İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

ONN media fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012, № 12, maddələr 1937, 1953; 2020, № 3, maddə 254; 2022, № 5, maddə 445, № 8, maddə 846; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 mart tarixli 2061 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.3-cü bənddə “və onun 3 (üç) müavini həyata keçirir;” sözləri “həyata keçirir.” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:“İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) müavini vardır;”;

1.2. 3.5-ci bəndə “ayırmalar,” sözündən sonra “icbari tibbi sığorta fondundan ayırmalar,” sözləri əlavə edilsin;

1.3. 6.5.7-ci yarımbənd ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təklifləri əsasında dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Prezident İlham Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.Fərmanda deyilir:

1. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi:

3.1. strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Prezident İlham Əliyev Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir:

1. Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.