Naxçıvan gömrüyünə yeni təyinat olub

Naxçıvan Gömrük Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.

ONN media xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib.

O bildirib ki, V.Əliyev bundan əvvəl Gömrük Komitəsində Sosial innovasiyalar və analitik təhlil idarəsinin rəisi olaraq çalışıb:

“Onun əmri bu gün verilib”.

Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsi ötən gün Prezident sərəncamı ilə ləğv edilib, onun bazasında Baş İdarə yaradılıb. Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli isə avtomatik olaraq vəzifəsindən azad edilmiş sayılıb.

AMEA prezidenti İsa Həbibbəylinin oğlu, ləğv edilən Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəylinin DTX-nin qurumda apardığı və aşkara çıxardığı külli miqdarda yeyintilərlə bağlı istintaqa cəlb edildiyi bildirilir.

Sosial şəbəkələrdə isə yeni sədr əvəzinin Bakıdan özü ilə 30-a yaxın əməkdaş apardığı, Naxçıvan Baş İdarəsinin yenidən formalaşdırılmasına başlandığı bildirilir.