Karantin dövrünü sağlam və sərfəli necə keçirək? -Psixoloq Aygün Ağabalayevadan MÜHÜM TÖVSİYƏLƏR/MÜSAHİBƏ

Dünyada və ölkəmizdə hər kəsin diqqət mərkəzində olan koronavirus pendamiyası mövzüsunda Harmoniya Psixologiya Mərkəzinin rəhbəri Aygün Ağabalayeva ilə ONN media -nın hazırladığı müsahibəni oxuculara təqdim edirik. Dünyada kəskin dərəcədə yayılan koronavirus pandemiyası səbəb ilə ölkəmizdə də xüsusi karantin rejimi tətbiq edildi. Fəal bir həyat tərzi sürən insanlar sağlam zehni qorumaq və karantin dövrünün sonuna qədər dözümlə öhtəsindən gəlmək üçün nə etməlidirlər? -Son zamanlarda koronavirus pandemiyası tək bizim ölkəni yox, bütün dünyanı narahat edən əsas məsələlərdən biridir. Bu günkü karantin vəziyyəti təbii ki, insanlara fərqli təsir göstərir. Çünki insanlar fərqlidir və insanların baş verən hadisəyə yanaşması da fərqlidir. Stresi yaradan nədir? Stresi yaradan da məhz insanın bu hadisəyə yanaşmasıdır. Hər bir problemdə olduğu kimi bu problemdə də insanların psixoloji yanaşması fərqlidir. Elə insanlar var ki, buna normal yanaşırlar, bütün verilən qaydalara riayət edirlər. Bilirlər ki, bu müvəqqəti bir haldır, keçib gedəcək. Elə insanlar var ki, həddindən artıq həssas yanaşırlar, panika keçirirlər. Hətta pəncərəni açmırlar ki, virus içəri girəcək. Elə insanlar da var ki, həddindən artıq laqeyd yanaşırlar. Onu da qeyd edək ki, müxtəlif insan tipləri var. Biri var paranoyak insanlar (bunu mən kliniki tərəfdən nəzərdə tutmuram). Bu insanlar gərgin insanlardır, hər şeyə şübhə ilə yanaşırlar.. Təsəvvür edin indiki durumda onlar necə olacaq? Şizoid tip insanlar var. Şizoid tip deyəndə şizofreniyanı nəzərdə tutmuruq. Sadəcə bu tip insanlar cəmiyyətdən kənar, qapalı olurlar. Çox sevinərlər ki, evdən bayıra çıxmasınlar, işlərini də evdən görsünlər. Təbii ki onlar normal insanlardır, sosial mühitdə işləyib pul qazanırlar. Sadəcə şəxsi xüsusiyyətləri özünə qapalı olmalarıdır. Təsəvvür edin ki, indi onlar necə sevinir və online olaraq bütün işlərini görürlər. Düzdür bəziləri deyir ki, “işim üçün, ofisim üçün darıxmışam”, amma daxilən sevinirlər ki, nə yaxşı belə durum var. Çünki onlar uşaqlıqdan belə həyat tərzini sevən insanlardır. Bəli, karantin günləri evə qapanma, insanların psixologiyasına müəyyən qədər təsir göstərəcək. Bu səbəbdən panik atak, depressiya, müxtəlif fobiyalar müşahidə oluna bilər. Amma bu durumu hamıya şamil etmək lazım deyil. Və hansı tədbirlər görülməlidir ki, insanlar bu duruma düşməsin? Karantin günləri uzandıqca insanlar daha da gərginləşirlər, infeksiyaya yoluxma qorxusu daha da artır, qeyri-müəyyənlik, vəziyyəti nəzarət altında saxlaya bilməyəcəklərı haqqında fikirlər stressi daha da artırır. Və ilk olaraq nəyə maraq göstərirlər? Yayılan informasiyalara. Bu informasiyalar özü insanlara fərqli təsir göstərir. Ən çox da vatsapda fərqli-fərqli göndərilən səslər. Hər bir insan eyni reaksiyanı vermir. Ən əsası onu vurğulamaq istəyirəm ki, insanlar informasiyaları rəsmi mənbələrdən əldə etsinlər. Gün ərzində, bütün günü yalnız bu informasiyaların üstündə qalmasınlar. Elə olur ki valideynlər eşitdikləri məlumatlara əsasən mənfi emosiyalarını övladlarının yanında saxlaya bilmirlər.Amma bu məqamda çox diqqətli olmaq lazımdır. Övladlarınızda qorxu və həyacanın artmasına səbabkar olmayın. Biz bilirik ki, bu müvəqqəti bir haldır, ömürlük olan bir şey deyil, hər şey öz qaydasına düşəcək. Əvvəllər düşünərdik ki, boş vaxtım olanda kitab oxuyardım, filmlər izləyərdim, fərqli-fərqli kurslarla maraqlanardım. İndi bu şərait var. Amma problem nədədir? İnsanlar adaptasiya olana qədər bir çox hallarda bunları etmək istəmir. Bütün bunlar normaldı və ilk adaptasiya müddətində olur. Həmin anda özünüzü məcbur edib bunları etməyə bilərsiniz.Hərəkət tələb edən işlə məşğul ola bilərsiniz. Eyvanı (balkonu) təmizləyib səliqəyə sala bilərsiniz, paltar dolabınızı yenidən yığa bilərsiniz. Bu aktiv işləri görəndən sonra insanlar rahatlanır. Sonra başqa-başqa işlərə keçə bilərsiniz. Özünüzü bu baxımdan yormayın, sadəcə biraz zaman lazımdır ki, adaptasiya olasınız. Həyatda elə şeylər var ki, insan onu çətinliklə qəbul edir, amma biz onlarla yaşamağı öyrənməliyik. Məsələn, insanın doğmasını itirməsi kimi. Amma karantin belə bir durum deyil, biz axı ömürlük belə yaşamayacağıq. Yenidən əvvəlki vəziyyət qayıdacaq, hər bir şey qaydasına düşəcək. İndiki vəziyyətdə biz evdəyik və bizə elə gəlir ki, “görəsən bu nə vaxt düzələcək?”. Amma ömrümüzün prizmasından baxanda bu çox müddət çəkməyəcək. Sadəcə həyatımızın üç, dörd, maksimum beş ayını aparmış olacaq. Psixoloji gərginlik yaşamamaq üçün nə etmək lazımdır? Deyirlər ki, psixoloqlar tez-tez rejim sözünü işlədir. Ancaq günün rejimi, günün qrafiki çox vacibdir. İnsan işini qayda ilə görəndə bu insanda daha da güvən artırır, vəziyyəti aydınlaşdırır, insan daha rahat öyrəşir. Bundan öncə də axı bizim rejimimiz olmuşdur. Bütün günü evdəyiksə, bu o demək deyil ki, səhər duranda penjama və ya xalat ilə gəzməliyik. Səhər duranda özünüzü qaydaya salın. Ailə ritmini qoruyub saxlayın. Düzdür, müəyyən dəyişikliklər edirik, amma bunları bir plan şəklində etsəniz onda sizdə “bütün günüm boş gedir” fikri yaranmayacaq. Günün müəyyən bir vaxtını övladınızla keçirin. Valideynlər deyir ki, bütün günü evdəyik onsuz, günümüzü uşaqla keçiririk. Uşaqla evdə olmaq ona vaxt ayırmaq demək deyil. Təbii ki uşağın özünün televizora baxan vaxtı da olacaq, komputerlə oynayan vaxtı da olacaq, özü oynayan vaxtı da olacaq, özü oxuyan vaxtı da olacaq . Ancaq mütləq şəkildə ailə olaraq da birlikdə müəyyən işlər görülməlidir. Və ən əsası hər bir insan özünə də vaxt ayırmalıdır. Belə olduğu halda münasibətlər arasındakı konfliktlərin də qarşısını almış olacaqsınız. Özünüzə vaxt ayırın deyəndə nələr nəzərdə tutula bilər… Həmin saatlarda bundan əvvəl hansısa bir iş ilə məşğul olmaq istəmisiniz, amma buna vaxt tapa bilməmisiniz. Bunlara misal olaraq
- hobbi ola bilər, hansısa musiqi alətində çalmağı öyrənə bilərsiniz…
- internetdə fərqli-fərqli kurslar …
- dünya muzeylərinə səyahətlər …
- ailəvi şəkildə rəqslər təşkil edə bilərsiniz…
- film izləmək olar…