Xocalıda 85 ev təmir olunacaq: 4 milyonluq LAYİHƏ

Xocalıda 85 ev təmir olunacaq: 4 milyonluq LAYİHƏ
Xocalı rayonunun Daşbulaq kəndində onlarla yaşayış evi təmir olunacaq.
ONN media-nın məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən ümumilikdə 85 fərdi yaşayış evinin cari təmiri nəzərdə tutulur.
Layihələrdən biri 46 fərdi yaşayış evini əhatə edir və onun ehtimal olunan dəyəri 2 milyon 147 min 794 manat təşkil edir. Digər müsabiqə isə 39 yaşayış evinin təmirini nəzərdə tutur və bunun üçün 1 milyon 812 min 710 manat vəsait ayrılması planlaşdırılır.
Beləliklə, hər iki layihə üzrə ümumi dəyər 3 milyon 960 min manatı ötür.
Evlərdə daxili tamamlama işləri aparılacaq, divar və tavanlar suvanaraq rənglənəcək, köhnə döşəmə örtükləri yenilənəcək, bəzi evlərdə laminat döşəmələr quraşdırılacaq. Eyni zamanda yaşayış evlərinin fasad hissələri də təmir olunacaq, xarici divarlar yenidən suvanacaq və rənglənəcək.
Qeyd edək ki, Daşbulaq kəndində həyata keçiriləcək təmir işləri işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası və sakinlərin məskunlaşması üçün yaradılan infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir.

Geri qayıt