Nicat Muradzadə: “Biz post-pandemiya dövrünün yeni iqtisadi çağırışlarına hazır olmalıyıq”

ONN media koronavirus pandemiyası  mövzüsunda Nicat Muradzadə ilə  hazırlanan müsahibəni  təqdim edir.

Koronavirus pandemiyasından sonra dünyadakı iqtisadi prosseslərin hansı istiqamətdə inkişafı gözlənilir?

Koronavirusun ikinci və üçüncü dalğasının müzakirə edildiyi ərəfədə fikrimcə, pandemiyanın yekunlaşmasından danışmaq üçün hələ tezdir. Reallıq bundan ibarətdir ki, hazırda pandemiyanın fonunda dünyada ciddi bir böhran mövcuddur. Rəqəmlərlə ifadə etsək, təkcə Birləşmiş Ştatlarda,Əmək Nazirliyinin açıqladığı rəqəmə görə son dövrdə işsizlik 7.1 milyona yüksəlmişdir. Bundan əlavə, Beynəlxalq Valyuta Fonduna görə ölkələr üzrə real ÜDM dəyişikliyi keçən illə müqayisədə, ABŞ üçün -6.1%, Avrozona üçün -7.5%, Yaponiya üçün -5.2% və bütövlükdə dünya üçün -3.0% olacaqdır. Mövcud vəziyyətdə hipotez ondan ibarətdir ki, dünya uzun bir müddət bu virusla yaşayacaq və bu hal bizim vərdişlərimizə, eləcə də iqtisadi vərdişlərimizə ciddi təsir göstərəcək. Nəzərə alsaq ki, iqtisadiyyat mahiyyət etibarilə bizim tələbatlarımız əsasında öz fəaliyyətini formalaşdırır, o zaman dəyişən həyat tərzimizin və tələbatlarımızın fonunda iqtisadiyyatın da transformasiyasını istisna etmirəm. Eyni zamanda, bu dövr ərzində formalaşmış qeyri-sistemli risklər, ələlxüsus, biznes subyektlərini böhran idarəetməsi baxımından daha da təkmilləşdirəcəkdir. Əlavə olaraq, dövlətlərin prosseslərdəki dominant rolunun bir müddət daha davam edəcəyi gözlənilir. Bütün bu qeyd etdiyim problematik faktorlar, böhran vəziyyətindəki bəşər övladını yeni iqtisadi nəzəriyyələrin tədqiqinə sövq edəcək və biz, yeni iqtisadi nəzəriyyələr sisteminin formalaşdırdığı mexanizmlərin meydana çıxmasını yaxın illərdə müşahidə edəcəyik.

Qeyd etdiyiniz bu məqamları sahələr üzrə daha da konkretləşdirə bilərsinizmi?

Qeyd etdiyim prossesləri daha da spesifikləşdirsək, deyə bilərəm ki, yaxın dövr üçün bu major dəyişikliklər 3 kateqoriyada səciyyələnəcəkdir. İlk növbədə, rəqəmsallaşmanın daha da yayğınlaşması, ikincisi robotlaşmada ciddi artım və son olaraq lokallaşma tendensiyasının surətlənməsi gözlənilir. Bu kateqoriyalardan birincisi olan rəqəmsallaşma onsuz da, son illərdə geniş vüsət almışdı və pandemiya müddətində biz onun alternativdən daha çox zərurət olduğunu gördük. O cümlədən, 4-cü sənaye inqilabı nəticəsində robotlaşma istiqamətində də kifayət qədər ciddi irəliləyişlər əldə olunsa da, ona qarşı xüsusilə, yüngül sənayedə bir impedans var idi. Başqa sözlə, pandemiya ilə mübarizə məhdudlaşdırıcı tədbirlər tələb etdiyindən, bu hal insan əməyindən istifadəni də minimallaşdırmaqla yanaşı istehsal prossesinə də ciddi təsir edirdi. İlk hissədə də qeyd etdiyim kimi pandemiyanın 2-ci və 3-cü dalğasının öz aktuallığını qoruduğu bir zamanda sənaye müəssisələri riskləri minimallaşdırmaq məqsədi ilə robotlaşmanı istehsal prossesinə inteqrasiyaetməyə məcbur olacaqlar. Sonuncu məqam lokallaşma da qloballaşmadan qlokallaşmaya keçid konteksində kifayət qədər aktual idi. Miqrant böhranları, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri, “BREXIT” prossesi lokallaşma meyllərinin ilkin addımları idi və mövcud vəziyyətdə pandemiya nəticəsində hər cürə iqtisadi, siyasi və mədəni əlaqələrin məhdudlaşması sözügedən tendensiyanın artan xətt üzrə inkişafına təkan verəcəkdir. Buna əlavə olaraq, İtaliya örnəyi və ondan sonra baş verən hadisələr, yəni iqtisadi rekonstruksiya üçün təklif olunan “corona bonds” yaxud “korona istiqrazları”na qarşı bəzi Avropa İttifaqı ölkələrinin qarşı çıxması yaxın gələcəkdə hətta bəzi superittifaq və birliklərin də parçalanması ehtimalını gücləndirir.

Rəqəmsallaşma və robotlaşma anlaşılandır, lakin lokallaşma nəyə görə gündəmə gəlir və nəticələri nə ola bilər?

Əslində bu vəziyyəti şərtləndirən bir çox amillər mövcuddur. Əvvəlki sualda bunlardan bəzilərini qeyd etdim. Əlavə olaraq, deyə bilərəm ki, bu prossesdə təkanverici faktor qloballaşmanın yaratdığı iqtisadi kataklizmlərdir. Məlumdur ki, istənilən böhranın miqyası ilə onun idarə edilə bilmə qabiliyyəti arasında korelasiya mövcuddur. 2008-ci ildəki Qlobal maliyyə böhranı bizə onu göstərdi ki, böhranın miqaysı beynəlxalq xarakter aldıqca, o daha da dağıdıcılaşır və nəticə etibarı ilə, sistemin bərpası baha başa gəlir. Qloballaşmış dünyada isə istənilən kiçik hadisə sürətlə dünyanı ağuşuna alan bir böhrana çevrilə bilər. Bu baxımdan, böhranlardan yorulan sistemin çıxış yolu kimi qlokallaşma konteksində lokallaşmanı rəhbər tutması anlaşılandır. Qeyd etdiyim istiqamətdə artıq, İsveçdə əməli addımlar da atılır. Məsələn, “ReGen Villages Holding” adlı hollandiyalı bir şirkət İsveçdə ətrafdan müstəqil, özü-özünü təmin edə bilən, dayanıqlı və ekoloji cəhətdən təmiz kəndlər dizayn etməyə başlayıb. Makro miqyasda, federativ quruluşların içərisində bu qəbildən olan, özüözünü təmin edən və “ Lokal düşünüb, qlobal hərəkət edən” şəhər-dövlətlərin də meydana çıxması ehtimal daxilindədir. Bəsit formada ifadə etsək, buradakı düstur belədir, lokal böhran kiçik böhran deməkdir, kiçik böhran isə idarəolunan böhrandır.

Pandemiyanın dünya miqyasında işsizliyə səbəb olacağı və bunun da xaotik mühit yaradacağı deyilir. Bu barədə nə deyə bilərsiniz?

Təəsüf ki, pandemiya deyildiyi kimi məşğulluq problemləri yaradacaq və şübhəsiz ki, bu məqam bir qisim sosial-siyasi konfliktlərin alovlanmasına, habelə beynəlxalq miqyasda kriminogen vəziyyətin daha da mürəkkəbləşməsinə rəvac verəcək. Məsələn, Birləşmiş Ştatlarda mart ayında işsizlik 4.4% olduğu halda, mayın əvvəli bu rəqəm 14.7% olmuşdur. Avrozonada ÜDM göstəricisi 2 ay ərzində 3.8% azalaraq, faiz nisbəti baxımında hətta Qlobal maliyyə böhranını geridə qoymuşdur. Nəzərə alsaq ki, işsizlik məsələsində iqtisadi histerezis deyilən fenomen kifayət qədər əhəmiyyətlidir, o zaman pandemiya bitdikdən bir müddət sonra da işsizliyin azalmayacağını demək mümkündür.

Belə çıxır ki, yaxın gələcək heç də yaxşı şeylər vəd etmir?

Mən elə deməzdim. “Yaxın gələcək heç də yaxşı şeylər vəd etmir” bir qədər trafaret ifadə olardı. Xaos nəzəriyyəsinə görə istənilən xaosun bir qanunauyğunluğu vardır. Ona görə də, məhz böhranları zaman-zaman fürsətlər toplusu da adlandırırlar. Aydındır ki, hər bir prossesin qalibi vəməğlubu olur. Pandemiyadan sonrakı dövr üçün iqtisadi strategiyalar formalaşdıran ölkələr, yeri gəlmişkən, Azərbaycan da bu ölkələr sırasına aiddir, prossesin mütləq qalibi olacaqdır. O ki qaldı, ümumən gələcək barəsində mənim düşüncələrimə, mən gələcəyin dünyasının nə Oldos
Hakslinin “Cəsur Yeni Dünya” əsərində, nə də Rey Bredberinin “Farenheit 451” kitabındakı kimi olacağını düşünmürəm. Çünki insanoğlu tarix boyunca öz marağını hər şeydən üstün tutub və bundan sonra da tutacaqdır. Bütün bunlara rəğmən, hesab edirəm ki, vəziyyətdən asılı olmayaraq biz post-pandemiya dövrünün yeni iqtisadi çağırışlarına hazır olmalıyıq.

Son olaraq nə söyləmək istərdiniz…

ONN İnformasiya Agentliyinə  öz  təşəkkürümü bildirirəm.