ONN İnformasiya Agentliyi

İlham Əliyev Katrin Bombergeri qəbul edib – YENİLƏNİB

İlham Əliyev Katrin Bombergeri qəbul edib – YENİLƏNİB
04 Aprel 2022 - 15:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.

Dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb.

Dövlətimizin başçısı bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğunu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığını və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev itkin düşmüş şəxslər məsələsinin daim dövlətimizin gündəliyində olduğunu, bunun Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla da müzakirə edildiyini vurğulayıb.

Azərbaycanın bu sahədə texniki imkanlarını genişləndirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizdə yeni modul laboratoriyaların qurulduğunu, xüsusi dron uçuş aparatlarının və digər ləvazimatların alındığını, cəlb olunmuş mütəxəssislərin peşə qabiliyyətlərinin artırıldığını diqqətə çatdırıb. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın təcrübəsinin və imkanlarının ölkəmiz üçün çox vacib olduğunu qeyd edib, bu komissiyanın dünyanın müxtəlif ölkələrində uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Katrin Bomberger itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Qeyd edib ki, təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbi Balkanlarda genişmiqyaslı fəaliyyət göstərib və itkin düşmüş hesab olunan minlərlə insanın taleyini müəyyən edərək onların ailəsinə məlumat verilməsində öz rolunu oynayıb.

DNT analiz nümunələrinin toplanması və laborator analizlər vasitəsilə insanların şəxsiyyətinin müəyyən edilməsinin vacibliyini bildirən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, kütləvi məzarlıqlarda birgə qazıntıların aparılması, yerli mütəxəsslərinin peşəkarlıqlarının artırılması kimi işlərə öz töhfəsini verməyə hazır olduğunu deyib. O, əlavə edib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi etimadın yaradılması və davamlı sülhün təmin edilməsi baxımından vacibdir.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyini və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlığa dair niyyət protokolunun imzalanacağını və praktiki işə başlayacaqlarını diqqətə çatdırıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bombergeri qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png