Çimərlikdə bu qidaları yemək təhlükəli ola bilər
Yay mövsümündə çimərliklərə üz tutanların əksəriyyəti evdə hazırladıqları yeməkləri də özləri ilə aparmağa üstünlük verir. Lakin mütəxəssislər bildirirlər ki, yüksək temperatur şəraitində bəzi qidaların düzgün saxlanılmaması qida zəhərlənməsinə səbəb ola bilər.
ONN media xəbər verir ki, xüsusilə mayonezlə hazırlanan salatlar, bişmiş toyuq, ət və balıq yeməkləri, qiyməli qidalar, kotlet, dolma, süd məhsulları və kremli şirniyyatlar isti havada tez xarab olur.
Bu cür məhsullar saatlarla günəş altında və ya soyuducu şərait olmadan saxlanıldıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaranır.
Mütəxəssislər evdən gətirilən yeməklərin mütləq termo (soyuducu) çantalarda və buz paketləri ilə daşınmasını tövsiyə edirlər. Bişmiş qidaların uzun müddət açıq havada saxlanılması isə məsləhət görülmür.
Çimərlikdə daha təhlükəsiz seçim kimi yaxşı yuyulmuş meyvələr, çərəzlər, quru meyvələr, tam taxıllı qəlyanaltılar və kifayət qədər su istehlakı tövsiyə edilir.
Həkimlər bildirirlər ki, ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət kimi əlamətlər qida zəhərlənməsinin göstəricisi ola bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
