ŞƏHADƏTİ İLƏ ÖLÜMSÜZLÜYƏ UCALDI CAVAD XAN!

Unutmayaq,
unutdurmayaq!

3
yanvar 1804 – cü ildə Qacarlar nəslindəm olan böyük Azərbaycan sərkərdəsi,
dövlət xadimi, Gəncə xanlığının axırıncı xanı- Cavad xanın rus işğalçı
qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak
olduğu gündür. 

Cavad
xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Gəncədə XVI əsrdən hökmranlıq etmiş,
ilk doqquz Qızılbaş tayfalarından biri olan və Qacarların bir qolu sayılan
Ziyadoğlular nəslindəndir. 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuş
Şahverdi xanın oğludur.

1786-cı
ildə hakimiyyətə gələn Cavad xanın dövründə (1786-1804) Gəncə xanlığı daha da
möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə
xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır. Ticarət genişlənir,
müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar,
məscidlər tikilir. Xan sarayında alimlər, şairlər məclisi toplanır.

Cavad
xan həmin dövrdə bir-birini sürətlə əvəz edən mürəkkəb hadisələr fonunda fəal
siyasi fəaliyyət aparırdı. Yaxınlaşan Rusiya təhlükəsi qarşısında Azərbaycan,
Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən
istifadə edərək antirusiya koalisiyası yaratmağa çalışır. Lakin həlledici anda
onlardan dəstək ala bilmir və güclü düşmən qarşısında tək qalır.

XIX
əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğalı planını reallaşdırmağa
başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə malik Gəncəni ələ
keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini general Sisianov
yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan
ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli
məsələlərdəndir.

Sisianov
Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, rədd cavabı alır.
1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə
üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır.

Gəncə
şəhərinin ikiqat müdafiə səddi və 6 bürcü qala ilə əhatələnməsi Cavad xana bir
müddət hücumları dəf etmək imkanı verir.

1804-cü
il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə güclü hücumu
başlanır. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın
və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki
mindən çox müdafiəçisi öz həyatını itirir.

İşğaldan
sonra Gəncə şəhərinin adı dəyişdirilərək çar I Aleksandrın arvadı Yelizavetanın
şəhərinə Yelizavetpol adlandırılır.

1826-cı
ildə Cavad xanın digər oğlu, Uğurlu xan Gəncəni azad etməyə nail olur. Lakin
rus ordusuna dəstək üçün əlavə qüvvələrinin gəlməsindən sonra şəhər yenidən
rusların əlinə keçir.

Cavad
xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur.
1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası zamanı onun məzarı
dağıdılır. Lakin, xalq bu qəhrəman övladının cəsədinin qalıqlarını gizli
şəkildə qoruyub saxlayır. 1990-cı il martın 27-də Cavad xanın nəşi öz əvvəlki
yerində torpağa tapşırılır və üzərində məqbərə ucaldılır.

Allah rəhmət eləsin.

Cavid İsmayıl