Karantin dövrünü sağlam və sərfəli necə keçirək? -Psixoloq Aygün Ağabalayevadan MÜHÜM TÖVSİYƏLƏR/MÜSAHİBƏ

Dünyada və  ölkəmizdə  hər kəsin diqqət  mərkəzində olan  koronavirus pendamiyası  mövzüsunda Harmoniya Psixologiya Mərkəzinin rəhbəri Aygün Ağabalayeva  ilə  ONN media -nın  hazırladığı müsahibəni  oxuculara təqdim edirik.

Dünyada  kəskin  dərəcədə  yayılan koronavirus pandemiyası səbəb ilə ölkəmizdə də xüsusi  karantin rejimi  tətbiq edildi. Fəal bir həyat tərzi sürən insanlar sağlam zehni qorumaq və karantin dövrünün sonuna qədər dözümlə  öhtəsindən gəlmək  üçün nə etməlidirlər?

-Son zamanlarda koronavirus pandemiyası tək bizim ölkəni yox, bütün dünyanı narahat edən əsas məsələlərdən biridir. Bu günkü karantin vəziyyəti təbii ki, insanlara fərqli təsir göstərir. Çünki insanlar fərqlidir və insanların baş verən hadisəyə yanaşması da fərqlidir. Stresi yaradan nədir? Stresi yaradan da məhz insanın bu hadisəyə yanaşmasıdır. Hər bir problemdə olduğu kimi bu problemdə də insanların psixoloji yanaşması fərqlidir. Elə insanlar var ki, buna normal yanaşırlar, bütün verilən qaydalara riayət edirlər. Bilirlər ki, bu müvəqqəti bir haldır, keçib gedəcək. Elə insanlar var ki, həddindən artıq  həssas yanaşırlar, panika keçirirlər. Hətta pəncərəni açmırlar ki, virus içəri girəcək. Elə insanlar da var ki, həddindən artıq laqeyd yanaşırlar.

Onu da qeyd edək ki, müxtəlif insan tipləri var. Biri var paranoyak insanlar (bunu mən kliniki tərəfdən nəzərdə tutmuram). Bu insanlar gərgin insanlardır, hər şeyə şübhə ilə yanaşırlar.. Təsəvvür edin indiki durumda onlar necə olacaq?  Şizoid tip insanlar var. Şizoid tip deyəndə şizofreniyanı nəzərdə tutmuruq. Sadəcə bu tip insanlar cəmiyyətdən kənar, qapalı olurlar. Çox sevinərlər ki, evdən bayıra çıxmasınlar, işlərini də evdən görsünlər. Təbii ki onlar normal insanlardır, sosial mühitdə işləyib pul qazanırlar. Sadəcə şəxsi xüsusiyyətləri özünə qapalı olmalarıdır. Təsəvvür edin ki, indi onlar necə sevinir və online olaraq bütün işlərini görürlər. Düzdür bəziləri deyir ki, “işim üçün, ofisim üçün darıxmışam”, amma daxilən sevinirlər ki, nə yaxşı belə durum var. Çünki onlar uşaqlıqdan belə həyat tərzini sevən insanlardır.

Bəli, karantin günləri evə qapanma, insanların psixologiyasına müəyyən qədər təsir göstərəcək. Bu səbəbdən panik atak, depressiya, müxtəlif fobiyalar müşahidə oluna bilər. Amma bu durumu hamıya şamil etmək lazım deyil. Və hansı tədbirlər görülməlidir ki, insanlar bu duruma düşməsin?

Karantin günləri uzandıqca insanlar daha da gərginləşirlər, infeksiyaya yoluxma qorxusu daha da artır, qeyri-müəyyənlik, vəziyyəti nəzarət altında saxlaya bilməyəcəklərı haqqında fikirlər stressi daha da artırır. Və ilk olaraq nəyə maraq göstərirlər? Yayılan informasiyalara. Bu informasiyalar özü insanlara fərqli  təsir göstərir. Ən çox da vatsapda fərqli-fərqli göndərilən səslər. Hər bir insan eyni reaksiyanı vermir. Ən əsası onu vurğulamaq istəyirəm ki, insanlar informasiyaları rəsmi mənbələrdən əldə etsinlər. Gün ərzində, bütün günü yalnız bu informasiyaların üstündə qalmasınlar. Elə olur ki valideynlər eşitdikləri məlumatlara əsasən mənfi emosiyalarını övladlarının yanında saxlaya bilmirlər.Amma bu məqamda çox diqqətli olmaq lazımdır. Övladlarınızda qorxu və həyacanın artmasına səbabkar olmayın.

Biz bilirik ki, bu müvəqqəti bir haldır, ömürlük olan bir şey deyil, hər şey öz qaydasına düşəcək. Əvvəllər düşünərdik ki, boş vaxtım olanda kitab oxuyardım, filmlər izləyərdim, fərqli-fərqli kurslarla maraqlanardım. İndi bu şərait var. Amma problem nədədir? İnsanlar adaptasiya olana qədər bir çox hallarda bunları etmək istəmir. Bütün bunlar normaldı və ilk adaptasiya müddətində olur. Həmin anda özünüzü məcbur edib bunları etməyə bilərsiniz.Hərəkət tələb edən işlə məşğul ola bilərsiniz. Eyvanı (balkonu) təmizləyib səliqəyə sala bilərsiniz, paltar dolabınızı yenidən yığa bilərsiniz. Bu aktiv işləri görəndən sonra insanlar rahatlanır. Sonra başqa-başqa işlərə keçə bilərsiniz. Özünüzü bu baxımdan yormayın, sadəcə biraz zaman lazımdır ki, adaptasiya olasınız.

Həyatda elə şeylər var ki, insan onu çətinliklə qəbul edir, amma biz onlarla yaşamağı öyrənməliyik. Məsələn, insanın doğmasını itirməsi kimi. Amma karantin belə bir durum deyil, biz axı ömürlük belə yaşamayacağıq. Yenidən əvvəlki vəziyyət qayıdacaq, hər bir şey qaydasına düşəcək. İndiki vəziyyətdə biz evdəyik və bizə elə gəlir ki, “görəsən bu nə vaxt düzələcək?”. Amma ömrümüzün prizmasından  baxanda bu çox müddət çəkməyəcək. Sadəcə həyatımızın  üç, dörd, maksimum beş ayını aparmış olacaq.

Psixoloji gərginlik yaşamamaq üçün nə etmək lazımdır? Deyirlər ki, psixoloqlar tez-tez rejim sözünü işlədir. Ancaq günün rejimi, günün qrafiki çox vacibdir. İnsan işini qayda ilə görəndə bu insanda daha da güvən artırır, vəziyyəti aydınlaşdırır, insan daha rahat öyrəşir. Bundan öncə də axı bizim rejimimiz olmuşdur. Bütün günü evdəyiksə, bu o demək deyil ki, səhər duranda penjama və ya xalat ilə gəzməliyik. Səhər duranda özünüzü qaydaya salın. Ailə ritmini qoruyub saxlayın. Düzdür, müəyyən dəyişikliklər edirik, amma bunları bir plan şəklində etsəniz onda sizdə “bütün günüm boş gedir” fikri yaranmayacaq.

Günün müəyyən bir vaxtını övladınızla keçirin. Valideynlər deyir ki, bütün günü evdəyik onsuz, günümüzü uşaqla keçiririk. Uşaqla evdə olmaq ona vaxt ayırmaq demək deyil. Təbii ki uşağın özünün televizora baxan vaxtı da olacaq, komputerlə oynayan vaxtı da olacaq, özü oynayan vaxtı da olacaq, özü oxuyan vaxtı da olacaq . Ancaq mütləq şəkildə ailə olaraq da birlikdə müəyyən işlər görülməlidir. Və ən əsası  hər bir insan özünə də vaxt ayırmalıdır. Belə olduğu halda münasibətlər arasındakı  konfliktlərin də qarşısını almış olacaqsınız.

Özünüzə vaxt ayırın deyəndə nələr nəzərdə tutula bilər…

Həmin saatlarda bundan əvvəl hansısa bir iş ilə məşğul olmaq istəmisiniz, amma buna vaxt tapa bilməmisiniz. Bunlara misal olaraq

  • hobbi ola bilər, hansısa musiqi alətində çalmağı öyrənə bilərsiniz…
  • internetdə fərqli-fərqli kurslar …
  • dünya muzeylərinə səyahətlər …
  • ailəvi şəkildə rəqslər təşkil edə bilərsiniz…
  • film izləmək olar…

Bütün bunlar ailənin modelindən, ailə üzvlərinin fərdi xüsusiyyətlərindən, psixologiyasından asılıdır.  Müasir texnika, telefon, komputer bizə sərait yaradır ki, bundan əvvəl vaxt ayıra bilmədiyimiz doğmalarımızla, yaxınlarımızla ünsiyyətdə olaq. Çünki buna bolluca vaxtımız var…

Bir məqamı da vurğulamaq istəyirəm ki, intellektual aktivliklə yanaşı fiziki aktivlik də olmalıdır. Bu həqiqətən də insan psixologiyasına çox müsbət təsir göstərir. Çalışın evdə ailəvi şəkildə idmanla məşğul olun. İnternetdə buna aid kifayət qədər video roliklər var. Amma bunu ailəvi şəkildə etsəniz təbii ki çox gözəl olar.

Əgər ailədə bir nəfər bu problemlə üzləşirsə, həmin insanın daha da panikaya düşməməsi üçün ətrafındakı insanlar necə reaksiya göstərməlidirlər?

 

-Əgər ailədə bu problemlərlə üzləşən olursa təbii ki, həkimlərlə yanaşı ətrafdakı insanların, doğmaların da reaksiyası  önəmlidir. Pozitiv emosiyalar olmalıdır. Bu da bir virusdur, necə ki, soyuqdəymə, digər viruslar kimi. Bu o demək deyil ki, hər xəstəliyə yoluxan dünyasını dəyişəcək. Sadəcə zamanında həkimə müraciət olunsa , sağalma daha tez baş verəcək. Görün nə qədər insanlar sağalıb evlərinə qayıdırlar. Bu   insanlara psixoloji  dəstək olmaq lazımdır. Çünki indiki durumda zatən insanlar daha çox həssas və panikaya meyillidirlər.  Ətrafdakıların pozitiv yanaşaması, dəstəyi çox vacibdir.

Aygün xanım, karantin dövründə tək yaşayan insanlara nə tövsiyə edərdiniz?

-Tək yaşayan insanların epidemiyadan qabaq da öz həyat  tərzi, öz rejimi, düzəni olur. Burda  yeganə canlı ünsiyyət əksikliyi ortaya çıxır. Onlar da özlərinə müəyyən rejim qursunlar. İnsanlarla canlı olmasa da, görüntülü ünsiyyətdə olsunlar. Əvvəllər məşğul olmaq istədikləri işlə məşğul olsunlar. Bu artıq onların öz maraq dairəsindən asılıdır.

Televiziya,  sosial  media  və  bir  çox  yerlərdə koronavirus  məlumatlarını  daima  görməkdəyik,  oxumaqdayıq  bu insanların  panikaya  düşməsinə  nə  qədər  təsiri  var?

 

-Bu günkü gündə televiziya və sosial şəbəkələrdə koronavirus haqqında kifayət qədər informasiya bolluğu var. Bunların içində faydalı olan və olmayan məlumatlar da var. Elə məlumatlar var ki, onları bilmək vacibdir. Amma bundan əvvəl qeyd etdiyim kimi insanların psixikası fərqli olduğu kimi onların informasiyalara yanaşması da fərqlidir. Tanıdığım elə insanlar var ki,whatsapp səs yazmaları onlara necə mənfi təsir göstərir, həyəcan, təşviş içində olurlar. Bütün günü yalnız koronavirus haqqında məlumat dinləmək, oxumaq məsləhət deyil. Ancaq rəsmi mənbələrdən informasiya  əldə etmək lazımdır.

 

Koronavirusun yaratdığı  bu  durum  ən  çox  hansı  yaş  qurupuna  təsir  edə bilər?

 

-Təbii ki, bu vəziyyət bütün yaş qruplarına aiddir və bütün yaş qruplarına müxtəlif təsir göstərə bilər. İnsanların fərqli həyat tərzlərini, xarakter və psixikasını nəzərə almaq lazımdır. Elə ailələr var ki, orda problemli uşaqlar var (autizm). Belə ailələrə daha çətindir. Özünüz də bilirsiniz ki, bu günkü gündə əvvəl bu uşaqların rejimləri, günləri zəngin olurdu, idmanla məşğul olurdular, psixoloq yanına gedirdilər. İndiki bu vəziyyətdə online seanslar da uşaqlara təsir göstərməyəcək. Bu hallarda mütləq şəkildə valideynlər mütəxəssislərlə sıx əlaqədə olmalıdırlar. Ən azı bu hallar valideynin psixikasına mənfi  təsir göstərir və bu da övladında biruzə verir. Kiçik yaşlı uşaqların valideyninə  bir qədər çətin olur. Çünki bu yaş uşaqlarda  aktiv,enerjili, məşğuliyyətlərlə zəngin həyat tərzi olub. Kiçik yaşlı uşaqlar valideyninə daha çox bağlı olduğu üçün, gördüyü işi valideyni ilə birlikdə etməyə çalışır. Belə halda təbii ki uşaqlara aqresiya ilə yanaşmayın, tez-tez cəzalandırmayın, əksinə müəyyən işlər tapşırın, onları tərifləməyə çalışın. Hansısa bir ev işi görəndə yaşını nəzərə alaraq müəyyən bir iş tapşırmaq olar. Çünki uşaqlar daha çox stresə reaksiya verirlər. Karantindən öncə onların da rejimi olub . Ona görə ,çalışın ailəvi şəkildə onlarla vaxt keçirin, stolüstü oyunlar oynayın. Uşağın yaşını nəzərə alaraq birlikdə hansısa film, cizgi flmi izləmək olar. Və bu qrafik ailənin qaydalarından, modelindən irəli gələrək qurulmalıdır.

Pandemiyadan  sonra hansı  dəyşikliklər  olacaq?

-Təbii ki karantin ömürlük deyil, bunun da sonu  olacaq. Biz gərək bu vəziyyətdən çıxmağa da hazırlıqlı olaq. Belə bir fikir formalaşıb ki, karantin müddətində insanlarda yaranan gərginlik ,aqressiya,münasibətlərarası konfliktlər boşanmalara səbəb olacaq. Xeyr, bunu hər ailəyə şamil etmək olmaz. Çünki bu hər kəsin fərdi xüsusiyyətlərindən, insanların problemlərə, narahatçılıqlara yanaşmasından, onları necə həll etməyindən asılıdır. Karantindən çıxma halları da tədricən olacaq. Bu o demək deyil ki, hər yer bağlıdır və birdən birə də hər yer açılacaq. Qoyulan məhdudiyyətlər də etap-etap aradan qalxacaq. İnsanlar karantindən çıxanda da normal həyata yenidən uyğunlaşacaqlar. İctimai nəqliyyatlar, iş yerləri, məktəblər açılacaq, uşaqlar məktəbə gedəcək. Təbii ki, bu birdən-birə olmayacaq və insanların adaptasiyasına daha rahat şəkildə kömək edəcək, yeni stresin qarşısını alacaq. Ancaq hər bir situasiyada, hər bir halda olduğu kimi insanların reaksiyası da fərqli olacaq.

Bu durum insanlarda müəyyən dəyişikliklər edəcək. Kimlərinsə vərdişləri dəyişəcək, kimlərdəsə təmizlik vərdişləri qalacaq. Amma bunların nə qədər davamlı olub-olmadığını biz deyə bilmərik. Mühit dəyişdikcə insanların vərdişləri də dəyişir. Müəyyən müddətdən sonra ola bilsin ki, biz əvvəlki davranışlarımıza qayıdacağıq. Elə insanlar olacaq ki, onlarda  heç bir psixoloji  dəyişikliklər olmayacaq. Bu insanların şəxsi keyfiyyətlərindən asılıdır. Heçnə ömürlük olmadığı kimi, bu da müvəqqətidir, buda bitəcək və bütün dünya əvvəlki vəziyyətinə qayıdacaq. Amma bu gün, biz birlikdə bunu yaşamalıyıq. Ailəmizdə hüzuru qoruyub  saxlamalıyıq. Və bütün bu qoyulan gigiyena  qaydalarına riayət etməliyik ki, tezliklə bu vəziyyətdən çıxaq. Karantin gec-tez bitəcək. Amma bu vəziyyətdən hansı psixoloji halda çıxmağımız bizim özümüzdən asılıdır. Çalışaq öz daxilimizdə, ailəmizin daxilindəki harmoniyanı qoruyub saxlayaq!

Aygün xanım  təşəkkür edirəm.

-Səidə xanım sizə  və  ONN İnformasiya Agentliyinə  öz  təşəkkürümü  bildirirəm.

Səidə Seyidova