Azərbaycan və İsveç parlamentləri arasında əməkdaşlığın inkişafı yolları müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına səfəri çərçivəsində bu ölkənin parlamentinin birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb.

ONN media xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda, parlament diplomatiyasının və parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğu bildirilib.

Söhbət zamanı 2017-ci ilin Azərbaycan və İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu qeyd olunub və bu müddət ərzində ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan siyasi dialoqun formalaşdığı vurğulanıb.

Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verib, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir yolu xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb.

İqtisadi münasibətlərə gəldikdə isə tərəflər İsveç şirkətlərinin Azərbaycanda fəaliyyətini təqdir edərək qarşılıqlı sərmayələrin artırılmasının vacibliyini qeyd ediblər. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu vurğulayıblar.

Söhbət zamanı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində oynadığı rola da toxunulub.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Məlumat AZƏRTAa istinadən verilib