Məşhur türk sənətçi Bakıda konsert verdi – Foto

Türkiyənin tanınmış opera ifaçısı Oya Ərgün Bakıda konsert proqramı ilə çıxış edib.

ONN media xəbər verir ki, konsertdə ifaçını Eyyub Əliyev və Toğrul Məmmədov müşayiət ediblər. Konsertdə opera sənətçisi Qara Qarayev, Tofiq Quliyev, eləcə də İohan Sebastyan Bax, Frans Şubert və digər bəstəkarların əsərləri səsləndirilib.

Gecədə Vyanada beynəlxalq müsabiqədə ikinci yerə sahib olmuş 9 yaşlı Ləman Seyidova pianoda Frederik Şopenin, Pyotr İliç Çaykovskinin əsərlərindən parçalar ifa edib.

Konsertdən sonra Azərtac-a müsahibə verən türkiyəli ifaçı musiqinin insanları bir-birinə yaxınlaşdırdığını, Azərbaycanda musiqi festivallarının təşkilinin onu sevindirdiyini vurğulayıb.

Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış Oya Ərgün klassik əsərlərdən ibarət yeni albom üzərində çalışdığını söyləyib: “Musiqi və şeirdən ilham alıram. İki qardaş ölkənin musiqisinin bir-birinə inanılmaz bağlılığı var. Türkiyənin şərq hissəsinin musiqisi Qafqaza çox yaxındır. Azərbaycan bəstəkarları xalq musiqisini hər zaman önə çəkiblər. Hər iki ölkədə tanınmış bəstəkarlar, musiqiçilər var”.

Görkəmli bəstəkar Tofiq Quliyevin əsərlərini ifa etməkdən zövq aldığını söyləyən sənətçi deyib: “Tamaşaçılarla görüşü hər zaman səbirsizliklə gözləyirəm. Hər ay konsertlər təşkil edəcəyik. Hər bir konsertdə musiqisevərlərə gənc istedadlar təqdim olunur. İstedadlı gənclərin tanıdılmasına dəstək verməyi çox sevirəm”.

Azərbaycanda hər zaman konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu ifadə edən ifaçı pərəstişkarlarından çoxlu məktublar aldığını qeyd edib.