Bu gün “Çelsi” klubunun satışı reallaşacaq
İngiltərənin “Çelsi” futbol klubunun satışı yaxındır. Rusiyalı oliqarx Roman Abramoviç bu gün potensial alıcı ilə razılığa gələ bilər.
ONN media xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Abramoviç Todd Boli, Hansyorq Vissa və Mark Valterin rəhbəri olduğu Amerikanın “Boehly” konsorsiumu ilə müqavilə imzalaya bilər. Ehtimal olunur ki, tərəflər bu gün razılığa gələcəklər. Bu müqavilə “Çelsi” futbol klubuna nəzarəti ələ keçirmək üçün ilk addım olacaq. Çünki satış Böyük Britaniya hökuməti və İngiltərə Premyer Liqası tərəfindən təsdiqlənməlidir.
“Çelsi”nin nə qədər pula satılacağı hələlik məlum deyil, lakin qiymət, şübhəsiz ki, 2005-ci ildə “Mançester Yunayted”in 865 milyon dollara satın alınması ilə Qleyzer ailəsinin müəyyən etdiyi rekordu aşacaq.
Qeyd edək ki, ötən gün Abramoviç klubun satışı üçün tələb olunan qiyməti qaldırdığını inkar edib.
