Qüdrət Həsənquliyev: “Kimsə o pulları yeyib, özünə villalar, yaxtalar alıb”
“Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik”
2018-ci ilin dövlət büdcəsi Milli Məclisin komitə iclaslarında hökumətin iştirakı ilə müzakirə olundu. Qarşıdakı günlərdə isə plenar iclasda büdcə zərfinin geniş müzakirəsi keçiriləcək. Ancaq komitə müzakirələrindən də aydın oldu ki, hökumətin təqdim etdiyi layihəyə münasibət birmənalı deyil. Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevlə söhbətimiz də bu mövzuya aiddir.
– Qüdrət bəy, büdcəyə həsr olunmuş komitə müzakirələrində siz də təklif və tənqidlərinizi səsləndirdiniz. Komitə müzakirələrinin nəticələri barədə nə deyə bilərsiniz?
– Son günlər komitə iclasları keçirildi. Sağ olsun, Bahar xanım, şərait yaratdı, mən də öz fikirlərimi səsləndirdim. Bəzi fikirlərimi də plenar iclasda söyləyəcəyəm. İlk öncə bizim komitənin fəaliyyət sferasına aid sahələrlə bağlı fikrimi bildirdim. Bu da ondan ibarətdir ki, Azərbaycanda hakimlərin sayı ümumavropa göstəricisindən üç dəfədən də artıq azdır. Yəni bizdə hər yüz min nəfərə 6 nəfər düşür, Avropada bu göstərici 20-dir. Rəsmi statistikanı əldə etmək mümkün olmasa da, Fikrət müəllim (ədliyyə naziri – E.P.) AzərTAC-a verdiyi müsahibədə qeyd edib ki, son illər ərzində, xüsusən də devalvasiyadan sonra məhkəmələrdə baxılan işlərin həcmi 20 dəfə artıb. Mən də söylədim ki, bəzən bir hakim gün ərzində bir neçə işə baxmalı olur, bu isə səmərəli araşdırmanı mümkünsüz edir. Sadəcə, fiziki baxımdan deyirəm. Ona görə də büdcədən vəsait ayrılmalıdır və hakimlərin sayı ən azı iki dəfə artırılsın ki, heç olmasa, orta Avropa göstəricisinin 50 faizi miqdarında bizdə hakim olsun.
– Amma nümayəndəliyin ləğvi halında hakimlərin sayının artırılması təklifi bir az da suallar doğura bilər, elə deyilmi?
– Mən Vəkillər Kollegiyasının açıqlamasını oxudum ki, onlar bütün ali hüquq təhsili olan qanuni nümayəndələri Vəkillər Kollegiyasına probemsiz qəbul edəcəklər. Hər halda indi mətbuat da, dövlət hakimiyyət orqanları da, ictimaiyyət də bunu diqqətdə saxlamalıdır ki, həm orda vəkillərin işə qəbulu zamanı rüşvət faktoru olmasın – müəyyən işbazlar dərhal ehtiyac olan halda bundan yaraqlanıb, rüşvət tələb edə bilər, bu, olmasın – həm də Vəkillər Kollegiyası özünün verdiyi sözü tutsun. Bu istiqamətdə gərək hər kəs üzərinə düşəni etsin.
– Büdcə müzakirələrində seçildiyiniz Naxçıvan Muxtar Respublikası ilə bağlı da bir sıra məsələlər qaldırdınız…
– Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikası blokada vəziyyətindədir. Bu il də büdcədən ora 282 milyon manat vəsait ayrılır, bu da Naxçıvanın büdcəsinin 80 faizi deməkdir. Bu, o demək deyil ki, mən Naxçıvana diqqətin azlığından gileylənirəm. Yox, əksinə, Naxçıvanda hamı başa düşür ki, prezidentin xüsusi diqqəti və dəstəyi olmasa, orada həyat dözülməz olar. Onsuz da iş dalınca Naxçıvanı çoxlu sayda insanlar tərk edib gedib. Dəfələrlə parlamentdə məsələ qaldırılıb ki, naxçıvanlıların İstanbulda ayrıca məhəlləsi var, toylarını orda edirlər, ölülərini orada dəfn edirlər. Problem yaranacaq deyə, geri qayıda bilmirlər. Fazil Mustafa da bu məsələni qaldırmışdı, ordakı uşaqların təhsillə bağlı problemləri var. Bəzən qul kimi onları istismar edirlər. Hərbi xidmətini bitirən gənclərin isə əksəriyyəti Bakıya, digər bölgələrə, həmçinin Moskvaya üz tuturlar. Gömrük rüsumları ilə birgə Naxçıvanın büdcəsinin gəlirləri cəmi 73.4 milyon manatdır. Bu da onu göstərir ki, bölgədə kənd təsərrüfatı təyinatlı torpaqlar az olduğu üçün, sənayeni inkişaf etdirmədən Naxçıvanın iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil. Məsələn, uzun illərdir danışıqlar gedir ki, Naxçıvanda azad iqtisadi zona yaradılsın. Naxçıvan blokadada olsa da, onun Türkiyə və İranla sərhədinin olması baxımından üstünlükləri də var. Sərhədyanı ticarəti genişləndirmək olar. Bu da yerli hökumətdən yox, mərkəzi hökumətdən asılı məsələlərdir ki, azad iqtisadi zona məsələsi nəhayət, öz həllini tapsın.
“İnkişaf etmiş xalqların keçdiyi yol var, biz də o yolla getməliyik” |