ONN İnformasiya Agentliyi

Nazirlərin görüşü çətin ki, status-kvonu dəyişə -Müharibə riski yeni ilə adlayır

Nazirlərin görüşü çətin ki, status-kvonu dəyişə -Müharibə riski yeni ilə adlayır
02 Dekabr 2017 - 10:23

2017-ci ilin son ayına daxil olmuşuq. Bu il regional miqyasda xeyli dərəcədə təzadlı, kritik keçməklə, yaxın ətrafımızda yeni qanlı savaşlarla yadda qalsa da, konkret olaraq, Dağlıq Qarabağ konfliktinin həlli baxımından hansısa ciddi hərəkətliliyin olmaması ilə tarixə düşdü. Hər halda, qalan bir ayda möcüzə baş verməyəcəyi aydındır. Bu ay olsa-olsa, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin daha bir, akkord görüşü baş tuta bilər ki, bu da çətin ki, mövcud durumu dəyişsin.

Beləcə, Qarabağ münaqişəsi üçün 2017 növbəti itirilmiş il kimi qeyd oluna bilər. Başa çatmaqda olan ildə Azərbaycan və Ermənistan prezidentlərin cəmi bircə dəfə – Cenevrədə reallaşan görüşü nəzərə alınmazasa, konfliktin çözümü yönündə heç bir real təşəbbüs göstərilmədi. Azərbaycan torpaqlarının işğalı daha bir il uzandı. Bu da o anlama gəlir ki, müharibə ehtimalı bütün ciddiliyi ilə növbəti ilə adlayır.

Lakin ATƏT-in Minsk Qrupu həmsədrlərinin problemə indiki yanaşma tərzi qalarsa, gələn ilin də əvvəlkindən fərqlənməyəcəyini artıq indidən söyləmək olar. Məsələ ondadır ki, məhz vasitəçi dövlətlərin, xüsusən də Rusiyanın işğalçıya heç bir təsir və təzyiq göstərməməsi, onu işğalçı kimi tanımaması, əksinə, işğalçı ilə işğala məruz qalan tərəfə – Azərbaycana bərabər gözlə baxılması, Dağlıq Qarabağdakı separatçı rejimə gizli-açıq təəssübkeşliyin və yardımların davam eləməsi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrinin isə qulaqardı olunması təcavüzkarı daha da şirnikləndirib, onu arxayın salıb. Təbii ki, xristian amili də öz sözünü deməkdə davam edir.

Bu mənada birmənalı şəkildə qeyd eləmək olar ki, işğal rejiminin daha bir il uzanmasının əsas baiskarı məhz beynəlxalq hüququ iqnor edən vasitəçi dövlətlərdir. Çox maraqlıdır ki, postsovet məkanında, Avropada (İspaniya), İraqda separatçı hərəkatlara neqativ münasibətdə olan Qərb erməni işğalına və separatçılığına gələndə kifayət qədər fərqli yanaşma sərgiləyir, hətta Krımın işğalına görə sanksiyalar tətbiq elədiyi Rusiya ilə ortaq yanaşma ortaya qoyur, erməni separatizminə simpatiyasını gizlətmir.

Yaranmış durumda təbii ki, Azərbaycan üçün dost-müttəfiq ölkələrin önəmi günbəgün artır. Xüsusən də bizim strateji hərbi əməkdaşlıq içində olduğumuz ölkələrlə – qardaş Türkiyə və Pakistanla, İsraillə əlaqələri daha da dərinləşdirmək zərurəti imperativə çevrilməkdədir. Çünki yalnız hərbi və iqtisadi cəhətcə qüdrətli Azərbaycan dost-müttəfiq dövlətlərlə ittifaqda hansısa təslimçi həll variantına uğurla dirəniş göstərə və məqbul şərtlər yetişən kimi öz ərazilərini silah gücünə işğaldan azad edə bilər.

Bu mənada son vaxtlar ələlxüsus da Türkiyə və Pakistanla ittifaqın güclənməsi, o sırada hətta ortaq hərbi müəssisələrin yaradılması barədə iki gün öncə Bakıda üç ölkənin xarici işlər nazirləri səviyyəsində ilkin anlaşma əldə olunması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, həm də işğalçıya və onun arxasında duran gizli-açıq havadarlara Bakının öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacağı haqda xəbərdarlıq mesajıdır təbii ki.

Siyasi ekspertlər də belə bir məqama diqqət çəkir, ortaq hərbi əməkdaşlığın digər formalarının vacibliyini vurğulayırlar.

Məsələn, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, artıq Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması prosesinə başlanılmalıdır (Axar.az). Dağlıq Qarabağ məsələsinin həllinin asan olmayacağını deyən politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanın haqlı davasını sadəcə diplomatik yolla müzakirə etməklə kifayətlənməməlidir.

“Türkiyə Dağlıq Qarabağ problemini açıq şəkildə Rusiyanın qarşısında öz tələblərindən biri kimi qoymalıdır. Yəni Ankara tərəfindən hazırkından da ciddi bir siyasi iradənin nümayiş etdirilməsinə ehtiyac var. Problemin 4 və ya 5-ci məsələ kimi qaldırılması, əlbəttə ki, Rusiya tərəfindən lazımı şəkildə qarşılanmayacaq. Türkiyə aktiv şəkildə Azərbaycanın hərbi cəhətdən güclənməsinə kömək etməli və ordumuzun hazırlanmasında fəallığını artırmalıdır. Xüsusi təyinatlıların hazırlanmasında qardaş ölkənin təcrübəsi böyükdür, ona görə də bu sahədə də ölkəmizə yaxından dəstək verilməlidir”, – deyə o qeyd edib.

Ekspertə görə, Türkiyənin elə silahları var ki, artıq onların Azərbaycana verilməsi prosesi sürətləndirilməlidir: “Ən əsası isə Türkiyə Azərbaycanda, xüsusilə də Naxçıvanda öz hərbi bazasını yaratmalıdır. Hazırda bu prosesin başlanmasına çox böyük ehtiyac var”. Politoloq bu fonda daha mühüm bir məqama diqqət çəkərək, Türkiyə ilə Azərbaycan arasında hərbi saziş imzalanmasının vacibliyini də vurğulayıb.

Həm belə bir sazişin imzalanması, həm də düşmən üçün çəkindirici amil olacaq ölkəmizdə Türkiyə hərbi bazalarının yerləşdirilməsi Azərbaycanın halal haqqıdır. Çünki beynəlxalq hüquqa görə, Bakı istənilən üsulla məruz qaldığı təcavüzə qarşı çıxa və öz ərazi bütövlüyünü bərpa edə bilər. O ki qaldı NATO üzvü Türkiyənin Azərbaycanda hərbi baza qurmasının mümkünsüzlüyünə, əgər qardaş ölkə NATO üzvü olmayan Qətərdə belə bazalara saxlayırsa, demək, Azərbaycanda da mümkündür.

Ümid edək ki, 2018-ci ildə nəhayət ki, hər iki məsələ öz müsbət həllini tapacaq. Bunun üçün artıq əlverişli siyasi zəmin də yaranıb. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyətinin təzəcə başa çatan iki günlük Bakı səfəri də bunu bir daha təsdiqlədi. Xəbər verildiyi kimi, ikitərəfli görüşdə qardaş ölkələr arasında hərbi-texniki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

Söhbət həm də Azərbaycan Ordusunun döyüş hazırlığını artırmaq üçün türkiyəli hərbi mütəxəssislərin potensialından geniş istifadə olunmasından, ortaq hərbi təlimlərin sayının artırılmasından, xüsusən də qardaş ölkənin hərbi-hava qüvvələri sahəsində malik olduğu böyük təcrübəni bölüşməkdən gedir. Bu isə dağlıq ərazi olan Qarabağda uğurlu hərbi əməliyyatlar üçün xüsusi önəm kəsb edir.(musavat.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png