Ölkədə bu şəxslərə də təqaüd veriləcək

Ölkədə bu şəxslərə də təqaüd veriləcək

Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur.

ONN media xəbər verir ki, bununla bağlı “Peşə təhsili haqqında” Qanunda dəyişiklik təklif edilir.

Dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitə sədri “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.

B.Əliyev bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir. “Bu dəyişiklik də Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb” – deyə o bildirib.

Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitə sədri gündəliyin 2-ci və 3-cü məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Geri qayıt