminə böyük arzularla qədəm qoyan gənc filoloq, xanəndə- VİDEO
14 İyul 2018 - 21:14

Gənc xanəndə Mehranə Vəliqızı indi bir çox muğam sevərlərin diqqət mərkəzindədir. Böyük ustad Mənsum İbrahimovun istedadlı tələbələrindən biri olan Mehranə xanım muğama, sözə  ciddi münasibəti ilə diqqəti cəlb etməklə  gəlməkdədir. Bu yaxınlarda  lentə aldırdığı iki yeni ifası – “Qarabağ şikəstəsi” və “Şirvan şikəstəsi” onun böyük potensialından, muğam dünyasında ciddi bir ifaçı olacağından xəbər verir. Müxbirimiz Mehranə xanımdan müsahibə almışdır.

  • Sizin barənizdə söhbət etdiyim, Sizi tanıyan musiqiçilərin hamısı gözəl səsinizlə yanaşı, eyni zamanda sözə çox həssaslığınızdan danışdılar. Sözə bu qədər diqqət verməniz əsas səbəbləri? Şairə deyilsiniz?
  • Xeyr şairə deyiləm, heç zaman şeir yazmamışam. Amma mən Azərbaycan Milli Konservatoriyasına daxil olmazdan əvvəl Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Uşaqlıqdan poeziyanı çox sevmişəm. Atam anam da musiqi, ədəbiyyat həvəskarlarıdır və onlar evdə çox zaman oxunan mahnıların sözlərini müzakirə ediblər. Mənim də qəlbimdə hər zaman ifa olunan hər bir musiqi parçasında sözlə musiqinin biri-birinə nə qədər uyğun olması, biri biri ilə necə ahəng yaratmasını təhlil etmək sanki bir daxili təlabat olub. Elə bu istəklə də öncə BDU-da təhsil almağı qarşıma məqsəd qoymuşdum, çox şükür ki arzuma, istəyimə nail oldum. Filologiya fakültəsində çox dəyərli ziyalılardan – ədəbiyyatşünas alim Məti Osmanoğlu, professor Yeganə İsmayılova, türkoloq alim Məhərrəm Məmmədov, folklorşünas alim Məhəmməd Məmmədli, dilçi alim Elçin Məmmədov və başqalarından təhsil almışam. Onların verdiyi bilik mənim sözə qarşı həssaslığımın artmasında mühüm rol oynayıb.
  • Uşaqlığınız harada keçib? Həmin dövr Sizin musiqi dünyasına gəlmənizə nə dərəcədə kömək edib?

Ucar rayonu Ramal kəndində doğulmuşam. Orta məktəbi də orada bitirmişəm. Həmin məktəbdə çox gözəl müəllimlərimiz olub. Valideynlərimlə yanaşı, həmin müəllimlər də mənim musiqiyə, muğama, sözə münasibətimdə çox böyük rol oynayıblar. Həmin müəllimləri hər zaman ən doğmalarım kimi xatırlayıram.

  • Muğam dünyasına yenicə qədəm qoyursunuz. Bu aləm Sizi hansı sehri ilə çəkir?
  • Azərbaycanlı olmağın bir böyük xoşbəxtliyi də belə bir muğamımızın olmasıdır. Tək elə muğamımız bizim xalqımızın necə bir böyük potensialı olmasından, onun keçib gəldiyi tarixdən, onun qüdrətindən xəbər verir. Muğamın arxasında həyatın, dünyanın əsl, müdrik fəlsəfəsi dayanır. Muğam barədə fikirlərimi öz ustadlarımdan biri olan gözəl şairimiz, dünyada tanınan bir filosof alim Əhməd Qəşəmoğlunun sözləri ilə ifadə etmək istəyirəm. O deyir ki, muğam insan qəlbinin kainata köklənməsi məqamında kainatdan axıb gələn ahəngin səsidir. Onun fikrincə, qərb musiqisi təbiətdən axıb gəlir, muğam isə qeybdən – ilahi bir aləmdən. Bu fikirlə tam razıyam. Muğam insanın mənəvi dünyasının musiqisidir. İnsan öz mənəvi dünyası ilə ahəngdə olanda daha gözəl olur. Ona görə də belə bir muğam məktəbi yaradan xalqımız çox böyük xalqdır. İndi dövlətimizin, xüsusi ilə də çox dəyərli ziyalımız Mehriban xanımın muğama göstərdiyi bu qayğı böyük əhəmiyyət daşıyır. Bu diqqət milli mənəviyyatımıza, milli tərəqqimizə xeyli kömək edəcəkdir.
  • Bu aləmdə öz yerinizi necə təsəvvür edirsiniz?

Bu sualın özü belə məni qorxutdu. Bu qədər dahi muğam ustadlarının olduğu bir aləmdə mənim kiçik bir yerim olsa belə fəxr edərəm. Mənim bu aləmdəki yerim hələlik möhtəşəm, cah-cəlallı bir sarayda ləl-cavarihatın üzərinə qonmuş tozu təmizləmək ola bilər. Bu mənada, bir filoloq kimi ürəyimdən keçənlər var. Məsələn, bəzi ifaçılarımız hərdən söz seçəndə  tələsərək, sözlərin məzmununa, musiqiyə nə dərəcədə uyğun olmasına diqqət etmirlər. Yaxud muğam musiqisinin ilahiliyinə uyğun olmayan, qafiyəbazlıqdan gələn sözlər seçirlər. Çox istərdim ki, bu məsələlərə diqqət yetirilməsinə kömək edə bilim. Elə buna görə də, inşallah, həm də gələcəkdə ciddi elmi fəaliyyətlə də məşğul olmaq istəyirəm. Artıq, tanınmış ədəbiyyatşünas, professor Tahirə Məmmədlə də bu barədə fikir mübadiləmiz olub. İndinin özündə də onun tövsiyyələrindən çox bəhrələnirəm.

  • Hər bir xanəndənin həyatında ən mühüm rol oynayan insan onun ustadıdır. Bu barədə Sizin bəxtiniz gətirib. Öz istedadı, mədəniyyəti, davranışı ilə hamının rəğbətini qazanan görkəmli xanəndəmiz professor Mənsum İbrahimovun tələbəsisiniz.
  • Bəli, buna görə çox şanslıyam. Biz tələbləri ondan həm muğamın incəliklərini öyrənirik, həm də mənəviyyatlı musiqiçi olmağın əsas şərtlərini. Ustadımın Mənsum müəllim olması məndə muğamla məşğul olmağa həm böyük həvəs yaradır, həm də inam verir. Allah qismət etsin ki, onun adına layiq bir fəaliyyətim olsun.
  • Yenicə iki şikəstəni lentə almısınız. Bu ifalarınıza Mənsum müəllimin, başqa görkəmli sənətkarlarımız da münasibəti necə oldu?
  • Çox sevinirəm ki, ustadım Mənsum müəllim bu ifanı bəyəndi və bununla bağlı rəy də yazdı. Bu rəy həyatda aldığım ilk böyük mükafatlardan biridir. Eyni zamanda muğam aləmində böyük nüfuzu olan əməkdar artist AMK-nın dosenti Təyyar Bayramovun Şirvan şikəstəsinə müsbət reaksiya verməyi mənə böyük ruh verdi, çünki o özü də sözə diqqət verən ustadlardandır.
  • Aşıq musiqisinə də böyük marağınız olması barədə də eşitdik. Bir az da bu barədə danışa bilərsinizmi?
  • Bəli, aşıq musiqisi də mənim ruhumu dindirən musiqidir və mən buna çox şadam. Aşıq musiqisində bir təmiz türk ruhu var. Məncə aşıq musiqisindən bəhrələnən muğam da milli ovqatda olur, daha ecazkar olur. Bəlkə elə Azərbaycan muğamının da bütün başqa muğam məktəblərindən fərqli olaraq dah çox inkişaf etməsinin bir sirri də budur. Çalışacağam ki, yaxın vaxtlarda sazda ifa etməyi də öyrənim. Bu sahədə də hələlik qəlbimdə olan, ustadlarımla məsləhətləşdiyim planlar var.
  • Dediniz ki, muğam aləmində sözlərin məzmunlu, muğam nəfəsinə uyğun olmasına hər zaman diqqət vermək, musiqi ictimaiyyətinin diqqətini bu məsələyə çevirməyə xüsusi əhəmiyyət verirsiniz. Bəs sözlə, poeziya ilə bağlı məsləhət aldığınız insanlar da varmı?
  • Əlbəttə, bu sahədə də mənə təmənnasız kömək edən insanlar var, sağ olsunlar. Bu sahədə ustadım, çox fərqli bir şair, Əhməd Qəşəmoğludur. Onun tanınmış bir filosof olması, muğamın fəlsəfəsini dərindən duyması hesabınadır ki, biz onunla yaradıcılıq əməkdaşlığı edirik. Artıq onunla birlikdə bir neçə muğam parçasına oxunan sözləri yenidən işləmişik. Hər xanəndənin onu duyan bir şairə də ehtiyacı var. Bu baxımdan mənim bəxtim gətirib. Əhməd müəllim muğam üçün mətn yaza bilən çox az şairlərimizdəndir. Qeyd etdiyim kimi, bir görkəmli ədəbiyyatşünas kimi AMEA-nın Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin tövsiyyələri çox qiymətlidir. Eyni zamanda AMEA Publisistika və mətbuat tarixi şöbəsinin müdiri professor Asif Rüstəmli ilə də bu sahədə müzakirələrimiz az olmur. Ümumilikdə Azərbaycan Milli Elmlər Akademiyasının bir çox alimləri ilə tez-tez məsləhətləşirəm.
  • Anladım ki, muğam aləmində mühüm dəyişikliklər etməyə iddialısınız.
  • İddialı bir az böyük səslənir. Amma bu sahədə çox böyük arzularım, planlarım var.
  • Yaxın planlarınız?
  • Əvvəl dediyim ki, mənim aşıq musiqisinin sehrindən bəhrələnmək planlarım da var. Yaxınlarda yeni bir aşıq musiqisini, başqa iki şikəstəni də yeni bir tərtibdə lentə aldırmaq istəyirəm. Ən əsası isə, istər musiqi, istərsə də ədəbiyyat sahəsində biliklərimi artırmaq arzusundayam. Fəlsəfə elminə də marağım günü-gündən artmaqdadır.
  • Sizə böyük uğurlar arzulayıram.
  • Mən belə diqqət ayırdığınıza görə təşəkkür edirəm.
  • Natəvan
ONN İnformasiya Agentliyi
image_printÇap Et
Muğam aləminə böyük arzularla qədəm qoyan gənc filoloq, xanəndə- VİDEO
Muğam aləminə böyük arzularla qədəm qoyan gənc filoloq, xanəndə- VİDEO
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png