Yunus Oğuz: “Media sahəsində islahatların həyata keçirilməsi çoxdan gözlənilən bir addım idi”

“Burada daha çox yaradıcılıq meylləri var”

Ölkədə bütün istiqamətlərdə məqsədyönlü islahatlar davam edir.  Artıq bu islahatlar mətbuat sahəsinə də çatıb və ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Sözügedən qurumun yaranma zərurəti, onun medianın inkişafına mümkün müsbət təsirləri ilə bağlı yazıçı-publisist Yunus Oğuz müsahibə verib.

-Yunus bəy Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında Medianın İnkişafı Agentliyi yaradıldı. Bir media rəhbəri, baş redaktor kimi yeni yaradılan qurumdan gözləntiləriniz nədən ibarətdir və bu, ümumilikdə mediamızın inkişafına hansı müsbət təsirləri göstərəcək?

-Media sahəsində islahatların həyata keçirilməsi çoxdan gözlənilən bir addım idi. Düşünürəm ki, Prezidentin islahatları davam edir. Kluarlarda keçirilən görüşlərdə bu məsələni qaldırmışdım və çıxışlarımda bildirmişdim ki, artıq KİVDF-nin nizamnaməsi günümüzə cavab vermir. Ən əsası da odur ki, mətbuatın KİVDF-dən asılılığı var idi. Bu asılılıq sonradan ayrı-ayrı şəxslərin, yəni, Fondda işləyən insanların  timsalında daha çox özünü büruzə verirdi.  Bir növ daha çox bürokratizm rol oynayırdı.  Bütün bunların fonunda Prezident bu islahatlara getdi. Hesab edirəm ki, burada daha çox kreativ yaradıcılıq meyilləri var.  Bu yaradıcılıq meyillərini bir neçə yerə bölmüşəm. Burada ən əsası odur ki, yeni yaradılan qurum Publik Hüquqi Şəxsdir.  Publik Hüquqi Şəxsin digər təsərrüfat fəaliyyətləri ilə məşğul olmaq imkanları var.  Bir sözlə qanunla icazə verilmiş bütün fəaliyyətlərlə məşğul ola bilərlər. Bu nə üçün lazımdır?  Bu ona görə lazımdır ki, qəzetlər, saytlar, internet media, bu sahə ilə məşğul olan hüquqi şəxslər həm də biznes fəaliyyəti ilə məşğul olurlar. Saytların və qəzetlərin müstəqilliyi artdıqca onların həm gəlirləri çoxalacaq, həm də azad və sərbəst formada fikirlərini ifadə edə biləcəklər.  Agentlik, qəzet və saytları, agentlikləri ora cəlb etməklə təsərrüfat, biznes fəaliyyəti yaradır.  Digər tərəfdən onlar da Agentlikdən asılı olmayaraq müstəqil fəaliyyətlə məşğul olurlar. Bu da əsasdır.  Məsələn, bizim iki hüquqi şəxsimiz var, ancaq 3 istiqamətdə, qəzet, sayt, agentlik olaraq fəaliyyət göstəririk. Bunların hamısını vahid mərkəzdə birləşdirmək lazımdır. Yəni, ümumilikdə nə yardım ediləcəksə holdinqə edilsin. Bəzən bir agentlik 5 hüquqi şəxs yaradır. Əslində o da düzgün deyil. Bizim 3 fəaliyyət növümüz olsa da, bir yerə, OLAYLAR olaraq bir quruma dəstək olunmalıdır. Yəni, 4-5 hüquqi şəxs yaradan qəzet, yaxud agentliyə ayrı-ayrılıqda dəstək olunmayacaq.

İkinci bir xətt ondan ibarətdir ki, agentliklər, saytlar, yaxud holdinqə eyni start şəraitin yaradılmalıdır. Mən şəxsən narazılıq edirdim ki, hamıya eyni şərait yaradılmalıdır. Eyni işi biz də görürük. 24 saat xəbərlərimizi dərc edir, fəaliyyət göstəririk. Ancaq pul ayrılanda ədalətsizlik ortaya çıxır. Təbii ki, bu da bizim işçilərimizə, peşəkarlığımıza ziyan vurur.

-Bəs sizin təkliflərinizə münasibət necə olub?

-Qeyd edim ki, mənim bu fikirlərimlə çoxları razılaşıb ki,  ilkin variantda eyni şərtlər yaradılır. Ondan sonra isə hər bir media qurumuna öz fəaliyyətinə uyğun yardım edilir.  Kim irəli gedər, ictimai rəyə təsir edə bilərsə ona daha çox dəstək verilsin.  Düşünürəm ki, bu çox vacib bir məsələdir və bununla media qurumları arasında ədalətsizlik aradan qalxa bilər. Onu da qeyd edim ki, mən bu təklifləri qəzetlər üçün vermişəm. Çünki agentlik və saytlarda iş prinsipi başqadı. Məsələn qəzetlərdə 4 prinsip var və 4-də qüsurludur. Birincisi, redaksiyanın texniki bazasının formalaşması və kollektivi, ikincisi qəzetlə mətbəənin əlaqəsi, üçüncüsü  qəzetlərin yayım prinsipi, dördüncüsü isə qəzetlərin abunə və satış prinsipidir. Əslində son iki prinsipi bir yerdə də qruplaşdırmaq olar. Ona görə də düşünürəm ki, gələcəkdə mümkündür yayım, mətbəə və s. bir əldə cəmlənsin. Əgər bu şərtlər həyata keçəcəksə qəzetlərin, agentliklərin fəaliyyəti yaxın gələcəkdə kifayət qədər normal olacaq. Burada ortalığa bir məsələ də çıxır. O da sosial şəbəkə ilə agentliklərin münasibətləridir. Sosial media şəbəkəsi hansı xəbəri istəsə dərc edir və heç bir məsuliyyət daşımır. Ancaq saytlar, agentliklər məsuliyyət hiss edir və xəbərləri də məsuliyyətlə, yoxlanılmadan ictimai rəyə ötürmürlər. Burada yeganə tələb operativlikdir. Məsələn bizim icra strukturları ilə işləməyimizə şərait yaradılmalıdır. Düzdür, KİV haqqında qanunda 24 saat ərzində medianın sorğularına cavab verilməsi qeyd edilir. Bir sözlə operativlik əsas şərtdir. Məsələn, 44 günlük müharibə zamanı Müdafiə Nazirliyi kifayət qədər operativ işləyirdi və müntəzəm olaraq mediyaya xəbərlər göndərirdi. Bütün icra strukturları həmin templə işləsə daha yaxşı olardı. Sosial şəbəkələrdə fake xəbərlərin qarşısının alınmasının yeganə yolu da budur.  Bunun qarşısı necə alınacaq, təbii ki, baş redaktorlar,  cəmiyyət, yaxından-uzaqdan media ilə əlaqəsi olan insanlarla  oturub bunu müzakirə etmək lazımdır. Özü də sürətli şəkildə getməlidir bu proses. 3 aya məsələ yekunlaşmalıdır.

-Sizcə mediamız bu şərtlərə, fəaliyyətə hazırdırmı?

-Ona görə deyirəm ki, ilkin şərtlər vermək lazımdır.  Məsələn, bir media qurumuna olduqca çox yardım edirlər və o da özünə 30-40 işçi götürür. Bir başqasına isə cüzi yardım ayırırlar və o da həmin yardım əsasında məhdud çərçivədə işləyə bilir. Ona görə də ümumi, start şərtlər müəyyən ediləcək və ortaya fəaliyyət qoyulacaq. Yəni ilkin olaraq hər kəsə eyni vəsait ayrılacaq. Təbii ki, burada söhbət qəzetlər və ciddi media ilə məşğul olan saytlardan gedir.  Görək 30-40 işçini necə saxlayacaqlar. İlkin şərait, ilkin şərt müəyyən ediləcək, sonrasını isə zaman göstərəcək ki, kim irəli gedəcək, kim yox. Təbiidir bu mənim təkliflərimdir və bunun necə olacağını gələcəkdə görəcəyik.

Süleyman İsmayılbəyli