ONN İnformasiya Agentliyi

Musa Yaqub: “Heç bir zaman sandıq şeirlərim olmayıb”

Musa Yaqub: “Heç bir zaman sandıq şeirlərim olmayıb”
11 Dekabr 2017 - 20:37

 Bu gün Azərbaycan ədəbiyyatında öz dəst-xəti olan, bədii-fəlsəfi şeirlər müəllifi, hər kəsin tanıdığı və yaradıcılığına sonsuz məhəbbət bəslədiyi şair Musa Yaqubun poeziya dünyası bitib-tükənməz incilərlə zəngindir. Musa Yaqub yaradıcılığının ədəbiyyatımızın zənginləşməsində özünəməxsus töhfələri var. Bədii təfəkkürün inkişafında Musa Yaqubun şeirləri oxucuya bədii-fəlsəfi dünyanın dərkində köməkçi olur. Hər oxucunun ürəyi ilə yazan şair könüllərdən-könüllərə köçərək ədəbiyyat tarixində silinməz izlər buraxır.

            Bu gün şairlə eyni bir zamanda yaşamaq sadəcə qürur vericidir. Uca Allahın bizə verdiyi bu fürsətdən istifadə edərək Musa Yaqubun qonağı olduq və şairin yaradıcılığı ilə daha yaxından tanış olmağa çalışdıq. Şairlə söhbətimiz əsasında bir daha şairliyin bir vergi olduğunu anladım. Onun hər bir sözü, baxışı və hərəkəti bir şeir idi. Həqiqətən yaddaqalan söhbətimiz oldu. İndi isə əziz oxuculara bu müsahibəni təqdim edirik:

            – Musa müəllim, öncə ədəbiyyata gəlişinizdən söhbət açardız. Həmçinin İsmayıllı və ətraf rayonlarda sizin dövrdə formalaşan ədəbi mühit haqqında danışardız.

                – Ümumiyyətlə, atam və anam oxumuyublar. Onlar savadsız insanlar olub. Həqiqətən maraqlıdır: “Mən ədəbiyyata nədən həvəslənmişəm?”. Sizə deyim ki, 18-ə yaxın dastan və şeirləri atam və anamda əzbər bilirdilər. Onlar aşıqları çox sevirdilər. Vaxtı ilə bizim kişilə “aşıq-aşıq” oyunu oynayırdılar. Bizim vaxtımızda çox maraqlı oyunlar vardı. İnsanlar bütün toylara aşıqlar gətirirdi. Onlar həm əylənirdilər, həm də aşıqlardan öyrənirdilər. Bir dəfə Aşıq Şamil və Əli Kərimovu gətirmişdilər. Balaca klubda oturmağa yer yox idi. Bizi rəfdə oturdular. Aşıq Şamil dastan danışdıqdan sonra fasilə verdi. Dastanı yenidən danışmağa başlayanda birdən dedi: “Kim deyər dastan harda qalmışdı?”. Adətən aşıqlar arsında bu cür dəb vardı. Həmin an mən dastanın harda qaldığını dedim. Bu zaman atam mənə diqqətlə baxdı və mənə pul verdi. Demə adət belə imiş. Sizə danışdığım əhvalat təxminən 1945-1946-cı illərin söhbətidir. Mənim bu zaman 8-9 yaşım olardı. Yəni həmişə şeirlə, dastanla, aşıqla böyümüşük. Bunlar həmin dövr üçün bizim ən böyük məktəbimiz olub. Bunu birinci ədəbi aləm adlandırmaq olar.

            Sonralar ədəbiyyatı çox sevməyə başladım. Biz ibtidai təhsil aldıqdan sonra yeddiillik məktəb oxumağa gedirdik. Buynuz kəndindən Topçu kəndinə yeddiillik məktəb oxumaq üçün hər səhər 6 km məsafə qət edirdik.. Bir neçə aydan sonra mən məktəbdə əlaçı oldum. Birdəfə məktəbimizdə Sabir adlı bir oğlan Stalinə şeir yazmışdı. Bu məni çox heyrətləndirdi. Öz-özümə dedim: “Şeir yazmaq nə cürdür?, Şeir necə yazılır?”. Sabir şeirini oxuyarkən özümü çox mənasız saydım. Çünki mən əlaçıyamsa “niyə mən şeir yaza bilmiyim”,-deyə düşündüm. Bu əlbəttə uşaqlıq hissləri idi. Evə gəldikdən sonra bir xeyli düşündüm. Başladım məndə şeir yazmağa. Şeirlərimi Koroğluya, Moskvaya həsr edirdim. Yavaş-yavaş şeirlər yazaraq bunları oxutdururdum. İlk şeir yazmağım belə olub. Ancaq şair Sabir nədənsə sonralar şeir yazmadı.

            Mən sonralar Göyçay Pedaqoji Məktəbinə getdim. Bizim məktəbə APİ-dən tez-tez qonaqlar gəlirdi. Bir dəfə qonaqlar arasında Cənizadə adlı bir nəfərdə vardı. O Səməd Vurğunun “Şair nə tez qocaldın sən..” şeirini oxudu. Bu şeiri hələ eşitməmişdim. Ümumiyyətlə, Səməd Vurğunu mən çox sevmişəm. Hər dəfə gələn qonaqlarla da ünsiyyət qururdum.

            Daha sonralar “Bülbül”, “Ana və Vətən”, “Ana” və s. şeirlər yazmağa baladım. Rayonda çoxlu tədbirlər keçirilirdi. Tədbirlərdə çox zaman mən çıxış edirdim. Beləcə Göyçayda məşhurlaşdım. Hətta Göyçayda ilk məhəbbətə belə tutuldum. Ona şeirlər həsr etdim. Amma bu məhəbbət baş tutmadı. Adını isə demək istəmirəm.

            Məktəbi bitirdikən sonra Tircan kəndində müəllim işlədim. Burada bir poema yazmağı fikirləşdim. Bu poemam “İki qəlb, iki dünya” adlanırdı və yazaraq Məmməd Rahimə göndərdim. Poemam 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dörd nüsxə ardıcıl çap olundu. Poema çap olunandan sonra çoxlu məktublar aldım.

            Ədəbi mühitimizdə yazan insanlar olub. Belə insanlardan biri də Bəbirov Sərxan idi. Nədənsə sonralar bu şəxsdə yaradıcılığını davam etdirmədi. Baba Vəziroğluda çox gözəl şeirlər yazırdı. Müxtəlif insanlar yaradıcılığa maraq göstərirdilər. İsmayıllı rayonun “Zəhmətkeş” qəzetinin nəzdində dərnəyimiz vardı. Dərnəyə mən rəhbərlik ediridim. Dərnəyin adı “Dağ çiçəkləri” adlanırdı. Burada bəyənilən şeirlər rayon qəzetində çap olunurdu. Oradan bir çox qələm insanları yetişdi. Adlarını da çəkə bilərəm – Məmməd Mirzə, Baba Vəziroğlu, Maarif Soltan və başqa ədəbiyyat insanları formalaşdı. Bakıya köçənə kimi dərnəyimiz fəaliyyət göstərdi. Hətta dərnəyimizə qonşu rayonlardan gələnlərdə vardı. 

            Mən televiziyalarda çıxış edirdim. Kanallar məni tez-tez çağırırdı. Buna görə də tanınmağım daha da sürətləndi. Hətta rayonumuza qonaqlar gələndə məni çağırırdılar. Onlarla ünsiyyət qururdum və bir çoxu məni artıq tanıyırdılar.

            – Müasir Azərbaycan ədəbiyyatını necə şərh edərdiz? Bugünkü ədəbiyyatımızla sovetlər dönəmindəki ədəbiyyatımız arasında fərqlər var?

            – Bugünkü ədəbiyyatımızın inkişafı elədə ürək açan deyil. Sovetlər dövründə idealogiyaya dövlət tərəfindən xüsusi xətt verilirdi. Ədəbiyyatda ideoloji işə mənsub idi. O dövrlərdə görüşlər, tədbirlər çox yaxşı keçirilirdi. Senzura var idi. Buna görə də hər əsəri çap eləmək asan deyildi. Əsər senzuradan keçməli idi. Bir şeyi də deyim ki, mən partiya şeirləri yazmamışam. Ana, vətən, torpaq mövzusunda şeirlər yazmışam ki, bunlarda partiya siyasətini təmin edirdi. Mənə heç kəsdə demiyib ki, kimdənsə yaz. Vaxtı ilə sandıq şeirləri dəbdə idi. İnanın heç bir zaman sandıq şeirlərim olmayıb. Sovetlər dövründə senzora görə, dövlət nəzarəti daha çox idi. Amma indi senzor götürülüb. Artıq bir çox nəşriyyat fəaliyyət göstərir və saysız kitablar çap olunur. Bu gün yaxşı əsərlə, pis əsəri tapıb bir-birindən fərqləndirmək çox çətinləşib. Bu gün Mədəniyyət Nazirliyi kitabları televizorlarda reklam eləsə daha yaxşı olar. Bunu biz ədəbiyyatçılar xahiş edirik. Həm də oxucu bilər ki, hansı kitabı oxumaq lazımdır.

             – Aşıq yaradıcılığından kimləri oxuyubsuz? Hansı aşıqların yaradıcılığı sizlərə təsir göstərib?

            – Məsələn, mən Aşıq Ələsgəri çox sevirəm. Buraya Aşıq Əmrahıda əlavə edə bilərəm. Ümumiyyətlə, yaradıcı aşıqları çox sevmişəm. Vaxtı ilə Aşıq Şamilə şeir də həsr etmişəm. Aşıq sənəti xalqın taleyindən ayrılmaz bir sənətdir.

            – Tanınmış aşıq Dədə Ədalət haqq dünyasına qovuşdu. Onun ifalarına qulaq asırdız?

            – Dədənin ifalarına çox qulaq asmışam. Sağlığında oda məni tanıyırdı. Mən onu, oda məni sevirdi. Vaxtı ilə Dədə Ədalətlə yanaşı Aşıq Cavan, Aşıq Əsədi də görmüşəm və maraqlı söhbətlərimiz olub.

            – Bəs Musa müəllim, yaradıcılığınızda satirik şeirlər varmı? Buna nə qədər yer veribsiz?

            – Əlbəttə, satirik şeirlərim var. Yaradıcılığımda az sahə tutsada bunları əsl sandıq şeirləri adlandırıram. “Müəllim babalar”, “Şortik” və s. satirik şeirlərim var.

            – Tovuz ədəbi mühitindən şair və ya aşıq dostlarınız varmı? Kimləri xatırlayırsız?

            – Aşıq Şəmsəd Rza Tovuzdan olan ilk tanışım və dostum olub. Onunla aramız çox yaxşı idi. Təəssüflər olsun ki, deputat olandan sonra ona diqqət edə bilmədim. Vaxt məhdudiyyətim buna imkan vermədi. Həmişə də bunun xəcalətini çəkmişəm. Bununla yanaşı Aşıq İmran, Aşıq Əkbər, Aşıq Azaflı Mikayıl, Məmməd İsmayılla və bir sıra şair və aşıqlarla yaxşı münasibətim olub. Həmçinin Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin oğlu Çingiz Ələkbərzadə ilə çox yaxın olmuşuq. Onun anası Tovuzlu idi və onlara çox gedib-gəlirdik. Məmməd İsmayılın evində olmuşam. Məmməd İsmayıl dostumdur. Ona “Salam” adlı şeir yazmışam. Sonra mənə cavab şeiri də yazmışdı.

            – Musa müəllim, yaşadığınız ömürdən razısız? Bu ömürə heyfsilənmirsiz ki?

            – Bəli, razıyam. Həyatımın heyfini keçen günlər kimi yaşayıram. Yəni, keçib getdi. Sizə deyim ki, mən çətin günlər yaşamışam. Aclıq nə olduğunu yaxşı bilirəm. Kolxozda işləmişəm, çarıq geyinmişəm. Belə ağır, zülümlü günlər görmüşəm. Amma inamımız böyük idi. Buna görə də hər şeyə dözdüm. Hər şeyə güvənirdim.

            – Sonda oxuculara sözünüz nədir?

            – Oxuculara sözüm budur ki, yaxşı oxucu olsunlar. Çox yüksək intellektual səviyyəli şeirləri sevsinlər. İndi yaxşı və pis bir-birinə çox qarışıb. Bunlara çox vaxt sərf etməsinlər. Vaxtında oxusunlar. Sonra vaxt olmayacaq. İndiki uşaqlar oxumurlar. Mən vaxtı ilə uşaq yaşlarımda çoxlu kitab oxumuşam. Kitab oxumaq tamam başqadır. Adət-ənənələrimiz var. Sevgi məktubları indi yoxdur. Sevgi məktubları insana əziz və doğmadır. Bir sözlə oxucuları kitab oxumağa qayıtmağa səsləyirəm.

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

 

 

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png