ONN İnformasiya Agentliyi

Dünya liderləri İlham Əliyevi təbrik edir

Dünya liderləri İlham Əliyevi təbrik edir
27 May 2023 - 20:55

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ONN media məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

***

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, hökumətinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin ölkəniz bu əlamətdar günü ümummilli birliyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.

Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcəkdir.

Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm.

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm”.

***

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına ən səmimi salamlarımı çatdırmaq istəyirəm.

Yoxsulluq və bərabərsizlikdən tutmuş, silahlı münaqişə və iqlim dəyişikliyinə qədər dünyamızın üzləşdiyi təhdidlər həmrəyliyə, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan birgə fəaliyyət tələb edir.

Daha yaxşı gələcəyə nail olmaq üçün hər bir ölkə öz milli hüdudlarından kənar aləmi də görməyi bacarmalı və harada yaşamasından asılı olmayaraq bütün xalqlar üçün sülhü, insan hüquqlarını, firavanlıq və davamlı inkişafı daha da möhkəmləndirmək səylərini dəstəkləməlidir.

Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü qeyd edən Azərbaycan Respublikasının bütün xalqına qoşulur. Biz xalqlar və bütövlükdə planetimiz üçün daha yaxşı, daha sağlam və daha təhlükəsiz gələcəyi təmin etmək uğrunda birgə fəaliyyətimizi davam etdirməyi arzulayırıq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

Son illər ərzində ölkələrimiz arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə fəallaşmasını, yeni məzmunla zənginləşməsini qeyd etmək fərəhlidir. Əminik ki, Türkmənistan və Azərbaycan Respublikası arasında dostluq, mehriban qonşuluq əlaqələri ümumi rifah naminə bundan sonra da artan xətt üzrə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram”.

***

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və xalqınıza təbriklərimi çatdırır, hamınıza sülh və firavanlıq arzulayıram.

Litvaya son səfərinizdə Sizinlə görüşməkdən çox məmnun oldum. Mən bizim iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi də daxil olmaqla əməkdaşlığımızın geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə bağlı apardığımız müzakirələrimizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu səfər Sizin üçün də məhsuldar olub və Vilnüsdə imzalanmış müqavilələr ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına geniş imkanlar açacaqdır.

Litva ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur. Litva Avropa İttifaqının Azərbaycanla dialoqunun inkişafına güclü dəstək verir. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bizim tərəfdaşlığımız daha da əhəmiyyətlidir. Ümidvaram ki, Ukrayna qalib gələnə qədər ona hərtərəfli dəstək vermək və Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsini təmin etmək istiqamətində əməkdaşlıq fəaliyyətimizi davam etdirəcəyik.

İcazə verin, ikitərəfli qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edim. Litva ilə Azərbaycan arasında informasiya texnologiyaları, istehsal, qida sənayesi və bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

***

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təhlükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac yaradır.

Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edəcəkdir.

***

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan Respublikasına və onun xalqına əbədi sülh və firavanlıq arzulayıram.

Latviya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı marağa əsaslanan konstruktiv münasibətlər formalaşıb. Sizinlə Bakıda keçirilən son görüşümüzü və fikir mübadiləmizi, eləcə də bu ilin yazında Qlobal Bakı Forumunda iştirakımı ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, ikitərəfli və çoxtərəfli gündəliyimizin daha da inkişafı üçün biz bu müsbət ənənəni uğurla davam etdirəcəyik.

Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin şahidi olduğumuz bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsipinə əsaslanaraq beynəlxalq təhlükəsizliyi qorumaq üçün birgə çalışmaq həmişəkindən daha vacibdir.

Əminəm ki, biz birlikdə çalışmaqla xalqlarımızın sülh və təhlükəsizlik şəraitində inkişafını təmin edəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı bildirir, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və rifah arzulayıram”.

***

Bruney Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da inkişafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq nəsib etsin!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.

***

Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Malta xalqı ilə birlikdə Sizə və xalqınıza səmimi təbriklərimizi çatdırırıq.

Malta Respublikası ilə Azərbaycan Respublikası arasında uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirmək üçün bundan sonra da birgə çalışacaqlar.

Malta Azərbaycan ilə regional və çoxtərəfli müstəvidə, o cümlədən BMT və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində sıx əlaqələri dəstəkləməkdə davam edir.

Qlobal sülhün, təhlükəsizliyin və rifahın təşviqinə sadiq olan Malta hazırda beynəlxalq ictimaiyyətin üzləşdiyi bir sıra çağırışların həlli yollarının tapılacağına inanır. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta təşkilatın Nizamnaməsinin əsas prinsiplərini dəstəkləməklə belə çağırışlara qarşı mübarizədə öz rolunu oynamaqda qərarlıdır.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

***

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən xoş və səmimi arzularımı çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Fürsətdən istifadə edərək bir daha bildirirəm ki, keçən ilin noyabrında Sizin Tiranaya dövlət səfəriniz mənim üçün və alban xalqı üçün məmnunluq doğuran böyük şərəf idi.

Bu səfərin əhəmiyyəti və müzakirə olunan məsələlər ölkələrimiz, xalqlarımız arasında əla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Mən böyük məmnunluqla qeyd edirəm ki, son illərdə qarşılıqlı maraq doğuran sahələrdə dinamik inkişaf müşahidə olunur.

Cənab Prezident, Sizinlə tezliklə görüşmək arzumu bir daha bildirirəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə demək istəyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Böyük geosiyasi dəyişikliklər, eləcə də siyasi və iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, o cümlədən xarici siyasətinə anlayış və hörmət göstərmək son dərəcə vacibdir.

Sizin müdrikliyiniz və xarizmanız ölkənizi, xalqınızı tərəqqi yolu ilə irəliyə aparır və onilliklərdir ki, xalqınızın etimadını doğruldursunuz. Bu, təqdirəlayiq və hörmət ediləsi bir həqiqətdir.

Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edəcək və möhkəmlənəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.

Möhtərəm Prezident, icazə verin, Sizə bir daha dərin minnətdarlığımı, möhkəm cansağlığı, eləcə də dost Azərbaycan xalqının firavanlığı və inkişafı naminə xoş arzularımı çatdırım”, – təbrikdə qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png