Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi - AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenskini fikir ayrılıqlarını müzakirə etmək üçün Türkiyəyə dəvət edib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın məlumat verib .
Onun sözlərinə görə, Türkiyə Putin və Zelenski arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır .
“Prezident Ərdoğan hər iki lideri Türkiyəyə gələrək, aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət edib. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün hər cür rol oynamağa hazırdır”- o bildirib.
Bundan əlavə, Kalın bildirib ki, Türkiyə prezidenti yaxın həftələrdə Ukraynaya səfər etmək niyyətindədir.
“Eyni zamanda, biz ciddi nəticələrə səbəb olacaq hər hansı hərbi əməliyyatdan qaçmaq üçün Rusiya ilə sıx təmasda olacağıq”, - deyə Ərdoğanın sözçüsü əlavə edib.
