ONN İnformasiya Agentliyi

İlham Əliyev komanda verdi: Hazırlaşın!

İlham Əliyev komanda verdi: Hazırlaşın!
11 Yanvar 2024 - 11:54

Prezident İlham Əliyev heç vaxt təsadüfən söz demir, müsahibə vermir – xüsusilə yerli mediaya. Əgər müsahibə verirsə, demək, xalqa ciddi mesajı var.

İlham Əliyevin 2024-cü ilin ilk ongünlüyünün tamamında verdiyi müsahibə də bu sıradandır və qətiyyən sıradan deyil: 3 saatlıq müsahibədə işlətdiyi bütün ifadələri, jestləri, ritorikası ilə olduqca mühüm və tariximizə yazılacaq, yeni tariximizi yazacaq səhifənin sorağını verdi.

Nələr dedi?

İnanılmaz qədər mütəvazi şəkildə 20 illik dövrə yekun vurdu: son 4 ilə yaxın bir müddətdə qanqaynadan, ruhu ayaqda tutan pafosdan məharətlə istifadə edirdi – çünki torpaqların işğaldan azad edilməsi, ərazi bütövlüyünün, suverenliyinin tam bərpası üçün taleyüklü və tarixi bir missiyanı yerinə yetirirdi və xalqı məhz Dəmir Yumruq kimi ayaqda tutmalıydı.

Ancaq indi bu mərhələnin bitdiyini açıq şəkildə elan etdi: Tarixi Zəfəri istismar etməməyi əmr etdi… Bəli, məhz Ali Baş Komandan kimi əmr etdi. Bundan sonra, məcazi desək, min il Tarixi Zəfərə sığınıb, hakimiyyətdə qala biləcəyini dəqiq anladığını göstərdi, ancaq rəsmən komandasına bu istismarı – halbuki bu, qətiyyən sui-istifadə deyil, tarixi haqqıdır, milli haqqıdır, halal haqqıdır – qadağan etdi.

Həm də sübut etdi ki, tarixin kəsimlərindən maksimum istifadə etməyi bacardığı qədər də zamanı dəyərləndirən və psixoloji halı qiymətləndirməyi bacaran böyük filosofdur.

İlham Əliyev bilir ki, xalqın yaşaması, inkişafı üçün ilk növbədə passionarlığını saxlaması vacibdir: tənbəllik olmaz, arxayınlaşmaq qəti olmaz, qürurlanıb, Tarixi Zəfərin kölgəsində mürgiləmək isə faciələrə səbəb ola bilər.

İlham Əliyev xalqı məhz buna çağırdı: arxayınlaşmayın, tənbəlləşməyin, hansı zamanda, hansı qonşular içərisində, necə şəraitdə yaşadığınızı unutmayın.

2020-ci il zəfərinin dərhal ardından hansı addımlar atdığına üstüörtülü işarə etdi: ordunun inkişafı elə 10 noyabrdan davam etdi, yeni, müasir birliklər yaradıldı: 2021 may, 2022 və 2023-ün sentyabr sürətli əməliyyatlarını məhv yeni qüvvələrin həyata keçirdiyini bircə cümlə ilə anlatdı.

Nə anladıq?

İnsan o qədər yaradıcı, o qədər strateq, o qədər passionar və böyük nüvəyə sahibdir ki, bir an da dayanmır: ən böyük qələbənin qeyd olunduğu gün artıq yeni hədəfi təkcə müəyyən etmir, həm də onun dərhal icrası üçün fəaliyyətə başlayır.

Ona görə Azərbaycanda qələbələr, tarixi günlər bir-birini əvəz edir və biz “ayıla bilmirik”: çünki az qala yaşadığımız hər gün tariximizin şərəfli səhifəsinə çevrilir. İlham Əliyev məhz “ayılmağımızı” tapşırdı, məhz tariximizə yazılan şərəfli səhifədə ilişib qalmamağı, bu səhifəni çevirib, yeni səhifədən tarix yazmağa səslədi bizi.

Mayak, nümunə, etalon isə özüdür: iş rejimi ilə, diplomatiyası ilə, qurduğu münasibətlərlə…

Anlatdı ki, Azərbaycan üçün taleyüklü məsələdə qərar verəndə zəng edəcəyim yeganə şəxs Ərdoğandır – qardaşımdır; Türkiyədir – Azərbaycanın qardaşıdır!

Anlatdı, daha doğrusu, bəlkə də ilk dəfə idi bu qədər açıq şəkildə adı ilə deyirdi – politoloqlar, ziyalılar, siyasətçilər – yeni dövrü təhlil etməli, strategiyasının hazırlanmasında iştirak etməlidir.

Siz doğrudanmı elə sandınız ki, İlham Əliyevin buna ehtiyacı var?

Qətiyyən! O artıq 20 ilə yekun vurdu, seçkiləri də bu yekun üçün qabağa çəkdi; O artıq yeni tarix yazmağa hazırlaşır – adım kimi əminəm – artıq Yol Xəritəsi deyil də, konkret strategiyası var: əmin, inamlı tərzdə, həm də xoşgörü ilə yeni mərhələyə nə qədər yüksək səviyyədə hazır olduğunu bizə başa saldı.

Sadəcə, politoloqlara, ziyalılara səsləndi ki… Özünün müəyyən etdiyi yeni strategiya, milli hədəflərə köklənsinlər və düşüncələrini də bu istiqamətə yönəltsinlər; yeni dövrün tələblərini anlasınlar və təbliğatda vintcik rolunu oynaya bilsinlər.

Nəyi başa saldı?

Yeni milli hədəflər üçün qorxularımız varmış: Avropaya qaz satışımıza embarqo, sanksiyalar, insan haqları və digər məsələlərin bəhanəsi ilə təzyiqlər…

İzah etdi ki, Avropaya qaz satışına qadağa qoya bilməzlər – əks halda ölkəmizlə müqavilə imzalayan şirkətlər yüzmilyonlar, milyardlarla kompensasiya verməli olar;

İzah etdi ki, Azərbaycanın qaz satışından əldə etdiyi gəlir siz düşündüyünüz səviyyədə deyil – hətta bu gəlir dayansa, vətəndaşlarımız bunu hiss etməyəcək. Ancaq Avropa bizdən qaz almasa, bəzi ölkələr “donacaq” – həm siyasi, həm də müstəqim mənada…

İzah etdi ki, haqq, ədalət və hüquqa əsaslanır gücümüz; başa saldı ki, ölkənin xarici iqtisadi əlaqələri də elə qurulub ki, enerji satışımızı dayandırmaqla bizə təzyiq etmələri mümkün deyil, əksinə, bu “enerji əlaqələri” Azərbaycanın etibarlı tərəfdaş olaraq nüfuzunu, dostlarının sayını və mövqelərini beynəlxalq müstəvidə gücləndirir.

Əliyev elə bir strategiya qurub ki, bu əlaqələr əksimizə çevrilə bilməz!

Nə gördük?

Bir daha gördük ki, İlham Əliyev təkcə mahir siyasətçi, diplomat, dövrümüzün beynəlxalq səviyyəli siyasətçisi yox, həm də güclü yumar hissinə malik son dərəcə hazırcavab şəxsdir.

Sərhəddən qoşunları geri çəkməklə bağlı hansısa liderin zəngini xatırladanda bu, bir daha çılpaqlığı ilə üzə çıxdı.

“Hara çəkilək?”

“Hardan gəlmisiniz, ora!”

“Biz Bakıdan gəlmişik… Ora çəkilək? Biz 30 il orda olmamışıq, sərhəd hardadırsa, göstərin, ora çəkilək”!

Əliyev bilirdi o sərhədi göstərən olmayacaq – çünki yoxdur o sərhəd. Ancaq bunun ifadə tərzi, sərt və peşəkar diplomatik ifadəsi möhtəşəmdir!

Son 100 ildə çox nadir siyasətçilər olub ki, ən sərt mövqelərini son dərəcə incə-satirik diplomatiya ilə ifadə edərək, ən güclü rəqiblərini belə masada tərk-silah edib. Bəzən onların deyimləri “beynəlxalq status” da alıb, indi də işlədilir və yəqin, dünya durduqca qalacaq. Məsələn, Çörçill!

Görünür, 21-ci əsr üçün bu ad İlham Əliyev olacaq – incə, sərrast, milli maraqlardan “bir santim” geri çəkilməyən diplomatiyanın ən yüksək səviyyədə hazırcavablıqla ifadəsi!

Nələri açıqladı?

1970-ci illərin xəritələri üzərində erməni tərəfinin manipulyasiyalarına tam aydınlıq gətirdi – tam-tamına!

Bəlkə də media bu vaxta qədər ən ağıllı şəxslərdə, politoloqlardan, ziyalılardan, tarix bilicilərindən onlarla, yüzlərlə açıqlama alıb, İrəvanın niyə bu xəritələrdə israr etdiyinin səbəbini öyrənməyə çalışıb.

Belə məlum olur ki, İlham Əliyev bütün bunlardan xəbərdardır və bəzi mətləbləri açmağa ehtiyac hiss etdi.

Ermənistanın “70-ci illər xəritəsi” cəhdinin üstündən qırmızı xətt çəkdi! Səbəbini də izah etdi: ya siyasi – 1918-ci il 28 may və ya 1920-ci il 28 aprel, ya xronoloji, ya da heç bir xəritə, yerlərdə qarış-qarış müəyyənləşdirməklə!

O cümlədən sülhdən danışdı: sülh olmaya da bilər, onda Ermənistan dalan ölkə olaraq qalacaq və Azərbaycanın “B Planı” var.

Amma təkcə “B” deyil – İlham Əliyev “v”si, “q”si… də var – çünki Əliyev yeni dünya düzəninin hazırda formalaşdırılan ƏLİFBAsının yaradıcıları sırasında rol alır – bu “əlifba”nın “a”sından başqa heç bir hərf tanımayanlara dərs deyə bilər – zatən diplomatlara hələ çox gənc yaşında dərs deyib!

Nə nəticə çıxarmalıyıq?

İlham Əliyev elan etdi: tarixi zəfər missiyası tamamlandı, sərhədlərimizə çıxdıq, ərazimizi tam bərpa etdik, Qarabağ yarasını ermənilərlə birgə – heç kəsin ağlının ucundan keçməyəcək səviyyədə – kəsib atdıq, indi o əraziləri “müalicə” edirik, bərpa edirik, qururuq, yaradırıq, köçürük; anklavlara da köçəcəyik, orda da yaşayacağıq…

İlham Əliyev elan etdi: yeni tarixi səhifə açılır və bu, Azərbaycanın sərhədlərindən kənara çıxmasıdır. Müasir tarixdə bir ilkə imza ataraq, ərazi mübahisəsini ən yüksək səviyyədə, unitarlığını qorumaqla bərpa edən Azərbaycan tarixində ilk dəfə sərhədlərini aşır – gücü ilə, ordusu ilə, iqtisadiyyatı ilə, siyasəti ilə!

İlham Əliyev Azərbaycanın regional iddiasını ilk dəfə açıq şəkildə elan etdi və bütün cəmiyyəti buna çağırdı.

Azərbaycan gücünü qardaşı ilə birləşdirir və Xəzərin o tayından Qara və Aralığa qədər təsir dairəsi yaradır…

Yeni möhtəşəm tariximiz başlayır!

Tanrı Əliyevi bu arzusuna çatdırsın!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png