Əli Əsədov qərar imzaladı

Nazirlər Kabienti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə qərar verib.

ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar (bundan sonra – hərbi əməliyyatlar) zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həllinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılıb:

Komissiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri

Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.

Komissiyaya aşağıdakılar tapşırılıb:

2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada aşağıdakıları təmin etsin:

xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini;

əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsini;

əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini;

əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsini;

əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsini;

bu Qərarın 2.1-ci bəndindən irəli gələn tədbirlərin birgə həyata keçirilməsi üçün bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarının nümayəndələrindən, mütəxəssislərdən, o cümlədən ekspertlərdən ibarət işçi qrupların yaradılmasını təmin etsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.