Avropanın xüsusi nümayəndəsi Azərbaycana niyə gəlir? - AÇIQLAMA

Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi yaxın günlərdə Ermənistan və Azərbaycana səfər edəcək.
Belə bir bəyanatla Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin mətbuat katibi Barent Leyts çıxış edib.
O, Brüsselin Ermənistan-Azərbaycan münasibətlərinin tam nizamlanmasının zəruriliyini bir daha bəyan edib. Bildirib ki, bu məqsədlə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycan və Ermənistana səfər edəcək.
Barent Leyts açıqlamasında bildirib ki, Aİ-nin xüsusi nümayəndəsi Ermənistan və Azərbaycan hakimiyyəti ilə münasibətlərin normallaşdırılması üçün növbəti danışıqlar prosesini müzakirə etmək niyyətindədir.
Mətbuat katibinin sözlərinə görə, iki ölkə arasında münasibətlərin davamlı şəkildə normallaşması üçün bütün həll edilməmiş məsələləri həll etmək, həmçinin gələcək sülh müqaviləsinin müzakirələrini irəli aparmaq və münaqişənin əsas səbəblərini aradan qaldırmaq lazımdır.
Leyts vurğulayıb ki, hər hansı bir münaqişədə olduğu kimi, bu kontekstdə də terminologiya xüsusilə həssaslıq tələb edir.