İstanbulda Metsamor AES-in təhlükələrindən danışıldı

İstanbulda İğdırın erməni işğalından azad olunmasının 97-ci ildönümü ilə əlaqədar və “Stop-Metsamor” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İğdırlılar Dərnəyinin təşkil etdiyi tədbir Türkiyənin istiqlal marşının oxunması ilə başlanıb.

Sonra Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İğdırlılar Dərnəyinin sədri Hadi Akmugan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, tədqiqatçı-yazıçı Mətin Yıldırım və AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtı tədbirdə çıxış ediblər.

Hadi Akmugan rəhbərlik etdiyi təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Sonra İğdırın sosial həyatı və “Metsamor” AES-in bölgəyə yaratdığı təhlükəni əks etdirən film nümayiş olunub.

Mətin Yıldırım Ermənistan silahlı qüvvələrinin XX əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə törətdikləri soyqırımları barədə iştirakçılara məlumat verib. O diqqətə çatdırıb ki, Xocalı soyqırımı erməni cəlladların türk-müsəlman dünyasına qarşı düşmənçilik münasibətlərinin bariz nümunəsidir.

Səfər Qaraqoyunlu “Metsamor” Atom Elektrik Stansiyasının bölgə üçün yaratdığı təhlükədən danışıb, faktlar əsasında məlumat verib.

Ermənilərin zaman-zaman Azərbaycanda və Türkiyədə törətdikləri soyqırımı, terror aktları ilə “Metsamor” AES arasındakı əlaqələrdən danışan Sabir Şahtaxtı əsaslandırıb ki, ermənilər tərəfindən bu vaxta qədər törədilən bütün təcavüzkarlıq əməlləri və “Metsamor” təhdidi uydurma “Böyük Ermənistan” iddiasının tərkib hissəsidir.

Çıxışlarda diqqətə çatdırılıb ki, XX əsrin əvvəlində ulu öndər Mustafa Kamal Atatürk Türkiyəni məhv olmaqdan xilas etdiyi kimi Azərbaycanın Naxçıvan bölgəsinin də düşmən əlinə keçməsinə imkan verməyib. Ötən əsrin sonunda Naxçıvan yenidən işğal təhlükəsi ilə üz-üzə dayananda ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyası ilə Naxçıvanın köməyinə çatıb. Bundan başqa, ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə Türkiyənin şərq bölgəsi və Naxçıvanın kompleks inkişafını təmin edən tarixi qərarlar qəbul edib. Bütün bu xidmətlər Azərbaycanda və Türkiyədə böyük rəğbətlə xatırlanır. İndi isə bu bölgə “Metsamor” AES-lə bağlı ekoloji fəlakətlə üz-üzədir.

Toplantıda qərar alınıb ki, “Metsamor” AES-in qanunsuz fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatlara, eləcə də Azərbaycan, Türkiyə və İran hökumətlərinə müraciət ünvanlansın, yaranmış təhlükənin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi tələb edilsin.

Məlumat AZƏRTAC-a istinadən yerləşdirilib ONNmedia