Koronavirus gələn il yenə qayıdacaq?

Yaz aylarında insanın immuniteti zəifləyir və məhz bu səbəbdən virus xəstəliklərinə tutulanların sayı kəskin artır. Bu il biz yeni bir virusla qarşılaşmışıq. Bu COVİD-19-dur. Təəssüf ki, antibiotiklərlə müalicə olunan bakteriyal infeksiyalardan fərqli olaraq əksər virusların müalicəsi üçün xüsusi vasitələr yoxdur. Bu mənada respirator viruslar ən problemlidir. Onlar çox tez mutasiya olunur və bu səbəbdən onlara qarşı dərman və ya peyvənd hazırlamaq demək olar mümkün deyil. Virusun bir ştammına peyvənd hazırlayana qədər onun növbəti ştamları üzə çıxır. Koronavirus da belədir. Yeri gəlmişkən, koronavirus heç də yeni virus deyil. Hazırda dünyada yayılan COVID-19 koronavirusun yeni ştamıdır. ONN media bildirir ki, bəzi alimlərin fikrinə görə, qrip və soyuqdəymə virusları kimi koronavirus da, çox güman ki, bizimlə qalacaq və hər il müəyyən fəsillərdə yenə və yenə qayıdacaq. Biz koronavirusa, o da bizə öyrəşəcək və artıq koronavirusun mövsümi yayılması “faciə” kimi deyil, adi hal kimi qəbul olunmağa başlayacaq. Yəni adi qrip kimi.