Gecə klubundakı partlayışda dəyən ziyanı kim ödəyəcək?
Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 13A ünvanında yerləşən “Location” gecə klubunda baş verən partlayış nəticəsində həm fiziki, həm də maddi cəhətdən vətəndaşlara ziyan dəydi. Gecə klubunun ətrafında dayanan avtomobillər, həmçinin mənzil və qeyri-yaşayış obyektləri ciddi ziyan gördü. Bəs görəsən, partlayış zamanı vətəndaşlara dəyən ziyanı kim qarşılamalıdır?
ONN media bildirir ki, bu barədə Axar.az-a açıqlama verən hüquqşünas İradə Cavadova bildirib ki, gecə klubunun sahibi tərəfindən əvvəlcədən təhlükəsizlik təmin edilməli idi.
“Düşünmürəm ki, hansısa vətəndaşa kompensasiya ödəniləcək. Praktikada belə hallar zamanı ziyan çəkən vətəndaşların hüquqlarının tam təmin olunduğunu müşahidə etmirik”, - o vurğulayıb.
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov isə deyib ki, bu hadisədə avtomobil sahibləri üçün nəqliyyat vasitələrinin icbari sığortası heç bir işə yaramayacaq:
“Bunun üçün mütləq partlayış baş verən klubun daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası olmalıdır. Əgər obyektin sığortası yoxdursa, bu zaman avtomobillərin kasko sığortasından bəhrələnmək olar. Bu sığorta da yoxdursa, o halda avtomobil sahibi dəymiş ziyanı məhkəmə qaydası ilə tələb edə bilər. Mənzil və digər obyektlərə dəymiş ziyan da eyni qayadada ödənilir. Fiziki şəxslərə dəymiş ziyan isə bu cür müəyyən edilir: əgər zərər çəkənlər çoxdursa, ümumi 50 min ödənilir və bu məbləğ ziyan çəkənlər arasında bölünür, ziyan çəkən yalnız bir şəxsdirsə, 5 min ödənilir”.
