Kəlbəcərdən mineral suların gətirilməsinə icazə verilmir?

Daxili İşlər Nazirliyi Kəlbəcərdən mineral suyun gətirilməsinə qoyulan qadağa ilə bağlı yayılan iddialara cavab verib.

DİN Mətbuat Xidmətinin Qərb regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov qaldırılan iddia və məsələyə dair açıqlama verib:

“Kəlbəcər rayonuna gedən şəxslərin geri qayıdarkən oradan mineral sulardan gətirə bilməməməsi ilə bağlı iddialar doğru deyil və həqiqəti əks etdirmir.

Məsələ ilə bağlı bildirim ki, indiyədək artıq bir neçə dəfə Kəlbəcərə gedib geri dönərkən oranın məhşur müalicəvi sularından iri tutumlu çənlərdə Gəncə şəhərinə və digər rayonlara gətirilərək, qeyri qanuni şəkildə qablaşdırılaraq satılması ilə bağlı çoxsayda faktlar ortaya çıxıb.

Məlum olduğu kimi belə hallar qanunlara ziddir. Komersiya xarakterli daşınmalar üçün İqtisadiyyat Nazirliyinin, digər aidiyyatı qurumların razılığı və icazəsi lazımdır ki, şəfalı sular komersiya təyinatına yönləndirilə bilinsin.

Məsələnin digər tərəfinə gəlincə, icazəli vətəndaşlar iri tutumlu su çənlərində deyil, müvafiq ölçülü qutularda və əl qablarında özləri, yaxın qohumları üçün hər hansı məhdudiyyət olmadan mineral su gətirə bilər.

Təkcə Kəlbəcər rayonuna deyil, ölkənin bütün bölgələrinə məxsus olan təbii ehtiyatlardan vətəndaşlar fərdi qaydada istifadə edə bilər. Lakin bu ehtiyatlardan komersiya məqsədi üçün istifadə olunması yalnız dövlət qurumlarının müvafiq icazəsi əsasında həyata keçirilə bilər. Xaotik, pərakəndə və qanunlara zidd şəkildə deyil.

Mineral ehtiyatların gətirilməsinə qoyulan qadağalarla bağlı səslənən əsassız iddiaların təməlində məhz qanunvericiliyin əsas verdiyi bu qaydalar dayanır”.

Xatırladaq ki, Kəlbəcər rayonuna müvafiq icazə əsasında səfər edən heyvandarlar, arıçılar və digər şəxslər iddia ediblər ki, rayondan geri dönərkən İstisu, Turşsu və digər mineral bulaqların sularını gətirilrilməsinə icazə verilmir.

Maksimum 15-20 litrdən artıq su gətirilməsinə görə, keçid postlarında əngəl törədilir.

“Biz sərhəd keçmirik, ölkəmizin bir guşəsindən digər hissəsinə doğru yol gedirik. Bu nə qayda, nə qadağadır? Həqiqətənmi qanunlara söykənən məhdudiyyətdir?”, – narazı şəxslər belə deyiblər