ONN İnformasiya Agentliyi

“Ordu-2019”un Azərbaycan tərəfindən hakimi: “Apreldən sonra erməni gəncləri tankçı olmaq istəmir” – MÜSAHİBƏ

“Ordu-2019”un Azərbaycan tərəfindən hakimi: “Apreldən sonra erməni gəncləri tankçı olmaq istəmir” – MÜSAHİBƏ
20 İyul 2019 - 9:13
“Belə bir stereotip əvvəllər mövcud idi, lakin 2016-cı ilin aprelində erməni tankçıları 1 metrə yaxın qalınlığa malik zirehin belə onları Azərbaycanın idarəolunan raket və ya tank atəşindən mühafizə etməyəcəyini praktiki olaraq anladılar. Onlarla düşmən tankı tarixi ərazilərimizdə ekipajı ilə birlikdə məhv edildi. İşğalçı ölkənin tankçılarının belə bir acı taleyi, Ermənistanda zirehli texnikada xidmət etmək istəyən gənclərin sayına ciddi təsir edib”.
Müdafiə Nazirliyinin Zirehli Tank Xidmətinin sabiq rəisi, hazırda Təlim Tədris Mərkəzinin rəisi, “Ordu” yarışlarının Azərbaycan tərəfindən hakimi, “Tank biatlonu” üzrə mütəxəssis polkovnik Sakit Verdiyevin Ordu.az-a eksklüziv müsahibəsini təqdim edirik:

– Cənab polkovnik, bilirik ki, Siz artıq bir neçə ildir ki, “Ordu-2019” oyunlarına həm hakim kimi, həm də “Tank Biatlonu” üzrə komandamızı hazırlaşdıran əsas mütəxəssis kimi qatılırsınız. Əvvəlcə bu yarışların iştirakçıları, oyunların mərhələləri barədə məlumat verərdiniz.

– “Ordu-2019” oyunları çərçivəsində 7-ci dəfə keçiriləcək “Tank biatlonu” bu il avqustun 3-dən 17-dək Moskvanın Alabino poliqonunda baş tutacaq. Yarışlarda keçən il Avropa, Asiya, Afrika və Latın Amerikasından 23 ölkə iştirak edirdi, bu il isə 22 ölkə – Azərbaycan, Ermənistan, Belarus, Venesuela, Vyetnam, Zimbabve, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Küveyt, Laos, Monqolustan, Myanma, Rusiya, Serbiya, Suriya, Uqanda, Özbəkistan, Şri-Lanka və Cənubi Afrika qatılacaq.

İştirak edən ölkələrin komandaları döyüş meydanda səmtlənmə, sürücülük vərdişləri, dəqiq atəşaçma və atəşi idarəetmə üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Yarışlarda 20 ölkə Rusiyanın T-72B3 tanklarında öz məharətini göstərəcək. Belarus 72BME, Çin isə “Type-96B” tanklarından istifadə edəcək.

– Yarışlarda komandamızı hansı mərhələlər, hansı maneə zolaqları gözləyir?

– Müsabiqədə hamı kimi bizi də təbii və süni maneələr, döyüş zolaqları, atıcılıq sahələri mövcud olan bir marşrut gözləyir. Marşrut isə aşağıdakı mərhələlərdən ibarət olacaq: fərdi sürət yarışı, yarımfinal və final.

– Siz tank ekipajlarının seçilməsi, yarışlara hazırlıq və müsabiqədə iştirak mərhələlərinin hamısında birbaşa iştirak edirsiniz. Builki ekipajların hazırlığı, təminatı və təchizatı barədə nə deyə bilərsiniz?

– Sadaladığınız mərhələlərin hamısında mənimlə bərabər digər zabitlər də iştirak edir. İştirak edəcək komandaların hazırlıq prosesləri Müdafiə nazirinin, Baş Qərargahın, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsinin və aidiyyəti üzrə xidmət rəislərinin tam nəzarətindədir. Təminat və təchizat məsələləri tam həll olunub. Artıq “Tank biatlonu”nda bu il iştirak edəcək namizədlər arasından ən yüksək hazırlıqlı heyətlər seçilib. Ekipajlar formalaşdırılıb. Hazırlığımız intensiv şəkildə davam edir.

– Rusiyaya göndəriləcək tank heyəti seçilib? Bu ekipajlar neçə nəfərdən ibarət olacaq? Onların bu yarşılarda təcrübəsi mövcuddurmu?

– Qeyd etdiyim kimi, artıq “Tank biatlonu”nda iştirak edəcək heyətlər seçilib. Onlar ekipajlara bölünüb. Biatlonda hər birində 3 nəfər olmaqla, 4 ekipaj iştirak edəcək. Onlardan 2-si əvvəllər bu oyunlarda iştirak edib, 2-si isə yenidir. 4-cü ekipaj ehtiyat olaraq nəzərdə tutulur.

– Dəvət edilən 86 ölkədən cəmi 22 komanda yarışlara qatılacaq. Azərbaycanın düşdüyü yarımqrupda keçən il ilk 5-liyi əldə edən ölkələr bir qrupda, zəif ölkələr isə digər qrupdadır. Final maraqsız olmayacaq ki?

– Xeyr, belə düşünmürəm. Qrupları təşkilatçı ölkə belə planlaşdırıb, lakin bu mahiyyət etibarı ilə məna kəsb etmir. Biz özümüz də belə bir təkliflə çıxış etmişik. Qruplara bölünməni isə Rusiya həyata keçirilir.

– NATO-da anoloji yarışlar keçirilirmi? NATO ölkələrinin öz tankları ilə yarışlara qatılması və illərdir davam edən “Hansı tank daha üstündür?” mübahisələrinə son qoya bilərdi. Belə bir təklifə münasibətiniz necədir?

– Əlbəttə ki, NATO-da da bənzər tədbirlər keçirilir. Əslində gözəl təklifdir. Bu hamımız üçün çox maraqlı olardı. Çünki komandalar nə qədər güclü olarsa, rəqabət də bir o qədər yüksək olur, nəticədə yarışlar daha maraqlı keçir. Həm də tankların real döyüş imkanlarını qiymətləndirmək üçün bərabər şərait əldə etmiş olardıq.

– Rusiyanın özünün istifadə etdiyi T-72B3 tankları ilə bizim heyətlərə təqdim etdiyi B3 tanklarının fərqi nədən ibarətdir?

– Mən bir tankçı kimi deyə bilərəm ki, zəif və ya güclü tankdan çox hazırlıqlı və peşəkar heyət vacibdir. Lakin bizə təqdim edilən tanklar eyni B3 modeli olsa da, təəssüf ki, onların arasında fərq çoxdur. Rusiya öz istifadə etdiyi tanklarının at gücünü 1300-ə qədər artırıb. Eyni kütləyə malik tankların zəif mühərriklə eyni nəticə göstərməsi asan məsələ deyil. Digər tərəfdən isə bu reklam xarakterli oyundur. Rusiya burada öz texnikasını daha çox tanıtmaq və satmaq niyyətini gizlətmir.

– Bəzi komandaların fərqli sursatlardan, yəni düzəlişlərə ehtiyacı olmayan və iki dəfə sürətli pərli kalibraltı mərmilərdən istifadəsi barədə iddialar eşidilir. Belə bir halla rastlaşmısınız?

– Xeyr, mən belə bir vəziyyətlə rastlaşmamışam. Bütün ekipajlar kumulyativ mərmilərdən istifadə edir. Burada ayrıseçkilik mövcud deyil.

– Son zamanlar Rusiya mətbuatı yeni hazırlanan tank komandirinin panorama nişangahından geniş bəhs edir. Bu nişangahların B3 tanklarına inteqrasiyasını iddia edənlər də yox deyil. “Biatlon”da onlardan istifadə edilə bilərmi?

– Xeyr, “Biatlon”da bu nişangahlardan istifadə edilməyib və edilmir. Adını çəkdiyiniz nişangahlar T-90 tanklarına yalnız MS səviyyəsində modernləşdirmə zamanı quraşdırılır, bu yarışda isə onlardan istifadə edilmir.

– Belarus, Çin B3 sinifli öz tankları ilə yarışlara qatılır, Hindistan da əvvəllər özlərinin T90 tanklarının mühərriklərini sıradan çıxardıqdan sonra keçən ildən Rusiyanın B3-ləri ilə çıxış etməyə başladı. Buna səbəb nədir?

– Hər bir ölkə bu müsabiqənin Rusiya tanklarının reklam məqsədini daşıdığını yaxşı anlayır, buna görə tank istehsalçıları öz məhsullarını bazara təqdim etməkdə maraqlıdır. Hindistan öz istehsalı olan 2 ədəd T-90 tanklarının mühərriklərini yarışda məhv etdikdən sonra məcburən Rusiyanın təqdim etdiyi B3 tankına keçdi. Rusiya Hindistanın öz tankı ilə yarışa gəlməsinə əvvəldən soyuq münasibət bəsləyirdi. Nədənsə Rusiya əsasən T-72B3 tanklarını reklam etməyə və onları satmağa çalışır. Çinin “Type-96B” tankı isə B3 ilə eyni sinifdəndir, lakin bəzi kiçik fərqləri də yox deyil.

– Keçən il keçirilən “Ordu-2019” yarışlarında Çin hərbçilərinin Rusiyaya gətirdikləri “Type-96B” tanklarının çəkisini 37 tona qədər azaltdığı iddia edilir. Bunu yarışlarda iştirak edən bir çox mütəxəssislər də iddia edir. Bu iddialar həqiqətə uyğundurmu? B3 tanklarının 46 ton çəkisilə Çinin 37 ton çəkisi arasında böyük fərq mövcuddur. Sizin həmin yarışlarda iştirak edən bir hakim kimi, tankların kütləsinə nəzarət etmək şansınız varmı?

– Əlbəttə yaxşı olardı ki, bütün iştirakçı komandalar eyni tip texnikalarla çıxış etsin. Bu daha doğru, daha ədalətli olardı. Bəzi ölkələrin özləri ilə texnika gətirməsi mənfi haldır və yarışların reytinqini aşağı salır. Hətta tamaşaçılar da Çin tanklarının sürətindən onun daha yüngül olduğunu anlayırlar. Lakin bunun qarşısı hələ alınmayıb. Kütləyə nəzarət üçün növbəti təkliflərimiz təkrar təşkilatçıların nəzərinə çatdırılacaq.

– Təbii ki, əsas rəqibimiz işğalçı Ermənistan komandasıdır. Digər sahələrdə olduğu kimi bu yarışlarda da Ermənistan hərbçilərinə Rusiyanın xüsusi dəstəyi müşahidə edilirmi?

– Bəli, bu dəstək bütün müsabiqələrdə və bütün mərhələlərdə açıq-aşkar müşahidə edilir. Ermənilərə təqdim edilən tankların istismara hazırlanmasında, texniki xidmətin göstərilməsində, silahların sıfırlanmasında və normal döyüş vəziyyətinə gətirilməsində rusiyalı zabitlər birbaşa iştirak edir və bunu gizlətməyə də çalışmırlar.

– Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Silahlanma idarəsinin avtomobil və zirehli texnika xidmətinin planlaşdırma və istismar şöbəsinin rəisi polkovnik Zorayr Qabrielyan iki il əvvəl bildirdi ki, istismar etdikləri T-72A tanklarını yerli imkanlarla B4 “Biatlon” səviyyəsində modernləşdirəcəklər. Bu yaxınlarda isə erməni polkovnik B3 səviyyəsində modernləşdirmədən bəhs etdi. Ümumiyyətlə B4 səviyyəsində modernləşdirmə mövcuddurmu? Ermənistan ərazisində modernləşdirmənin B3 səviyyəsində yerinə yetirilməsi mümkündürmü?

– Əvvəlcə bildirim ki, rəsmən B4 modernləşdirmə səviyyəsi mövcud deyil. Ermənistanda elə il yoxdur ki, bəzi yüksək vəzifəlilər modernləşdirmə barədə yüksək bəyanatlar səsləndirməsin. Bunun baş verib- verməyəcəyini heç kim bilmir, həm də indiyə qədər modernləşdirmənin niyə baş vermədiyinə aydınlıq gətirilmir. Bildiyim qədər hazırda Ermənistanda modernləşdirmə həyata keçirilmir, çünki hələlik bunun üçün zəruri maliyyə vəsaiti əldə edilməyib. İşğalçı ölkənin iqtisadi və texnoloji resursları da tamhəcmli modernləşdirməni həyata keçirməyə imkan vermir.

– Ermənistanın “Tank biatlonu”nda çıxışını əvvəlki illərlə müqayisədə necə dəyərləndirirsiniz?

– Bilirsinizmi, həm KTMT-də, həm də AİƏT-də Rusiya ilə bir cərgədə yer alan Ermənistana aşkar yardım edilir. Erməni hərbçilər də bunu sanki onlardan tələb edirlər.

– Yarışlar B3 tanklarında keçirilir, Ermənistan ordusunun silahlanmasında isə yalnız T-72A modelləri mövcuddur. Erməni ekipajların Rusiyanın Ermənistan ərazisindəki 102-ci hərbi bazasının texnikasının yardımı ilə hazırlaşması mümkündürmü?

– Əlbəttə mümkündür, çünki “Biatlon”da istifadə edilən modellərdə tətbiq edilən son yeniliklər erməni tanklarında mövcud deyil. Onların hazırlaşması üçün Gümrüdən başqa yerdə digər təlim bazası mövcud deyil.

– Bu yarışlarda Ermənistan komandasını və onun real imkanlarını necə qiymətləndirirsiniz?

– “Tank biatlonu” əslində bir oyundur, bir yarışmadır. Normal halda burada iştirak edən komandaların hamısı bir-birinə rəqibdir. Ermənistan hərbçiləri isə əlavə olaraq ərazilərimizi işğalda saxlayan düşmənlərimizdir. Buna görə də Ermənistan komandasından öndə olmaq komandamız üçün böyük əhəmiyyət daşıyır. Ermənistan komandası bu il bizimlə eyni qrupdadır, yəni zəiflərin qrupuna daxil edilməyiblər, lakin onların real potensialı bizdən kifayət qədər aşağıdır. Bunu son 4 ilin nəticələri də sübut edir.

Ümumiyyətlə, biz rəqiblərimizin daha güclü, lakin ədalətli olmasında maraqlıyıq, bu bizim də daha yüksək səviyyə əldə etməyimizə imkan verər. Lakin gördüyünüz kimi, biz əldə etdiyimiz nəticələrlə kifayətlənmirik. Hazırlığımız tam intensivliyi ilə davam edir.

– Ümumiyyətlə Ermənistan Ordusunda tankçı olmaq əvvəlki kimi prestijli hesab edilirmi?

– Belə bir stereotip əvvəllər mövcud idi, lakin 2016-cı ilin aprelində erməni tankçıları 1 metrə yaxın qalınlığa malik zirehin belə onları Azərbaycanın idarəolunan raket və ya tank atəşindən mühafizə etməyəcəyini praktiki olaraq anladılar. Onlarla düşmən tankı tarixi ərazilərimizdə ekipajı ilə birlikdə məhv edildi. İşğalçı ölkənin tankçılarının belə bir acı taleyi, Ermənistanda zirehli texnikada xidmət etmək istəyən gənclərin sayına ciddi təsir edib. Artıq bu sahəyə əvvəlki kimi ciddi maraq göstərilmir, gənclər tankçı olmaq istəmir. Əvvəlcə bu tank ekipajlarında vəzifə tutmaq üçün könüllülər arasında belə bir seçim mövcud idi, indi isə bu vəzifələrə təyinat demək olar ki, tamamilə məcburidir.

– Əvvəlki illərdən azarkeşlik etdiyimiz “Tank snayperi” ləqəbi ilə tanınan baş gizir Məftun İbrahimov bu ilki yarışda yenidən iştirak edəcəkmi?

– Bəli iştirak edəcək. Məftun hazırda digər ekipajlar ilə birlikdə hazırlıqlarını davam etdirir. Sonuncu dövrədə atəş açan baş gizir Məftun İbrahimov idi. Yenə də maksimum nəticə göstərdi. Biz “snayperimiz”dən daim maksimum nəticə gözləyirik, o da bizim ümidlərimizi doğrultmaqda davam edir.

Lakin burada atəşlə bərabər yüksək sürət və maneələrin dəf edilməsi də vacib əhəmiyyət daşıyır. Hazırlığımız kompleks şəkildə əvvəlcədən hazırlanan təlim proqramına uyğun olaraq davam edir. Ekipajların atəş və sürücülük imkanlarını özünüz də izlədiniz. Hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir, lakin biz müddət göstəricilərini daha da yaxşılaşdırmaq üçün təlim məşqlərinə davam edirik. Düşünürəm ki, komandamız bu il daha yüksək nəticə göstərəcək.

– Ümumilikdə “Tank biatlonu”nda komandamızdan hansı nəticəni gözləyə bilərik?

– İlkin hədəfimiz finala çıxmaqdan və ilk dördlüyə daxil olmaqdan ibarətdir. Müsabiqə zamanı bütün iştirakçılara bərabər şərtlər yaradılarsa, birinci və ya ikinci yer mütləq bizim olmalıdır.

– Çox sağ olun! Təşəkkür edirik!

Hərbi ekspert Ədalət Verdiyev ordu.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png