Ölkəmizin hər yerində Azərbaycan qanunları işləməlidir

Ordumuz 44 günə xariqələr, heç kimin gözləmədiyi qəhrəmanlıqlar, səlnamələr yaratdı.

Yunus Oğuz: “Başqa dövlətlər də bundan dərs çıxartdı ki, Azərbaycan Ordusu necə döyüşkən ordudur və onun Ali Baş Komandanı da qarşısına qoyduğu istənilən hədəfi, məqsədi həyata keçirə biləcək bir Ali Baş Komandandır”

Sentyabrın 27-də başlanan erməni təxribatı və ona qarşı təşkil edilən əkshücum əməliyyatı artıq başa çatdı. 44 günlük hərbi əməliyyatlar Azərbaycanın qələbəsi, zəfəri ilə yekunlaşdı və Ermənistan təslimçilik sülhünə razı oldu. Bəs görəsən bundan sonrakı proseslər hansı məcrada davam edəcək? Ermənistanda daxili siyasi gərginlik və hakimiyyət dəyişikliyinin əldə edilən razılaşmanın pozulmasına təsiri mümkündürmü? Bu və digər suallarla Milli Vəhdət Partiyasının sədri Yunus Oğuza müraciət etdik.

-Yunus bəy, sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar artıq başa çatdı. İstər ötən 44 gün ərzində cərəyan edən prosesləri, istərsə də bundan sonrakı gözləntiləri necə xarakterizə edərdiniz?

-Əvvəla Azərbaycan xalqını bu qələbə, zəfər münasibətilə təbrik edirəm. Ordumuz 44 günə xariqələr, heç kimin gözləmədiyi qəhrəmanlıqlar, səlnamələr yaratdı. Düşünürəm ki, başqa dövlətlər də bundan dərs çıxartdı ki, Azərbaycan Ordusu necə döyüşkən ordudur və onun Ali Baş Komandanı da qarşısına qoyduğu istənilən hədəfi, məqsədi həyata keçirə biləcək bir Ali Baş Komandandır. Hərbi əməliyyatlardan sonra əldə edilən razılaşmaya gəlincə, təbii ki, burada müəyyən texniki məsələlər də var və həmin texniki məsələlərə diqqət yetirilməlidir. İlk növbədə onu nəzərə almalıyıq ki, qələbəmizin ən mühüm şərti erməni ordusunun tamamilə Dağlıq Qarabağdan çıxarılmasıdır. Bundan sonrakı mərhələdə isə inzibati məsələlərin həllinə başlanılacaq. Artıq Ermənistanla sərhəd olan 135 kilometrlik sərhəd xəttimiz də bərpa olunub. Başqa bir mühüm amil isə Türkiyənin regiona gəlməsidir. Söhbət Azərbaycanda sülhün təminatçısı olan bir dövlətdən gedir. Ən əsas məsələlərdən biri isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında dəhlizin açılmasıdır. 30 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın quru yolu bağlanıb və bu quru yoldan istifadə edə bilmirik. Yalnız İran İslam Respublikasının ərazisindən keçməklə Muxtar Respublika ilə quru yolu ilə əlaqə mümkün olurdu. Bu isə Naxçıvanın, ümumilikdə Azərbaycanın inkişafına mane olurdu. Hesab edirəm ki, yaxın vaxtlarda həmin dəhliz də açılacaq və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında gediş-gəliş bərpa ediləcək. Yerdə qalan digər məsələlər isə texniki məsələlərdir.

-Texniki məsələlər dedikdə nələri nəzərdə tutursunuz?

-İlk növbədə Azərbaycan qanunları hər yerdə işləməlidir. Qarabağın hər bir yerində, istər erməninin qaldığı, istərsə də qalmadığı ərazilərin hər bir yerində hər kəs Azərbaycan qanunlarına tabe olmalıdır. Azərbaycan qanununa görə, ölkədə ikili vətəndaşlıq yoxdur və o zaman ermənilər məcbur olub ya Azərbaycan pasportu alacaq, ya da çıxıb gedəcəklər. Çünki istər Xankəndində, istərsə də digər ərazilərdə olsun, bütün yerlərdə Azərbaycan qanunları işləməlidir. Eyni zamanda həmin şəhər və rayonlardakı bütün təyinatlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməlidir. Əgər Azərbaycanın qanunları hər yerdə işləyəcəksə və buna şübhə də yoxdur, o zaman Azərbaycan bayrağı da Xankəndi daxil olmaqla hər bir ərazidə dalğalanmalıdır. Əgər kimsə burada Azərbaycan qanunları ilə yaşamaq istəyəcəksə, buyurub yaşasın. Azərbaycan qanunları ilə yaşamaq istəməyənlər isə çıxıb gedəcəklər. Hesab edirəm ki, onların əksəriyyəti Azərbaycandan getməyə üstünlük verəcək. Çünki bunun başqa yolu yoxdur.

-İki ölk arasında rəsmi şəkildə müqavilənin bağlanması nəzərdə tutulurmu?

-Əgər iki dövlət arasında rəsmi şəkildə müqavilə bağlanmayacaqsa, o zaman Azərbaycanla Ermənistan arasında keçid buraxılış məntəqələri də olmayacaq. Çünki bunun üçün dövlətlərarası müqavilə olmalıdır. Yəni istədiyin zaman Ermənistana gedib, istədiyim zaman Azərbaycana qayıtmaq söhbəti yoxdur. Hər şey həmin müqaviləyə əsasən tənzimlənməlidir. Həmin müqavilə imzalanıb qüvvəyə minəndən sonra Xankəndində yaşayacaq ermənilər istəsələr İrəvana, istəsələr Birləşmiş Ştatlara, yaxud Fransaya Makronun yanına gedə bilərlər. Fərq etməz. Əsas odur ki, Azərbaycan qanunları işləsin və düşünürəm ki, Azərbaycan qanunları bütün işğaldan azad edilən ərazilərimizdə işləyəcək. Çünki ermənilərin bir vaxtlar zorla girdikləri Kəlbəcər və Laçın indi də zorla boşaldılır və hesab edirəm ki, düz də edirlər. Necə gəlmişdiniz, elə də gedin. Əgər ermənilər Azərbaycan qanunlarına tabe olmayacaqlarsa, o halda nə müavinət, nə pensiya ala biləcək, nə də hər hansı xidmətlərdən istifadə edəcəklər. Beləliklə, Azərbaycanda yaşamaq hüququ onların üzərindən götürüləcək. Eyni zamanda hazırda Xankəndində vəzifə tutan ermənilərin bir nəfəri də qalmayacaq və onlar da oradan çıxıb gedəcəklər.

-Yeri gəlmişkən Ermənistanda baş verəcək hakimiyyət dəyişikliyi bu ölkənin müqavilədən boyun qaçırmasına səbəb ola bilərmi?

-Əgər Ermənistan onun qarşısında qoyulan şərtlərə əməl etməkdən boyun qaçırsa, o zaman ordumuz yenidən hücuma keçəcək və bunun Ermənistan üçün daha pis nəticələri olacaq. Ermənistanın bütün hərbi hissələri bir nəfərinə qədər hamısı Azərbaycandan çıxmalıdır. Əgər Ermənistan bundan imtina edəcəksə, o zaman günah onun özündə olacaq və artıq Rusiya da bu prosesi dayandıra bilməyəcək və Azərbaycan Ordusu yenidən hücuma keçərək Ermənistanı daha biabırçı sülhə məcbur edəcək. Ordumuz ona görə öz yerindədir və bir addım belə geri çəkilməyib. Ali Baş Komandan əmr verən kimi yenidən irəliləyib Ermənistanı daha pis vəziyyətə salacaqlar.