Novruz Cəfərov: “Qələbə bizimlə olacaq!” – MÜSAHİBƏ

Azərbaycanın Əməkdar artisti, Qızıl dərviş mükafatçısı, dramaturq, Ağdam teatrının baş rejissoru, dəyərli   Novruz Adil oğlu Cəfərov  ONN media –nın  növbəti  qonağı  oldu.  Hörmətli   Novruz  bəylə  hazırladığımız  səmimi  müsahibəni  oxucularımıza  təqdim  edirik.

-Novruz bəy, Azərbaycan və Ermanıstan sərhədinin Tovuz bölgəsində gedən son qarşıdurma – daha doğrusu, Ermənistanın Tovuz bölgəmizə hücum cəhdi haqda nə fikirdəsiz və bu haqda nə deyə bilərsiz?

-Bu gün Azərbaycanın Tovuz sərhəddində baş verənlər, ermənilərin sadəcə növbəti təxribatıdır. Şükür Allaha ki, layiqincə də cavablarını aldılar. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlik Allah qatında nə qədər uca mərtəbə olsada, yenə onların bu gün yoxluğu hamımızı ağrıdır. Ermənilərin əsassız idiaları ucbatından, biz yüz ildir ki, şəhidlər veririk. Hətda sovetlər dönəminin dic və sakit adlandırılan vaxtlarında bele – onlar sakit dayanmayıblar. Hər xəlvətə düşdüklərində; doğum evlərində, xəstəxanalarda və bir çox başqa iş yerlərində bizim millətdən qabaqlarına keçəni məhv etməyə çalışıblar. Bizlər isə əksinə, onlarla yaxşı münasibətlər qurmağa çalışmışıq, kirvələr tutmuşuq, qızlarını evlərimizə gəlin gətirmişik. Azərbaycanın ən səfalı yerlərində ermənilər yaşayıb və hamımızdan da yaxşı dolanıblar. Amma tarix gün kimi bir həqiqəti növbəti dəfə ortaya qoydu ki, ermənilər özlərini bizimlə əbədi və əzəli düşmən hesab edirlər və bunu yüz dəfələrlə sübut ediblər. Birinci Qarabağ müharibəsi dönəmində Şəki teatrı ilə Laçın, Fizuli, Qərvənd, Ağdərə və Mehmanə kəndlərində olmuşam. Onda hələ nizami ordumuz formalaşmamışdı. Bununla belə Azərbaycan könüllülərinin – Qarabağda döyüşərək girmədiyi bir rayon mərkəzi və kənd belə qalmamışdı. Əsgərlərimizin girmədiyi yaşayış məntəqələrindən yalnız Xankəndi və çıldıran kimi bir iki kənd qalmışdı. Çıldıran isə Mehmanə kəndi ilə Xankəndinin arasında idi və bizimkilər oranı bombalayırdılar. Amma 1992 və 1993 -cü illərdəki məlum daxili qarşıdurmalar son məqsədlərimizin qarşısında əngələ çevrildi. Şükürlər olsun indi ölkəmizdə sabitlik və xalqla – dövlətin birliyi mövcuddur. Üçüncü ölkələrin müdaxiləsi olmasa, ordumuz qısa bir müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Yeri gəlmişkən, mən kimlərinsə erməniləri – faşizmlə müqayisə etməyinində əleyhinəyəm. Ermənilər faşizmdən daha azğın, daha qəddar və daha qan içəndir. Onların orta məktəblərdə, universitetlərdə bizim millətlə bağlı aldıqları təlimlərdən və dərslərdən belə nəticəyə gəlmək olar ki, bizimlə əbədiyyətə qədər düşmən olaraq qalmaq istəyirlər. Onlara heç vaxt inanmaq olmaz və yenə də olmaz. Bu səbəbdəndə, biz də işlərimizi və təbliğatımızı bu yöndə gücləndirməli, səfərbər olmalı, ölkədə sabitliyi qorumalı və Qarabağ uğrunda mübarizə Ali baş komandanımızın əmrini gözləməliyik. Biz haqlıyıq və Allah da haqqın tərəfindədir. Qələbə bizimlə olacaq!

 -Aktyorluq  sənətinə  olan arzunuz  nə  zaman  yarandı?

-Arzular əlbətdə ən çox uşaqlıq dövründə yaranır. Xüsusən incəsənət sahəsinə arzu və istək uşaqlıq dövründə yaranmırsa, artıq bu o deməkdir ki, sənin içində, səni yönəldən, danışdıra bilən bir Allah vergisi, istedadı yoxdur. Ağıl kəsəndən sonra sənətlərdən birini  ancaq seçim eləmək mümkündür. Seçim eləmək isə o deməkdir ki, sənin üçün hansı sənətin olmasının o qədər də fərqi yoxdur. Mən isə seçim eləməmişəm, mən elə ilk məktəb illərindən, məktəb səhnəsində kiçik səhnəciklərdə oynayaraq bu sənətin ilk çətin və kələkötür cığırına düşdüyümü anlamışam. Və orta məktəbin son sinifində; Könüllü kənd klubunun səhnəsində, S.S.Axundovun “Tamahkar” pyesində, Qulu obrazını oynayaraq artıq gələcək həyatımda yolumun hara olduğunu dəqiq bilmişəm.

   – 21  il  Şəki  Dövlət Dram  teatrında  çalışmısınız.  Bu  teatrda  uzun  zaman  çalışmağınızın başlıca  səbəbi nədədir?

-Mən ilk olaraq Şəki DD teatrında işləmişəm. Azərbaycan Dövlət İncəsənət institutunun 1975 -ci il buraxılış kursu, hamımız bir yerdə Şəkiyə gedib, orada bu günki Şəki Dövlət Dram teatrını açmışıq. Mən 1997 -ci ilə qədər, yəni 21 il  Şəki teatrında işləmişəm. 1997 -ci ildə Gəncəyə köçmüşəm və o zamandan Gəncə Dövlət Dram teatrında işləmişəm. 2017 -ci ildən isə Ağdam Dövlət Dram teatrının baş rejissoruyam. Harda az və ya çox işləməyim isə bir həyat və tale məsələsidir. Özü də artıq Gəncədə ki, iş stajım Şəkidəki iş stajımı üstələməkdədir.

   -Çəkildiyiniz  dörd  tamaşa  Azərbaycan  televiziyasının  qızıl  fondundadır. Həmin  tamaşaları  xatırlayarkən, o illərə  geri  qayıdaraq  hansı  duyğularla  qarşılaşırsınız?

-AzTv -nin fondunda həm Şəki və həm də Gəncə teatrından rollar oynadığım tamaşalarım var. Duyğulara gəlincə deməliyəm ki, əlbətdə xoş duyğular yaşayıram. Kim ki, rolarının öhtəsindən gələ bilməyib, onun üçün acı ola bilər ki, daha da yaxşı oynaya bilərdi, amma o bunu edə bilməyib. Mənim oynadığım rollarım haqda isə ən tanınmış teatrşünaslar belə xoş sözlər söyləyiblər. Mən öz obrazlarıma həmişə profesanal aktyor kimi yanaşmanın açarını axtarmışam və tapmışam. Bu səbəbdən də mən keçmişimlə qürur duyuram və sənət həyatımda səhvlərə yer qoymamışam.

   -Film, teatr… Çoxmu  fərqlidir  bu  iki  sahədə  aktyorluq?

 -Mən “Dram və kino aktyoru” kursunu bitirmişəm. İkisi də mənim sənətimə aid olan sahədir. Həyatımı əsas teatrla bağlamışam. Teatr bu mənada mənim həyatımdır. Amma kinonun da öz gözəllikləri var. Kinolar tamaşalardan daha çox yaşayır, yayılır, təbliğ olunur, çoxsaylı tamaşaçılara qovuşur və bu baxımdan kinonun bəzən çox böyük üstünlükləri var. Lakin sənətə gələndə teatr yetişmək, sənətin incəliklərini daha yaxşı öyrənmək, profesanal aktyor olmaq üçün sənətin dərinliklərinə baş vurmaq, obrazla iki-üç saat yaşamanın ləzzətini çıxarmaq, roldan-rola dəyişərək kamilləşmək və s. baxımından  üstünlüklər təşgil edir. Teatr aktyoru kino çəkilişlərinə daha tez adaptasiya oluna bilir, nəinki kino aktyoru teatr səhnəsinə. Mən də bir neçə bədii filmə, sənədli, serial və qısa metrajlı filmlərə çəkilmişəm. Belə götürəndə teatrda da, kinoda da aktyorluqla məşğul olmuşam, amma baxmayaraq bu məqamda aktyor oyunlarında bir çox fərqliliklər yaranır. Teatrda iki ay məşq eləmək imkanların var; axtarmaq, sınamaq, dönə-dönə məşq eləmək, analiz aparmaq, obraza müxtəlif yanaşmalar və başqa  imkanların var. Kinoda isə pol sənə veriləndən bir gün sonra da çəkilə bilərsən. Bu çəkiliş bir dublə də alına bilər. Əsas rejissoru qane edə biləsən. Hər iki sənətdə yaşama prinsipləri əsasdır. Birində qısa zamanda, o birində tələsmək lazım deyil. Əlbətdə hər ikisində aktyorun səhnə texnikasından istifadə etmək bacarıqları vacibdir. Bir çəkilişdə rejissor məndən ağlaya bilərsənmi – deyə, soruşdu. Bir dəqiqə çəkə bilsəniz ağlayaram, dedim. Və ağladım. Buna necə nayil oldum? İzah eləmək çox çətindir. Bax kinonun belə qeyri-adi sirləridə var.

-Peşakar sənət insanı  olaraq,  bu  sahədə  çalışan gənclərimizə  tövsiyyələriniz  nələrdir?

-İstedadı varsa çalışmaq, çalışmaq, çalışmaq… Oxumaq, oxumaq, oxumaq… Bədii əsərlər, sənətinə aid kitablar və s. Bu sənət zəhmət tələb edir. Bu sənətlə məşğul olaraq, mən 28 yaşında uşaq musiqi məktəbinə qarmon dərslərinə getmişəm. Notları və qarmonu öyrənmişəm. Gitara və sazda çalmağı mənimsəmişəm, rəqsi öyrənmişəm, fotoqrafyanı öyrənmişəm, qrim sənətinə yiyələnmişəm, rejissorluğun sirlərini araşdırmışam və tamaşalar qoymuşam. Bu misalları ona görə sadaladım ki, aktyorlar bilsin ki, incəsənətin hər sahəsinin aktyor sənətinə dəxli var. İstedadlı gənclər dayim axtarışda olmalıdır. Bu sənətin qurtara bilən mərtəbəsi yoxdur, nə qədər yuxarı qalxa bilmək isə sənin öz əlindədir. İstedadı olmayan gənclərə isə heç bir məsləhətim yoxdur. Onlar vaxtında teatrdan getsələr yaxşıdır.

-Novruz  bəy,  səmimi  müsahibə  üçün təşəkkür  edirəm. Sizə  yeni  işlərinizdə  uğurlar  arzu  edirəm.

-Səidə xanım, diqqətə  görə  Sizə  və  ONN İnformasiya Agentliyinə  öz  təşəkkürümü  bildirirəm.

Səidə Seyidova