Türkiyə: ABŞ doğurdanmı bir ovuc terrorçuya möhtac olub?!

Türkiyə ABŞ-ın Suriyadakı hərəkətlərini pisləyib. Vaşinqtonun bölgədəki terror təşkilatları ilə əməkdaşlığının yolverilməz olduğunu vurğulayıb.

ONN media xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın yaratdığı beynəlxalq koalisiyanın qeyri-effektiv olduğunu bəyan edərək, rəsmi Vaşinqtonun bölgədəki terror təşkilatları ilə əməkdaşlığını yolverilməz adlandırıb.

B.Yıldırım bildirib ki, ABŞ kimi bir ölkənin terrorçulara möhtac olması gülüncdür:

“Həqiqətənmi ABŞ, özünü dünya ölkələri içərisində ən güclülər sırasında gördüyünü bildirən hakimiyyət, güclü orduya malik ölkə bir ovuc terrorçuya möhtacdır? Türkiyənin sərhədi eyni zamanda NATO sərhədidir. Düşünürəm ki, NATO-nun sərhədini təhlükə mənbəyi kimi qəbul etmək sağlam fikir deyil. Bu qətiyyən izah edilən deyil. Bu birbaşa düşmənçiliyin açıq-aşkar təzahürüdür. Rəsmi Ankara heç bir halda belə bir planın həyata keçirilməsinə imkan yaratmayacaq. Arxasında hansı ölkənin dayanmasından asılı olmayaraq, bu plan heç vaxt baş verməyəcək".(Publika.az)