ONN İnformasiya Agentliyi

Səhər yeməyini mütləq yeyin – FAYDALARI

Səhər yeməyini mütləq yeyin – FAYDALARI
19 Sentyabr 2019 - 2:07

“Səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver” atalar sözünü hamımız eşitmişik. Bəs hamımız ona əməl edirikmi?

Çoxları səhər yuxudan duranda yemək yemədən evdən çıxır. Bunu ya iştahanın olmaması, ya da vaxt azlığı ilə əlaqələndirirlər. Ancaq mütəxəssislər səhər yeməyinin insan sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Bəs səhər yeməyinin sağlamlığa faydaları hansılardır?

E-tibb.az bildirir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Çünki insan ac qaldıqda qanda şəkərin səviyyəsi enir və bu da əsəbilik yaradır.

Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına kömək edir. Belə ki, insan yatanda maddələr mübadiləsi də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır. Bundan başqa, aclıq zamanı orqanizmin müdafiə reaksiyası işə düşür və bədən ehtiyatda saxlamaq üçün daha çox kalori qəbul etməyə çalışır. Üstəlik, səhər yeməyi yeməyən şəxs nahar zamanı lazım olandan daha çox yeyəcək ki, bu da bədən çəkisinə mənfi təsir edəcək.

Mütəxəssislər hesab edir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı yaxşılaşdırır.

Araşdırmalar səhər yeməyinin infarkt və ürək xəstəlikləri riskini azaltdığını ortaya qoyub. Belə ki, səhər yeməyindən imtina qan təzyiqinin və qandakı şəkərin səviyyəsini pozur, bu isə infarkt riskini artırır.

Bəs səhərlər hansı qidalar yeyilməlidir? Səhər yuxudan oyanan zaman, ilk növbədə, bir stəkan ilıq su içmək lazımdır. Daha yaxşısı isə bir stəkan ilıq suya yarım limonun şirəsini sıxıb içməkdir. Bu, orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək. Çoxu səhər bir fincan qəhvə, ya da çay içib, evdən çıxır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal insanlarda mədənin selikli qişası qıcıqlanır və müəyyən müddət sonra qastritin inkişafına səbəb olur.

Dietoloqlar sıyığı ən yaxşı səhər yeməyi hesab edirlər. Dənli bitkilərin tərkibində faydalı karbohidratlar, E vitamini və B qrupu vitaminlər var. E vitamini qocalma prosesini ləngidir, B qrupu vitaminlər isə sinir sisteminin işini yaxşılaşdırır. Bundan başqa, sıyıq orqanizmdən şlakları çıxarır, gün ərzində yeyilən məhsulların piylərini həzm etməyə kömək edir. Sıyıq yeyən şəxslərdə qəbizlik ehtimalı da minimum olur.

Səhər yeməyinin tərkibində yağ, protein və karbohidrat olmalıdır. Hər səhər yeməyində mütləq yumurta yemək lazımdır. Yumurtanın tərkibindəki kalsium, kalium, maqnezium, sink, zülal, minerallar immunitetin yüksəlməsinə kömək edir. Süd məhsullarını da süfrədən əskik etmək olmaz. Günün əvvəlində orqanizmin qəbul etdiyi bir stəkan süd və ya 200 qram kəsmik onu A və B qrup vitaminləri ilə təmin edəcək.

Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, nə olursa-olsun səhər yemək yemədən evdən çıxmayın.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png