Bələdiyyə sədri buna görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən ONN media-ya verilən xəbərə görə, araşdırma zamanı Tərtər şəhərinin Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 müxtəlifcinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimələnib.

Ağacların dibi nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.

Gələcəkdə ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi göstəriş verilib.