ONN İnformasiya Agentliyi

Şəbəkə ustası Tofiq Rəsulov: Bundan sonra inanıram ki… – MÜSAHİBƏ

Şəbəkə ustası Tofiq Rəsulov: Bundan sonra inanıram ki… – MÜSAHİBƏ
26 Sentyabr 2020 - 11:19

Qədim türk yurdu Azərbaycanın tarixi şəhərləri olan Bakı, Naxçıvan, Ordubad, Şuşa, Gəncə, Lənkəran, bu gün Rusiya Federasiyası ərazisində yerləşən Dərbənd şəhəri və xüsusi olaraq Şəki şəhəri üçün səciyyəvi olan bir sənət növü də var ki, bu, şəbəkə sənətidir. Demək olar ki, Şəki şəhəri şəbəkə sənətinin əsas mərkəzi kimi bu gün də bu dəyərli ənənəni qoruyub saxlamaqdadır.

Dekorativ sənət nümunəsi hesab olunan şəbəkə, müxtəlif rəngli şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir. Şəbəkə sənətinin əsas sirri arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntısı və girintisi olan ağac hissələrin bir-birinə keçirilməsidir. ONN media –nın bu dəfə ki, həmsöhbəti uzun illərdir atasından miras qalmış qədim şəbəkə sənətini davam etdirən,  sənətkar Tofiq Rəsulovdur.

Usta Tofiq Rəsulovla həmin söhbəti təqdim edirik:

Tofiq usta, necə oldu ki, bu sənətə gəldiniz?

-Bu sənətə uşaq yaşlarımdan  atamın  yolu ilə davam edərək  başladım. Mən, Şəki şəhər 8 saylı orta məktəbi bitirdikdən sonra 1978-ci ildən atam Əşrəf Rəsulovun yanında şəbəkə sənəti ilə məşğul olmağa başladım, bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak etdim, diplom və medallarla təltif olundum, laureat adlarını qazandım. 1983-cü ildən “Şəki Xan Sarayı”nın bərpası rəssamı kimi fəaliyyət göstərdim və 1984-cü ildən Rəssamlar İttifaqının üzvüyəm.

Şəbəkənin hazırlanma prosesi necədir?

-Şəbəkə hazırlanma prosesi ideyanın formalaşması ilə başlayır. Sonra ideyanın işlənməsi üçün əvvəl eskiz işlənir. Bundan sonra isə ağac materialının hazırlanma prosesi başlanır. Ağac kəsildikdən sonra bişirilmək üçün xüsusi peçlərə qoyulur. Orada par vasitəsi ilə ağac tərkibində olan zəhərli maddələr çıxılır. Parda 20 gün bişirilir və sonra qurudulması üçün  sabit temperaturlu digər peçlərə köçürülür. 1 aydan sonra isə açıq havada 2 ay saxlanılır. Təbii hava ağacı tam qurudur. Taxta materialında 12 faiz nəmlik qalmaq şərti ilə. Sonra isə material reyka hazırlanması üçün  emalatxanamıza gətirilir. Burda reyka biçilir qoruyucu maddə vurulur sonra isə dolğu və lak vurulur. Hissələr hazırlığı başlanır. Hissələr 0.1mm dəqiqliyi ilə hazırlanır. Ölçülər eskizdən götürülür, hər bir hissənin üzərində 8-12 proses gedir. Şüşələr müxtəlif bucaqlarda hazırlanır və sonra isə yığım  prosesi başlanılır.Taxta detallar ve rəngli şüşələr  bir-birini izləməklə yığılır.

İnsanlar arasında bu sənətə maraq nə qədərdir?

-İnsanlar arasında maraq zaman keçdikçə artır. Xüsusəndə şəbəkə sənətinə maraq daha da, çoxalan templə inkişaf edir. Buna səbəb isə dövlət dəstəyinin olmasıdır. Əsasən azyaşlı uşaqlarda öyrənməyə maraq var.  8  nəfər  professional şəbəkə ustası hazırlamışıq və şəbəkə şifarişləri, dövlət dəstəyi hesabına onların sənətdə qalmasını təmin edirik.

Tofiq usta, çalışdığınız emalatxana  sizi və  işçilərinizi qane  edirmi?

-Bizim emalatxana 6 otaqdan ibarətdir. Mən və iki oğlum bu sənətlə məşqul olur. Əlavə olaraq bizimlə professional hazırladığımız 8 nəfər bizimlə çalışır. Emalatxanada təbii ki, sıxlıq olur amma biz  sənətin  yaşaması  üçün əlimizdən gələni edirik. Şəbəkə sənətinin  geniş yayılması  üçün fəaliyyətimizi, sənətimizi  daha çox mediada işıqlandırmaq, böyük  sərgilər təşkil etmək,  böyük sərgilərdə şəbəkə sənətini  tanıtmaq və  Dövlət sifarişlərində Şəbəkəyə daha çox yer verilməsini istərdik.

Əlavə olaraq bildirmək istərdim ki, bu emalatxanada babam 1969 –cu ildən Şəbəkə sənəti ilə məşqul olub. Mərhum Prezidentimiz Heydər Əliyevin qərarı ilə emalatxana mülkiyyətimizə keçib. Buda sənətimizin inkişafına önəmli dəstəklərdən biridir.

Hazırladığınız sənət nümunələri hansı sərgilərdə nümayiş olunub?

-1985-ci ilin dekabr ayının 27-də Moskva şəhərində keçirilən Gənclər və Tələbələrin XII Ümumdünya festivalının diplomantı və laureantı adına layiq görülmüşəm. 1986-cı ildə İorlandiyianın paytaxtı Əddis-Əbəbədə açılan “Azərbaycan Dekorativ Tətbiqi sənətkarlığı” sərgisində əsərlərim nümayiş etdirilib. 1988-ci ildə Moskva şəhərində Ümumittifaq folklor festivalında diplomla təltif edildim. 1996-cı ilin fevral ayının 29-da Bakı şəhəri, S. Bəhlulzadə adına sərgi salonunda “Xalq sənəti və özünü məşğulluq” proqramı çərçivəsində keçirilən sərgidə qalib olmuşam və I dərəcəli diploma layiq görülmüşəm. Sərgiyə Ümummilli lider Heydər Əliyev baxış keçirmişdir. 1998-ci ildə “Xalq sənətkarlarının I sərgi baxış müsabiqəsi”nin iştirakçısı olmuş və xüsusi mükafata layiq görülmüşdüm. 2013-cü ildə Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası zamanı keçirilən sərgidə iştirak etmişəm və  bu kimi önəmli sərgilərdə iştirakım olub.

Şəbəkə sənəti bənzərsizdir və onun canlı ənənələri yalnız Azərbaycanda qorunub saxlanılır. Son onilliklərdə şəbəkənin canlı ənənələrinin daşıyıcısı olmaq şərəfi Rəsulovlar nəslinin üzərinə düşüb. Hazırda “Rəsulovlar emalatxanası”nda şəbəkə sənətinin ənənələrini davam etdirilir. Rəsulovların ərsəyə gətirdiyi şəbəkə nümunələrinin doğma Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin şəhərlərində yerləşən müxtəlif funksiyalı tikililəri bəzəməsi, qədim ənənələrin müasir dövrdə uğurla davam etdirildiyini göstərir. Əsərləri Azərbaycanda bir çox məkanları, bununla yanaşı London, Vatikan (Roma), Tiflis, Minsk şəhərlərində müxtəlif interyerləri bəzəyir. Şəki Xan sarayının, Şəkixanovların evinin, Şah Abbas məsçidinin şəbəkələrinin bərpasının Rəsulovlara həvalə edilməsi, böyük ehtimadla yanaşı başladıqları yolun uğurla davam etdirilməsidir. 2016-cı ildən etibarən “Rəsulovlar emalatxanası”nın tanıdılması və təbliği ili JA1BİZNES şirkəti məşquldur. Təbliğat strategiyasına əsasən şəbəkə sənətinin əsaslarının qorunub saxlamaqla müxtəlif kubok, suvenir məhsullarının, şəbəkə sənətinə müxtəlif səpkidə yeniliklər gətirmək, mebel və çılçıraqların hazırlanmasıdır. Bu məqsədlə müxtəlif sərgilərdə iştirak, tanıtım auditoriyasının genişlədirilməsi məqsədilərimizdəndir. Şəbəkə sənətinin qədimliyini qoruyaraq yeni həllər tapmaq üzərində daim işlənilir. Bunula yanaşı ilk dəfə olaraq “Şar formalı Rəsulovlar şəbəkəsi”, “Əşrəf” şəbəkəsi Rəsulovların ixtiraları sırasındandır. Rəsulovların sənət və fəaliyyətini əks etdirən güşə Şəki tarix-diyarşünaslıq və sənətkarlar muzeyində yaradılmışdır.

Hazırladığınız sənət nümunələri arasında  ən dəyərlisi varmı?

-Hazırladığımız sənət nümunələri əl əməyi, göz nuru olduğu üçün hamısı bizim üçün dəyərlidir və ən gözəl əsərimiz isə xalça şəbəkə adlandırdığımız sənət əsəridir.

Tofiq usta, qədim sənətin maraqlı incəliklərini, fikirlərinizi bizimlə  bölüşdüyünüz  üçün Sizə  öz  təşəkkürümü  bildirirəm. Uğurlarınız davamlı  olsun.

-Səidə xanım, Sizə  və ONN İnformasiya Agentliyinə çox böyük minnətdarlığımı bildirirəm ki, sənətimizi, bizi işıqlandırırsız. Bu gün sənətimizin inkişafı sizlərin sayəsində daha da yüksək inkişaf mərhələsinə qədəm qoyacaq. Və  inanıram ki, sizin oxucularınız bizim sənəti daha da irəli aparmağa dəstək  olacaqdır. Fəaliyyətinizə  uğurlar arzu edirəm.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Şəbəkə ustası Tofiq Rəsulov: Bundan sonra inanıram ki… – MÜSAHİBƏ
Şəbəkə ustası Tofiq Rəsulov: Bundan sonra inanıram ki… – MÜSAHİBƏ
Şəbəkə ustası Tofiq Rəsulov: Bundan sonra inanıram ki… – MÜSAHİBƏ
Şəbəkə ustası Tofiq Rəsulov: Bundan sonra inanıram ki… – MÜSAHİBƏ
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png