ONN İnformasiya Agentliyi

Sadə, səmimi və bir o qədər təvazükardır Yusif GÜNAYDIN – (MÜSAHİBƏ)

Sadə, səmimi və bir o qədər təvazükardır Yusif GÜNAYDIN – (MÜSAHİBƏ)
13 Fevral 2020 - 12:00

Bu yaxınlarda doğum gününü qeyd etmiş, tanınmış aparıcı, şair, publisist  Yusif Günaydının ONN media -ya  səmimi, təvazükar və diqqət çəkən məsləhtlər verən müsahibəsini təqdim edirik.

Yusif müəllim, jurnalistika ilə, həm tərcüməçiliklə, həm də bədii yaradıcılıqla məşğul olursunuz. Bu sahələrdən hansı sizə daha doğmadır?

-Sözü incələyirsən şeir olur, səsi incələyəndə melodiyaya çevrilir, çizgiləri, yaxud boyaları incələyəndə təsviri sənət nümunəsi yaranır. Mövzunu incələmək peşəkar jurnalistin görəvidir, başqa sözlə jurnalistika da bədii yaradıcılığın bir qoludur. Bu bir prosesdir, onun mahiyyəti həyat hadisələrini qavrayıb dərk etmək, özəlliklə arxa planda qalan, bəzən pərdə arxasında gizlənmiş məqamlarını sezmək, şüur və duyğu süzgəcindən keçirib, ümumiləşdirmək, yaddaşa həkk etməkdir. Müşahidə qabiliyyəti nə qədər iti, baxış bucağı nə qədər təzə və gözlənilməzdirsə, bu prosesin nəticəsi bir şəxsin deyil, bütövlükdə toplumun yaddaşına yazılır. Klassik əsərlərin ideya məzmunu isə nəsillərin hafizəsinə köçüb, hər yeni nəslin mənəviyyatının yetişməsində mühüm rol oynayır.

Fərq etməz, mənim üçün bədii yaradıcılığın bütün sahələri maraqlı və cazibədardır. Əsas şərt hər bir janrın ifadə vasitələrinə yaxşı yiyələnməkdir. Doğma olanı isə içimdən qalxan güclü bir tələbatdan irəli gələn, bəzən yuxumu qaçıran üzərində indi, bu an işlədiyim nümunədir.

Şair olmaq necə bir duyğudur? Ümumiyyətlə bu istedadı hisslərlə ifadə etmək olarmı?

-Duyğusallıqdan yaranan poetik ovqatı, səni qələmə sarılmağa məcbur edən hissiyyatı elə sözlə gerçəkləşdirmək mümkündür, söz sənəti sözlə ifadə edilir, şeirin, nəsrin digər ifadə vasitəsi yoxdur. Sözün məna çalarlarını yaxşı bilmək, adi kəlmələri incələyərək, poetik ifadələrə çevirmək özəl bir qabiliyyətdir. Amma bu məsələ şüuraltı ilə (təhtəlşüur) bağlı olduğundan çox mürəkkəb, bəzən məntiqəsığmaz, nəzarətə götürülməsi demək olar ki, mümkünsüz olan bir prosesdir.

Qələm sahibi səmimidirsə, hadisələrə yeni bucaqdan baxa bilirsə dəyişən təbiət mənzərəsinin, insanın dəyişən, çevik psixoloji durumunun nüanslarını sözlə incələyib təsvir edə bilirsə, onun yazdığı oxucunu da duyğulandıra bilir, şeir yaddaşlara köçür, illər ötsə də təravətini itirmir.

Çağdaş poeziyamızın bu günündə sizcə ədəbi qurumlar və media orqanları lazımı səviyyədə prosesi əhatə edə bilirmi?

-Uzun müddət işimlə əlaqədar olaraq, respublikada nəşr olunan gündəlik və həftəlik qəzetlərin hamısını olmasa da, əksəriyyətini gözdən keçirmək imkanım var idi. Həmçinin elektron mediada dərc edilən ədəbi nümunələrlə də tanış olmağa cəhd göstərirdim. Bir həmkarımla birgə qısa müddət tədqiqat aparıb gördük ki, gündəlik olaraq müxtəlif media orqanlarında 100-ə yaxın, bəzən daha artıq miqdarda yeni şeirlər dərc olunur ki, onların böyük əksəriyyətini şərti olsa belə, poetik nümunə adlandırmaq çətindir. Senzuranın ləğv edilməsi söz azadlığına geniş meydan açdı, eyni zamanda qrafomaniya, yəni sətir düşkünlüyü kimi bir mərəzin nəşriyyatlara ayaq açmasına şərait yaratdı. Bu da öz növbəsində, hələ mövqeyi və zövqü tam formalaşmamış gənc, yeniyetmə oxucuların şüuruna pozucu təsir göstərib, onlarda ədəbiyyat haqqında yanlış təəssüratlar yaranmasına səbəb oldu. Ədəbi tənqidin şeir nümunələrinə, bütövlükdə lirik prosesə olan münasibəti ciddiləşməli, sözün bədii mahiyyətinə olan tələbləri daha yüksək meyarlarla müəyyənləşdirməlidir. Təəssüf ki, çağdaş durumda ədəbi tənqiddən, yəni, sağlam, obyektiv təhlildən irəli gələn rəylərdənsə, ədəbi tərif, hətta məddahlıqla üzləşirik. Zaman var idi ki, mənə çox vaxt heç tanımadığım şəxslər tərəfindən hər gün 2, 3 yeni şeir kitabı hədiyyə edilirdi. Otaqdakı kitab dolabları dolduqdan sonra bu kitabları yerə, döşəmənin üstünə düzmək məcburiyyətində qalırdım. Onu da deyim ki, bu kitabların əksəriyyəti əla növ kağızdan istifadəsi və yüksək poliqrafiya mədəniyyəti ilə nəşr olunmuşdu, yəni bu toplular, kifayət qədər sanballı məbləğlər bahasına başa gəlmişdi. Mənə bu qisim şeir kitabları təqdim edənlər sonradan təkidlə yazdıqları haqqında rəy tələb edirdilər. Müəlliflərdən biri yaşı 60-ı çoxdan ötmüş kimya-biologiya elmləri doktoru, professor idi. Bu professor növbəti dəfə məndən rəy istəyəndə özümü saxlaya bilməyib dedim ki, mənim sizin ciddi tədqiqatçı-alim olmağınıza şübhəm var. Axı elmi araşdırmalar tədqiata cəlb olunan sahənin dərin qatlarındakı yeni məntiqləri kəşf etməkdirsə, bədii yaradıcılıq da axtarış, tədqiqat deməkdir, poetik məfkurənin də öz məntiqi var! Səhəri gün həmin müəllif hansısa bir qəzetdə (adını unutmuşam) onun yaradıcılığına həsr olunmuş geniş bir məqaləni mənə təqdim etdi. Məqalənin müəllifi yaradıcılığına rəğbət bəslədiyim xalq şairi idi. Bununla şair-professor məni yanlış mövqe tutduğuma inandırmaq istəyirdi. Mən isə inanmaq əvəzinə utandım, bu məqalənin müəllifi xalq şairinin əvəzinə….

Sözüm ondadır ki, kütləvi hal almış qrafomaniya ədəbi tənqidin əsas tutduğu meyarları da aşılayıb, onları heçə endirdi! Təəssüf!

 “Mozaikalar”  adlı ədəbi silsilənin müəllifisiniz, bu silsilənin yaranmasından  bəhs edərdiniz…

-Təxminən 10 il bundan öncə mətbuatda “Mozaikalar” düzümündən üç yarpaq” adlı bir yazım dərc olundu. Üç müstəqil, lakonik essedən ibarət idi, hər birinin öz adı var idi – “Kapibara”, “Xar tut”, “Tünük buz”. Mozaikalar adlı ədəbi janr yoxdur, bu janr təsviri sənətə aiddir. Müxtəlif materiallardan, çınqıllardan, xırda-xırda mərmər qırıntılarından simmetrik ornamentlər yığılıb, hələ qurumamış suvağın üstünə bərkidilir, bu ornamentlərdən təbiət mənzərəsi də yığıla bilər, insan surəti də. Kifayət qədər qədim tarixə malik olan bu janrın çox zəngin ənənələri var. Ömür yolunda müşahidə etdiyimiz bir çox həyat hadisələri də hafizəmizə xırda detallarla həkk olunur, emosional yaddaşımızda özünə möhkəm yer tutur, naxış-naxış biri-birinə ilmələnib, təsəvvürümüzdə illər ötdükcə şuxluğunu itirməyən mozaik pannolar yaradır. Günlərin bir günü düşündüm ki, ömrüm boyu məni müşayət edən bu pannoların sözlə təsvirini verib oxucuya təqdim etsəm, necə olar? Amma özüm üçün müəyyən etdim ki, bu müşahidələr yığcam, lakonik bir-iki səhifə həcmində olmalıdır, bu esselərdə dialoq, yaxud birbaşa nitqə (kiçik istisnalarla) yer verilməməli, mozaik miniatürlər ancaq təhkiyə ilə, təsvir ilə yaradılmalıdır. Yəni bu nümunələrdə mümkün qədər az söz israfı ilə yadda qalan lövhələr yaradılmalıdır. İlk “Mozaikalar”ın nəşrindən qısa bir müddət keçmişdi ki, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay silsilə adı “Mozaikalar” olan bu esselərin oxucular tərəfindən maraqla qarşılandığını bildirdi, bu ənənəni davam etdirməyimi tövsiyə etdi. İradə xanım bəlkə heç özü də bilmədən mənə yaradıcılıq stimulu verdi, məni bu silsilədən yeni-yeni esseləri yaratmağa ruhlandırdı. Çox çəkmədi ki, bu düzümdən “Aqava”, “İşıq”, “Çərpələng”, “Sarışın mələk”, “Qara reyhan”, “Günah” və bir sıra digər mozaik esselər işıq üzü gördü. Onların sosial şəbəkələrdə təqdim olunmuş elektron nüsxələri izləyicilər tərəfindən rəğbətlə qarşılandı, xeyli müsbət rəylər gəldi. Dövrü mətbuatda isə xalq şairi Nəriman Həsənzadə və şair-publisist Əkbər Qoşalı bu silsiləni təhlil edib ona müsbət rəy verdilər. Vaxt defisiti ilə ilgili son zamanlar “Mozaikalar” üzərində iş bir qədər səngisə də, bu proses davam etməkdədir. Yeni yaranmış “Yusif quşu” lövhəsi buna yaxşı misaldır. Hafizəmdə yeni “Mozaikalar”da var, az deyil də, onları kağıza köçürmək, monitora yığmaq qalıb…

Bu gün tərcümə olunan əsərlərin keyfiyyəti bir  tərcüməçi kimi  sizi qane edirmi?

-Son vaxtlar başqa dildən dilimizə, yaxud, bizim dildən, tutaq ki, rus dilinə çevrilən hər hansı bir ədəbi nümunəni oxuduğum yadıma gəlmir. Bununla belə XX əsr milli ədəbiyyatımız tarixinə əbədi həkk olunmuş tərcümə şedevrlərinin bir neçəsinin adını məmnuniyyətlə qeyd edə bilərəm. Bunlar Xəlil Rza Ulutürkün Pablo Nerudadan və Aqostino Nettodan dilimizə ustalıqla tərcümə etdiyi poetik nümunələri və şair-tərcüməçi dostumuz Səyavuş Məmmədzadənin rus dilinə tərcümə etdiyi Məhəmməd Hüseyn Şəhriyarın şah əsəri olan “Heydərbabaya salam” – “Поклон Хейдарбабе» poemasıdır. Özünü tərcümə sənətinə həsr etmək istəyən gənclər bu poetik tərcümə nümunələrindən bir dərslik kimi istifadə edə bilərlər!

Jurnalistika, tərcüməçilik, şairlik yolunda  ilk  addımlarını  atan  gənclərə  son olaraq məsləhətlərinizi və  iradlarınızı  söylərdiniz. Çünki tərəzinin gözündə irad daha ağırdı.

-Bədii yaradıcılıq “Mən”dən başlayır. “Mənəm mənəmlik”lə səhv salmayın. Yaradıcı insanın ən əvvəl bir daxili “Mən”, başqa sözlə fərdi yaradıcılıq siması yaranmalıdır. Ancaq bundan sonra onun yaradıcılıq məhslları oxucunun, dinləyicinin, tamaşaçının diqqətini çəkə bilər. “Mən”in doğulma prosesi çətin və mürəkkəb bir məsələdir. Yad təsirlərdən qurtulub, epiqonçuluğa vida etməyi bacaranlar, öz fərdi yaradıcılıq mövqeyinin yarandığını iddia edə bilərlər. Məhz bundan sonra hər hansı bir mövzuya müraciət etmək istəyən gənc qələm sahibi düşünməlidir ki, məndən əvvəl bu mövzuya bir çox məşhur şair, nasir, publisist toxunub, əyər mənim fikrim qətidirsə mənim o məşhurlardan fərqim nədən ibarət olmalıdır, mən bu işlənmiş mövzuya hansı yöndən yaxınlaşmalıyam ki, təkrarçılığa, təqlidçiliyə yol verməyim? Əlinə qələm götürməmişdən öncə bu suallara cavab tapa bilən, öz fərdi qiymət sisteminin yaranmasına, zövqünün inkişaf etməsinə daim səy göstərən gəncin yaradıcılığa maraq doğuracaq.

Bu sahədə ilk addımlarını atanlara bir məsələni xatırlatmaq istəyirəm – yaradıcılıq nümunələrində özünü əslində olduğundan daha zəkalı, daha qabiliyyətli göstərmək mümkün deyil, bu cəhd gülünc bir cəhddir. Səylər mövzunun seçilməsi və bədii tədqiqatına yönələrkən, müəllif həqiqətən zəkalı və istedadlıdırsa, bu keyfiyyətlər mütləq özünü son nəticədə göstərəcək!

Bir də, unutmayın! İnsan nə qədər savadlı və biliklidirsə, onun dünyagörüşü nə qədər geniş, mütaliəsi nə qədər dərindirsə, zövqü nə qədər incədirsə, o insan bir o qədər sadə, bir o qədər səmimi və bir o qədər təvazökardır!

Yusif bəy, müsahibə üçün təşəkkür edirəm.   

– Səidə xanım, sizə və ONN İnformasiya Agentliyinə öz təşəkkürümü bildirirəm.

Səidə SEYİDLİ

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png