Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi təsdiq edildi

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Fərmanda “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilir.

Mənzil İnşaatı Dövlət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

– Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
– icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
– Agentliyin yenidən təşkili və ləğvi;
– təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
– illik maliyyə hesabatlarının təsdiq edilməsi;
– xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

Agentliyə:

– Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, strukturunun təsdiq olunması.

Müəyyən edilir ki, Agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100 milyon manat təşkil edir; Agentliyin idarəetmə orqanı 3 üzvdən ibarət İdarə Heyətidir. Agentliyin İdarə Heyəti sədrinin və onun iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir; bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnamənin 2.2.4-cü, 2.2.5-ci, 2.2.7-ci, 2.2.8-ci, 3.1.4-cü, 3.1.6 – 3.1.9-cu, 3.1.11-ci, 3.1.13-cü, 3.1.14-cü, 3.1.16-cı və 3.1.17-ci yarımbəndləri ilə müəyyən edilən Agentliyin səlahiyyətləri “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan torpaq sahələrinə münasibətdə də Agentlik tərəfindən həyata keçirilir.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra, “mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı dövlət əmlakı həmin Agentliyin balansına verilir.

Nazirlər Kabinetinə Agentliyin nizamnamə fondunun formalaşdırılması ilə bağlı məsələləri həll etmək; Azərbaycan Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli fərmanının 9.2-ci bəndində nəzərdə tutulan tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etmək; Azərbaycan Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq mənzillərin əvəzləşdirilməsinə yol verilən halları, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etmək; Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Agentlik dövlət qeydiyyatına alındığı gündən üç ay müddətində bu fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, “mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Agentliyə tapşırılıt ki, dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etsin; dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat versin; strukturunu, işçilərinin say həddini, əməyin ödənilməsi formaları və miqdarını, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, bir ay müddətində təsdiq etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli fərmanında 1-4-cü hissələr ləğv edilir; 9.1-9.3-cü, 10.1-ci və 10.2-ci bəndlər aşağıdakı redaksiyada verilir:

“9.1. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilir;

9.2. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir;

9.3. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahələrində müvafiq tikinti layihəsi əsasında yaşayış binalarının və digər tikinti obyektlərinin inşasını öhdəsinə götürmüş investorlarla, habelə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçıları ilə bağlanacaq müqavilələrin yerinə yetirilməsinin təminatı məqsədi ilə, işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən edilən və investorlarla və ya podratçılarla bağlanılan müqavilələrdə əks olunan məbləğdə bank zəmanəti tələb edilir.”;

“10.1. ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında həmin Agentliyin sərəncamına verilməsini təmin etsin;

10.2. xüsusi və ya bələdiyyə mülkiyyətində olan və ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına və ictimai-işgüzar zonalara aid edilən torpaq sahələrinin mülki-hüquqi müqavilə əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlətin xeyrinə əldə edilərək Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilməsinin mümkünlüyünü həmin Agentliyin təklifləri əsasında müəyyənləşdirsin;”