ONN İnformasiya Agentliyi

“Özümü ümummilli liderimizin məşhur “91-lər” siyasətinin sadiq əsgəri hesab edirəm”

“Özümü ümummilli liderimizin məşhur “91-lər” siyasətinin sadiq əsgəri hesab edirəm”
05 Dekabr 2017 - 19:37

Əjdər Tağıoğlu: "Tərəqqi" medalı ilə təltifim istiqlal savaşında tarixi fəaliyyətimə dövlət başçısının verdiyi qiymətli göstəricidir"

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında hakim partiyanın yaradılması, onun ölkədə aktiv siyasi qüvvəyə çevrilməsində xidmətləri olan bir sıra tanınmış şəxslər təltif edildi. Dövlət başçısının məlum sərəncamı əsasında təltif edilənlər sırasında hakim partiyanın üzvü, məşhur "91-lər"dən, filologiya elmlər doktoru, professor, filoloq-tarixçi Əjdər Tağıoğlu da vardı. Biz də "OLAYLAR" olaraq Əjdər Tağıoğlunu həm təbrik etmək, həm də YAP-ın ötən 25 ildəki fəaliyyətinə nəzər yetirmək üçün onunla görüşüb söhbətləşməyi məqsədə uyğun hesab etdik. Beləliklə, Əjdər Tağıoğlu ilə hakim Yeni Azərbaycan Partiyasının təsis olunması, onun ümummilli lider Heydər Əliyevlə görüşləri, söhbətləri, günümüzdə YAP-ın ölkənin ictimai-siyasi həyatdakı rolu, eləcə də tanınmış filoloq-tarixçinin gələcək yaradıcılıq planları ətrafında qısa, lakin olduqca maraqlı söhbətimiz oldu.

-Əjdər müəllim, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Siz də "Tərəqqi" medalı ilə təltif edildiniz. İlk sualım belədir ki, bu təltifetmə Sizin üçün gözlənilən idimi?

-Gözlənilən idi. Nə üçün də yox! Çünki 25 illiyini keçirdiyimiz partiyanın əsasını, bünövrəsini qoymaqda müstəsna xidmətlərim olub. Fikrin aydınlaşması üçün keçmiş tarixi çox qısaca xatırlamaq kifayətdir.

Azərbaycan sərhədboyu erməni təcavüzünə məruz qalmışdı. Belə bir gərgin psixoloji gərginlik içərisində yaşayan Naxçıvanı ovcunun içərisində hesab edən erməni-daşnaq təcavüzkarları Heydər Əliyevin gözlənilmədən ata-baba yurduna qaydışından bərk təşvişə düşmüşdülər. Naxçıvan vilayətinin iliyi donduran dəhşətli şaxtalı günlərində isti ocağa, elektrik işığına həsrət qalmış 350 min əhalisi o zaman Azərbaycan rəhbərliyi tərəfindən də unudulmuşdu. Qarşıdakı prezident seçkilərinə müdrik ağsaqqalımız Heydər Əliyevin namizədliyini irəli sürmək üçün 1992-ci ilin 21 aprelində 110 min Şərur rayon əhalisinin mədəniyyət sarayında keçirdiyim toplantının çıxardığı qərarla 22 aprel tarixdə Bakı şəhərinə gəldim və ermənilərin blokadaya aldığı Naxçıvan Vilayət əhalisinə hər cür kömək göstərmək məqsədilə yaradılmış "Əlincə" cəmiyyətində Heydərsevərlərlə görüşdüm. Mənim təklifim bu oldu ki, şərurluların çağırışını həmvətənlərə çatdırmaq və bəladan xilas olmaq üçün özünü itirmiş respublika əhalisini silkələyib özünə qaytarmaq, bu dar gündə Böyük Xilaskarı adamların yadına salmaq gərəkdir. Bu gün bizim ən şərəfli vətəndaşlıq borcumuz bundan ibarət idi. 1992-ci ilin 24 aprelində keçmiş Azərbaycan SSR Ali Sovetinin binası qarşısında ədalətsiz "Yaş senzi" ilə bağlı təşkil etdiyimiz tarixi mitinqin ilk gününü mən Azərbaycanda yeni bir dövrün – Heydər Əliyev dövrünün başlanğıcı hesab edirəm. On gün keçirdiyimiz mitinqdən sonra Naxçıvana qayıtdığım günün səhəri Heydər Əliyevin dəvəti ilə onun qəbulunda oldum. İki saatdan artıq çəkən işgüzar söhbətimiz tarixi əhəmiyyəti olan bir dialoqla nəticələndi. Sonda xilaskarımıza dedim: – Heydər bəy, mitinqdə bütün dünyaya bəyan etdim ki, Kremlin üç parlaq ulduzundan biri olmuş Heydər Əliyev Böyük Siyasətə qayıdır. Axı, hərdən insanları meydanlara toplamaqla nə edə bilərik ki?.

Heydər Əliyev özünəməxsus təmkinliklə, məni daxilən öyrənmək marağı ilə soruşdu:

– Fikrin nədir?

– Xalqı bir yumruqda birləşdirmək üçün mütləq partiya yaratmalıyıq.

– Nə partiya?

– Milli Qurtuluş Cəbhəsi.

Gözü qarşısında aydınlaşan hədəfin sərrast atəş məqamına gəldiyini görən usta atıcı marağı ilə müdrik insan bir qədər də daxildən gələn xoş səslə soruşdu:

– Əjdər bəy, "cəbhə" sözünə necə baxırsan?

– Təki partiya yaradaq, adı redaktə edərik.

Heydər Əliyev söhbətin istiqamətini dəyişdi. Partiyanı yaratmaq, yaxud yaratmamaq barədə bir kəlmə də söhbət olmadı.

Ağrılı-acılı günlər bir-birinə calanırdı. Moskvada yuxarıda yad etdiyimiz qanlı planın Naxçıvana gəlib çıxan xəttini görmək və qiymətləndirmək ağlında olmayan yerli qüvvələrin son zamanlar Heydər Əliyevə qarşı tutduqları qəti irtica mövqe Vilayəti ölümlə hədələyirdi.

Heydər Əliyevdən bir cavab ala bilməsəm də, yaşadığım Şərur əhalisinin hesabına "Heydər Əliyev tərəfdarları" adı altında siyahı aparmaq üçün yaratdığım təşəbbüs qrupu 1992-ilin avqust ayının sonlarında fəaliyyətə başladı. Artıq sentyabrın axırlarında Şərur rayon mətbəəsində hazırlanmış bütün hüquqi nörmativlərə cavab verən blanklarda 32 mindən artıq Heydərçi siyahıya alındı. Mən bu haqda El Ağsaqqalına məlumat verdim. 1992-ci ilin 21 noyabrında Naxçıvan şəhərində Şərur əhalisinin xidməti ilə Heydər Əliyev partiyasının təsis konfransı işə başladı və bununla da YAP-ın tarixi başlandı. 9 dekabr 1992 ci ildə (№ 51(80) səh.7) "Səs" qəzetində verdiyim "Partiyamızın lideri xalqdır" bəyanatı ilə Heydər Əliyev partiyasının xalqın partiyası olduğunu bəyan etdim. Məşhur "Heydər – Xalq, Xalq-Heydər" devizi bu bəyanatın siyasi formulu kimi yaranmış oldu.

Siz Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmaqla yanaşı, həm də məşhur "91-lər"dən olmusunuz. Dövlət başçısının bu təltifini eyni zamanda "91-lər"ə verdiyi dəyər, qiymətin göstəricisi kimi də dəyərləndirmək olarmı?

-Mən xalqının, vətəninin taleyinə candan bağlı olan, dövlətçiliyini müqəddəs sevgi ilə qorumağa hər zaman hazır dayanan qorxmaz, çəkinməz bir vətəndaş ziyalı kimi dünən də, bu gün də özümü ümummilli liderimizin məşhur "91-lər" siyasətinin sadiq əskəri hesab etmişəm və edirəm. Dünya siyasətinin baş memarlarından olan Heydər Əliyevin müdrikcəsinə dediyi "91-lər" mənim qızıl fondumdur" kəlamı Azərbaycan dövlətinin siyasi tarixinə çevrilmişdi. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları da bu siyasətin ardıcıl davamçısıdır. Mənim "Tərəqqi" medalı ilə təltifim də istiqlal savaşında tarixi fəaliyyətimə dövlət başçısının verdiyi qiymətli göstəricidir.

Bir daha hörmətli Prezident İlham Heydər oğluna məni bir vətəndaş-ziyalının xalqımızın istiqlalı uğrunda apardığı mücadiləyə, respublikamızda və qısa müddətdə xarici ölkələrdə geniş oxucu auditoriyası qazanmış, gəncliyimizin keçmişini unutmamağa, riyakar, məkrli məlum düşmənlərlə ideoloji mübarizəyə haraylayan əsərlərin müəllifinə qarşı olan diqqətin nəticəsi kimi "Tərəqqi" medalı ilə təltif etməsini qəbul edirəm və təşəkkürümü bildirirəm.

-Dövlət başçısının bu qiymətləndirməsi məsuliyyəti birə-beş artırmırmı?

-Təbii ki, artırır. Bu tək mənə aid deyil. İstənilən sahədə çalışan ziyali, şair, mütəfəkkir, elm və ya incəsənət, siyasət adamı indiyə qədər göstərdiyi fəaliyyətə görə dövlət başçısı tərəfindən təltif olunursa, deməli, bu ona verilən mükafatla yanaşı, eyni zamanda, onun üzərinə qoyulan bir məsuliyyətdir. Şəxsən mən bunu belə qiymətləndirirəm. Və dövlət başçısı tərəfindən təltif edilməyimlə yanaşı çiyinlərimdə bir məsuliyyət yükü hiss edirəm. Ona görə də Tanrı mənə qismət etdiyi ömrün sonuna qədər çalışacam ki, dövlət başçısı cənab Prezident İlham Əliyevin mənə verdiyi dəyəri, qiyməti bundan sonrakı fəaliyyətimlə də doğruldum, Vətənə, millətə xidmətimi davam etdirim.

-Nəzərə alsaq ki, Siz hakim Yeni Azərbaycan Partyasının 25 illik yubileyi ərəfəsində təltif olundunuz və eyni zamanda bu partiyanın üzvüsünüz, o zaman qısaca olaraq YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunu necə dəyərləndirərdiniz?

-Hakim Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolunu xalq daha yaxşı qiymətləndirir, dəyərləndirir. 20 ildən artıqdır ki, YAP-ın ölkənin hakim partiyası olması onun ictimai-siyasi həyatdakı rolunun əsas göstəricisidir. Eyni zamanda bu, Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan münasibətidir, verdiyi dəyərdir. Buradan belə nəticə çıxır ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığı və xalqın partiyasına çevrildiyi üçün Azərbaycan xalqı da öz növbəsində bu partiyanın qeyd etdiyimiz müddət ərzində iqtidarda olmasına səs verib. Yeni Azərbaycan Partiyasının 25 illik yubiley mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin söyləmiş olduğu fikirlər də YAP-ın ölkənin ictimai-siyasi həyatdakı rolunu ortaya qoyur, onun bu illər ərzindəki fəaliyyətini xarakterizə edirdi. Dövlət başçısı mərasimdə çıxışı zamanı bunları qeyd etdi: "Son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə – həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq".

-Əjdər müəllim, Siz eyni zamanda Hüseyn Cavid yaradıcılığının tanınmış tədqiqatçısı kimi tanınırsınız. "Dünya romantizm ənənələri və Hüseyn Cavid", eləcə də "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" adlı monoqrafiyalarınız cavidşünaslıqda qiymətli tədqiqat əsərləri kimi qiymətləndirilir. Cavid yaradıcılığı Sizi hansı meyarlarına görə özünə cəlb etdi ki, dahi şairin yaradıcılığını tədqiq edəsiniz?

-Kremlin qoca tülküsü Anastas Mikoyanın ənənəvi tarixi türk düşmənçiliyi planına qanlı imza atan qəddar Stalinin hökmünü Azərbaycanda yerinə yetirən yemlyanovlar, qriqoryanlar Dədə kökünə, Dədə türkə candan bağlı olduğu üçün günahsız mütəfəkkir şairimizi 1937-ci ildə gedər – gəlməzə yolladılar. Bu, türk düşüncəli oyanan Azərbaycana qarşı işğalçı imperiyanın mərkəzində – Kremldə daşnaq-bolşevik bandası tərəfindən aparılan qanlı soyqırımı tarixi idi. Mən özümü Böyük Cavidin şəxsində, onun qorxmaz, mübariz idealında tapdığım üçün son illərdə Dədə kökə bağlı tarixi mövzuda əsərlər qələmə alarkən də əbədiyyətə çevrilmiş şairi qarşımda görürəm.

– Maraqlıdır ki, ixtisasca filoloq olmağınıza baxmayaraq, tarixi araşdırmalara da maraq göstərirsiniz. Maraqlıdır bir filoloqu tarixi araşdırmalara sövq edən nədir?

-Bu sualın cavabını yuxarıda verdim. Ancaq onu əlavə olaraq qeyd edirəm ki, mənim filoloq-tarixçi kimi yetişməyimə görə, ilahi idealım olan "Cavid məktəbi"nə borcluyam.

-Erməni saxtakarlıqlarını ifşa edən dəyərli əsərlərinizdən biri olan "Moisey Xorenatsi anonim keşiş müəllifdir" və "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitablarının xarici dillərə də tərcüməsi nəzərdə tutulurmu? Çünkü bu gün ermənipərəst xristian dünyasının iftira və böhtanları ilə üz-üzə dayanmış sülh və demokratiya siyasəti yeridən Azərbaycanın diplomatiyasında kəsərli ideoloji silah ola biləcək bu qiymətli əsərlər vasitəsilə erməni saxtakarlıqları barədə daha çox xaricilərin məlumatlanması zəruridir.

– Düşünürəm ki, bu kimi kitabların xarici dillərə tərcümə edilib yayılmasında çox böyük fayda var. Çünki istər mənim, istərsə də mənim kimi digər əsərlər yazan, hansı ki, həmin əsərlərdə erməni yalanları ifşa edilir, onların xarici dillərə tərcüməsi olduqca zəruridir. İndiyə qədər ermənilər tarixdə baş verməyənləri saxtalaşdıraraq onu reallıq kimi təqdim edib və uydurduqları bu və ya digər olayları da geniş mənada xaricdə təqdim edərək özləri barədə yazıq, məzlum obrazı yaradıblar. Dünyada özlərinin məzlum, yazıq imiclərinin formalaşdırılması üçün minlərlə kitab çap edərək onların yayımı ilə məşğul olublar. Təbii ki, həmin kitabları, əsərləri ermənilər xarici ölkələrdə erməni dilində yaymayıblar. Onlar yazdıqları yalan, iftira dolu "əsərlərini" qısa zamanda xarici dillərə – ingilis, rus, alman, fransız dillərinə tərcümə edərək onların Avropada geniş şəkildə yayımına nail olublar. Eyni addımı, gedişi biz də etməliyik. Əgər ermənilər özlərinin yalan, iftiralarla dolu əsərlərini, kitablarını xarici dillərə tərcümə edib yayırlarsa, bəs, biz nə üçün bunu etməyək, əsl həqiqət, tarixi gerçəklik barədə eyni addımı atmayaq? Bir daha qeyd edirəm ki, bu olduqca vacib bir məsələdir. O ki, qaldı mənim müəllifim olduğu və erməni saxtakarlığını ifşa edən kitabların xarici dillərə tərcümə edilib yayılmasına, bu mənim imkanım xaricindədir. Amma çox istərdim ki, bunu həyata keçirə bilək.

– Elmi yaradıcılıq sahəsində qarşıdakı planlarınız nədən ibarətdir ?

– Adlarını çəkdiyiniz əsərlər "Erməni xalqının saxta "tarixi" üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir" seriyasındandır. Bu seriya silsilə olaraq,Tanrımın mənə bəxş etdiyi şirin ömrümün sonunadək qələmə alınacaq, gənc elmi nəslə hədiyyə ediləcək !

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png